Birləşmiş Ştatlar Gürcüstan parlamentinin müxalifəti və demokratik azadlıqları boğmaq üçün alət hesab etdiyi “xarici agentlər” haqqında qanuna cavab olaraq Gürcüstana viza məhdudiyyəti siyasəti tətbiq etdiyini açıqlayıb.
Medianews.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken deyib.
“Gürcüstanın demokratik proseslərini və ya təsisatlarını pozan hər kəs, o cümlədən 2024-cü ilin oktyabr seçkilərindən əvvəl, seçki zamanı və sonra bu siyasətə əsasən ABŞ vizası almaq və Birləşmiş Ştatlara səfər etmək hüququna malik ola bilməz. Bu şəxslərin yaxın qohumları da bu məhdudiyyətlərə məruz qala bilər”, – Blinkenin bəyanatında deyilir.
Bəyanatda izah edilib ki, Birləşmiş Ştatlar hakim “Gürcü Arzusu” partiyasının parlamentdə qəbul etdiyi Xarici Təsir Şəffaflığı Aktının söz və sərbəst toplaşma azadlığını məhdudlaşdırdığına və müstəqil mətbuatın işinə maneələr yarada biləcəyinə inanır.
Onun sözlərinə görə, bu gün ABŞ və Gürcüstan arasında münasibətlərə hərtərəfli baxış başlayır.
“Biz ümid etməkdə davam edirik ki, Gürcüstan rəhbərliyi qanun layihəsini nəzərdən keçirəcək və ölkəni demokratiya və Avro-Atlantik inteqrasiyaya doğru irəliləmək üçün addımlar atacaq. Biz ölkələrimiz arasında münasibətləri nəzərdən keçirərkən, hərəkətlərimizlə bağlı qərar qəbul edərkən Gürcüstanın addımlarını nəzərə alacağıq”, – ABŞ Dövlət Departamenti rəhbərinin bəyanatında deyilir.
Ayşən