“ Le Figaro”: “Demokratları möcüzə xilas edə bilər”
Fransanın “ Le Figaro” qəzeti yazır ki, ABŞ prezidenti bu seçkidə biabırçı məğlubiyyətlə üzləşəcək. Amerika prezidenti xalq arasında heç vaxt olmadığı qədər nüfuzdan düşüb. Belə bir fonda yəqin ki, respublikaçılar ara seçkilərində Senatda çoxluğu ələ keçirəcəklər.
Qəzet soruşur ki, demokratlar Senatdakı çoxluğu qoruyub saxlaya bilərmi? Bu ssenari o qədər də ağlabatan deyil. Hətta demokratların strateqləri də bu ehtimala inamlarını itiriblər. Yeganə ümid onadır ki, demokratlara sadiq olan elektorat kütləvi şəkildə yenidən toparlanacaq və son dəqiqədə seçkinin nəticəsini demokratların xeyrinə dəyişəcəklər. 2012-ci il prezident seçkisində məhz belə olmuşdu. O vaxt qadınlar və Afrika əsilli amerikalılar belə bir həmrəylik göstərərək Barak Obamanın yenidən prezident seçilməsini təmin etdilər.
Ancaq Co Bayden kimi islah olunmaz optimistlər hələ də aralıq seçkilərinin məhz belə bir formula əsasında baş tutacağına inanırlar. Bu gün, noyabrın 4-də Respublikaçılar Partiyası Senatda yenidən hakimiyyəti ələ ala bilər. Dostlar arasında GOP (Grand Old Party – Nəhəng Qocaman Partiya) adlanan partiyanın rəhbərliyi də buna inanır. Hazırda isə Senatda 55 demokrat senatora qarşı 45 respublikaçı senator var. Aralıq seçkilərində respublikaçılara Senatda üstünlük əldə etmək üçün ən azı əlavə 6 yer qazanmaq lazımdır. Yalnız bundan sonra mühafizəkar mövqeyi ilə tanınan Respublikaçılar Partiyası Ağ Evə öz iradəsini diktə edə bilər.
ABŞ Konqresinin aşağı palatası olan Nümayəndələr Palatasının isə yenə də respublikaçıların əlində qalacağı gözlənilir.
Belə olduqda, Barak Obama respublikaçılarla danışıqlara getməli olacaq. Danışıqlarda isə Obama heç vaxt güclü görünməyib…