Ukraynalı jurnalistlər Rusiya prezidenti Vladimir Putinlə şəxsi düşmənçilik edən şəxslərlə geniş müsahibələr almağa başlayıblar. Modern.az saytı xəbər verir ki, ilk belə şəxs Kremlin terroçu adlandırdığı, tanınmamış “İçkeriya Respublikası”nın əsas simalarından olan və hazırda Londonda mühacir həyatı yaşayan Əhməd Zakayevdir. Vaxtı ilə Çeçenistanda xarici işlər naziri olmuş Zakayev hazırda “İçkeriya” dövlətinin mühacirətdə olan hökumət sədridir.
Zakayev Londonda yaşamasına baxmayaraq, Çeçensitanda, ümumilikdə Rusiyada baş verən proseslərdən kənarda qalmır. Vladimir Putini Moskvadakı yaşayış binalarının partladılmasında və bu terror aktlarından Çeçenistana müdaxilə üçün bəhanə kimi istifadə etməkdə günahlandırdığı Federal Təhlükəsizlik Xidmətinin keçmiş mayoru Litvinenko Zakayevin Londondakı əsas dostlarından biri idi. Putinin bir nömrəli düşməninə çevrilən Litvivenko xəstəxanada zəhərlənərək öldürüldükdən sonra Britaniya hökuməti bütün rusiyalı siyasi mühacirlərin təhlükəsizliyini gücləndirməyə məcbur oldu.
İndi Zakayev tez-tez marşrutunu dəyişməyə və yemək seçərkən ehtiyatlı olmağa üstünlük verir. Dostu Litvinenkonun kimyəvi element olan polonium maddəsindən zəhərlənməsindən sonra Zakayev Rusiya ilə sülhə inanmır. O, ukraynalı jurnalistlərə açıqlamasında Cövhər Dudayevin ona dediyi bir fikri xatırladır:
“Ölümündən bir az əvvəl o deyirdi ki, Çeçenistandan sonra növbədə Krımdır. Əgər bu gün müqavimət olmasa, Putin Kiyevin üzərinə gedəcək”.
Əhməd Zakayev Ukraynada rusiyalı separatçılar tərəfində vuruşan çeçenlərin gələcəkdə təqib olunacağını düşünür: “Ukrayna münaqişəsində iştirak edən çeçenlərin hamısı könüllülərdir. Lakin sabah Rusiya ilə Ukrayna sülhə razılaşsalar, həmin könüllü çeçenlərin statusu avtomatik olaraq muzdluya dəyişəcək və onlar qanunla təqib olunacaqlar”.
Çeçen dövlət xadimi Putinin Ukraynada istədiyini qazanmayacağı halda, öz vəzifəsindən gedəcəyini də proqnozlaşdırır: “Artıq Putinin dövlət kürsüsündəki müddətinin azaldılması barədə qərar qəbul olunub. Məsələnin həlli üçün açar Ukraynadır. Əgər Putin orada qalib gəlməsə, xarici yox, daxili faktorun təsiri ilə hakimiyyətdən getməli olacaq. Əgər o, “Yeni Rusiya” yaratmasa, onda həmin insanlar da onu devirəcəklər. Əksinə olsa, o hələ çox hakimiyyətdə qalacaq”.
Əhməd Zakayev sonda Ukraynada istədiyini qazandıqdan sonra Putinin növbəti hədəfinin Baltikyanı ölkələr olacağını vurğulayıb: “Putin Qərbin növbəti addımın nə olacağını anlayıb. Ona görə də Rusiyanın şərqdəki sərhədlərini möhkəmləndirir. Putinin növbəti hədəfi Baltikyanı ölkələrdir”.