Bizim Yerin ekvatorunda dayanmış adam (və oradakı hər şey) saniyədə 465 metr sürətlə qərbdən şərqə doğru hərəkət edir. Yəni, Yer kürəsi ekvator boyu 1670 km/saatla fırlanır. Bu sürət Qütblərə doğru getdikcə azalır. Qütblərin təpəsində dayanmış adam sadəcə yerində dönmüş olur. Amma iş burasındadır ki, Qütb oxu son vaxtlar sürətlənərək, ildə təqribən 80 km. yerini dəyişir.
Gündəlik həyatımızda bunu nəzərə almasaq da, təyyarələrin uçuşunda mütləq nəzərə alınır. Qütb oxu yerdəyişməsinin belə sürətlənməsi, heç də yaxşı əlamət deyil. Çünki bu, müəyyən sərhədədək davam edə bilir, sonra birdən-birə Yer kürəsi “təpəsi üstdə” fırlanaraq, özünə yeni, stabil Qütb oxu “seçir”. Bu hadisə təqribən 12 000 ildən bir baş verir və həmin vaxt, anidən Buzlaşma dövrü başlayır. Bundan sonra da, dünyamızda hər şey yenidən başlanğıca, inkişaf dövrünə qədəm qoyur. Ehtimal olunur ki, həmin 12 000 illik döngə dövrü artıq yaxınlaşıb.
Yer isə Günəş ətrafında hər saniyədə 29, 8 km (107 200 km/saat) sürətlə uçmaqla, bir illik dövrəni 940 milyon km. məsafəni başa vurur. Günəşimiz də bizi başına toplayaraq Qalktikamızın – Saman (Süd) yolunun mərkəzi ətrafında 828 000 km/saatla (saniyədə 230 km) sürətlə uçur.
Qalaktikamızın özü də heç yerində dayanmayıb. Ümumiyyətlə, Kainatda sükunətdə olan nə isə tapmaq mümkün deyil. Qalaktikamızın Kainat mərkəzi ətrafında fırlanması, bizim ağlımıza sığmayan rəqəmlərlə ölçülməli olduğundan, bu məsələni qatlayıb arxivə göndərək. Amma o məlumdur ki, Qalaktikamız ən yaxında olan Andromeda qalaktikasına doğru 440 000 km/saatla uçur.
Andromeda da heç sakit dayanmadan bizim Qalaktikaya buynuz göstərərək, daha böyük hikkə ilə 2 000 000 km/saat sürətlə bizə tərəf hücumdadır. Biz isə Onu heç vecimizə almadan öz yolumuzla gedirik. Çünki aradakı məsafə o qədər fantastikdir ki, “buynuzlaşma” milyard illər sonra baş verəcək.
P.S. Sözün qısası, divanda yayxanıb telefonda “Tik-Tok”a baxa-baxa mürgüləyəndə, nə qədər böyük sürətlə uçduğunuzu təsəvvür edirsinizmi? İyi yolçuluqlar!
Mahir BAYRAM