Rusiya prezidenti Vladimir Putinin dostlarının onun adını daşıyan araq markasının sahibləri olduğu üzə çıxıb.
Virtualaz.org saytının verdiyi xəbərə görə, RBK agentliyinin jurnalistlərinin apardığı araşdırma zamanı məlum olub ki, bu il sentyabrın 6-da “Putinka” və “Putinka pertsovaya” əmtəə nişanlarının, habelə Putinin adını daşıyan digər malların ilkin sahibi dəyişib.
Bu markalar üzərində mülkiyyət hüququ “Promİmpeks” ASC-dən “Real-İnvest” ASC-yə keçib. “Real-İnvest” ASC-nin sahibi isə Kiprdə qeydiyyatdan keçmiş “Ermira Consultants Limited” şirkətidir. Bu şirkət isə Rusiyanın ən zəngin adamları sırasında olan, prezident Putinin dostları kimi tanınan milyarderlərə – Rotenberq qardaşlarına bağlıdır.
Yaxın dostlar Arkadi Rotenberq və Vladimir Putin
İlk dəfə “Putinka” arağı Rusiya mağazalarının piştaxtalarında 2003-cü ilin sonlarında görünüb. 2004-cü ildə isə “Putinka” artıq Rusiyanın ən çox satılan araqlarından ilk üçlüyə daxil idi.
“Putinka” arağının yaradıcısı marketoloq Stanislav Kufmandır. O, “Vineksim” şirkətində marketinq üzrə vitse-prezident olub və bu arağın satışı üzrə eksklüziv hüquqlara malik idi.
“Putinka” arağını 1901-ci ildə əsası qoyulmuş “Kristall” zavodu istehsal edir. Bu zavod 2008-ci ildə özəlləşdirilib. Zavodun və daha 10 alkoqol müəssisəsinin səhmləri 5 milyard rubl kredit borcuna görə “Vneştorqbank”a verilib.
2009-cu ildə bankdan “Kristall”ın aktivlərini “Coalco” şirkətinin sahibi Vasili Anasimov satın alıb. 2012-ci ildə milyarder Anasimov bildirib ki, zavodu aldıqdan az sonra onu “alkoqollu içkilər bazarındakı peşəkarlara” güzəştə gedib. Bununla da zavodun yeni sahibi Peterburq araq zavodunun sahibi Aleksandr Sabadaş olub.
Lakin zavodun mülkiyyətçilərinin dəyişməsi haqda rəsmi məlumat indiyədək yayılmayıb. Bu ilin mayında isə Sabadaş büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunaraq həbs edilib.
RBK isə araşdırıb ki, əslində “Kristall”ın və digər alkoqol şirkətlərinin 2011-2014-cü illərə aid olan sənədləri onların Rotenberq qardaşlarına bağlı olduğunu göstərir.
Rusiyanın bir neçə iri alkoqol şirkətlərinin top-menecerləri anonimlik şərtilə deyiblər ki, əslində “Putinka” arağının arxasında lap əvvəldən Rotenberq qardaşları dayanıb.
Bu məlumatı yüksək rütbəli federal rəsmi də təsdiqləyir. Onun bildirdiyinə görə, Arkadi Rotenberq alkoqol bazarının ən güclü oyunçularından biridir.