“Krokus” konsert salonunun mühafizəsini təmin edən “Krokus profi” özəl mühafizə şirkətinin lisenziyası geri alınıb.
Bu barədə “RİA Novosti” məlumat verib.
Belə ki, 24 aprel tarixində, terror aktından bir ay sonra, vergi orqanları müəssisənin lisenziyasının geri alındığına dair məlumatları qeydə alıb.
Qeyd edək ki, 22 mart 2024-cü ildə Moskva yaxınlığındakı Krasnoqorsk şəhərində yerləşən “Krokus” konsert salonunda ağır terror aktı baş verib. Hadisə yerli vaxtla saat 19:00 radələrində, məşhur “Piknik” qrupunun konsertindən əvvəl baş verib.
Dörd silahlı şəxs konsert salonuna daxil olaraq atəş açıb və ardınca binanı yandırıblar. Nəticədə yaranan yanğın və atışma çoxsaylı insan tələfatına və yaralanmalara səbəb olub. Son məlumatlara görə, terror aktının qurbanlarının sayı 145 nəfərdir.
Cinayətkarlar hadisə yerindən qaçaraq avtomobillə uzaqlaşıblar. Lakin təhlükəsizlik qüvvələrinin apardığı təqib nəticəsində onlar Bryansk vilayətində yaxalanıblar. Terror aktının motivləri və icraçıların kimliyi hələ də istintaq altındadır.
BAKU.WS