Mayın 19-da İran ərazisində helikopterin qəzaya uğraması nəticəsində Prezident İbrahim Rəisi və onun müşayiət edən şəxslər həlak olması bu ölkədə növbədənkənar prezident seçkisinin keçirilməsini zəruri edib. İranın daxili işlər naziri Əhməd Vahidi bu gün məlumat yayıb ki, mayın 30-dan etibarən İranda növbədənkənar prezident seçkisi kampaniyası başlayıb. O, bütün siyasi partiyaların, nüfuzlu şəxslərin iştirakı ilə seçki qaydalarına əməl edilməsinin, İslam əxlaqına əsaslanan yaxşı və sağlam seçki meyarlarının şahidi olacaqlarını deyib.
İran qanunlarına əsasən, seçki kampaniyasının birinci mərhələsində iddiaçılar sənədlərini Seçki Qərargahına təqdim edirlər. Daxili İşlər Nazirliyi və Nəzarət Şurası prezidentliyə namizədliyə namizədlərin sənədlərini araşdırdıqdan sonra onların təbliğat kampaniyası başlayır. Birinci mərhələ mayın 30-dan iyunun 2-dək davam edəcək. İyunun 12-dən 27-dək təbliğat kampaniyası aparılacaq. İyunun 28-də isə seçki günüdür.
Maraqlıdır, prezidentliyə namizəd olmaq iddiasında olanlar kimlərdir? İran cəmiyyətində və mediasında prezidentliyə ən ideal və şanslı iddiaçı olaraq kimlərin adları hallanır?
Mövzu ilə bağlı Medianews.az-a danışan Ağ Partiya sədrinin birinci müavini Əhəd Məmmədli söyləyib ki, İranda keçiriləcək növbədənkənar prezident seçkilərində favorit iddiaçı kimi sabiq prezident Mahmud Əhmədnecatın adı hallanır.
Partiya funksionerinin fikrincə, M.Əhmədnecat yenidən İran prezidenti olmaq istəyir. O qeyd edib ki, M.Əhmədnecat vaxtilə İran prezidenti olanda öz mühafizəkarlığı, radikallığı ilə yadda qalıb: “Onun Birləşmiş Millətlər Təşkilatının tribunasından etdiyi çıxış, ABŞ-ni ittiham etməsi hər kəsin yadındadır. Eyni zamanda onun İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei ilə qarşıdurması da zaman-zaman gündəmə gəlib. Mahmud Əhmədnecatın həyat və fəaliyyətinə nəzər salanda sanki müstəqil bir şəxs olması təəssüratı yaranır. O, kiməsə tabe olmağı sevmir. Məhz bu səbəbdən də Mahmud Əhmədnecat prezidentliyi dövründə ali dini rəhbər Xamenei ilə problemlər yaşayıb. İndi bu şəxs yenidən prezident olmaq istəyir. Burada sual doğuran məqam ali dini rəhbərin ona imkan yaradıb-yaratmayacağıdır. Xamenei və Ayətullahlar Şurası Mahmud Əhmədnecata namizəd olmağa imkan verəcəklərmi? Onun namizədliyi təsdiqlənəcəkmi? Bu kimi bir çox suallara indiki halda cavab tapmaq çətindir”.
Ə.Məmmədli deyib ki, İranda prezident seçkiləri ABŞ-dəki prezident seçkilərinə bənzəyir: “Okeanın o tayında da seçilmiş şəxslər prezident seçilə bilirlər, İranda da. Yəni, sistemdən kənar kimsə nəinki prezident seçilə bilməz, heç iddiaçılar, namizədlər sırasında yer də tutmaz. Sözsüz ki, İranda yeni seçiləcək prezident Xameneiyə yaxın olan, onunla hesablaşan şəxslərdən biri olacaq. İranda prezident birinci şəxs olmasa belə, çox ciddi statusdur. O, ölkənin simasıdır, mühüm qərarlar qəbul edir, xarici siyasət kursunu yerinə yetirir və sair. Ona görə də İranda kimin prezident kürsüsünə gətirilməsi həm bu ölkənin özü, həm də region dövlətlər üçün önəmlidir”.
Ərtürk İSMAYIL