Taksi kimi fəaliyyət göstərəcək avtomobillərin istehsal ilinə dair bir sıra tələblər qəbul edilib. Yeni qaydalara görə, taksi kimi xidmət göstərən avtomobillərin istehsal tarixi ən azı 2016-cı il olmalıdır. Bildirilir ki, 2007-2008-ci il olan və əsasən taksi xidmətində işləmək üçün ölkəyə gətirilmiş avtomobillər, o cümlədən “Toyota Prius”lar artıq bu işə yaramayacaq.
Belə olan halda bəzi suallar meydana çıxır: 2016-cı ildə və sonrakı tarixlərdə istehsal olunan avtomobillərin qiymət fərqi, daha baha olması taksilərin xidmət haqqına təsir göstərəcəkmi? Vaxtilə ölkəyə gətirilmiş və taksi xidməti üçün nəzərdə tutulmuş “Toyota Prius”ların taleyi necə olacaq? Nəzərə alaq ki, sürücülərin əksəriyyəti həmin avtomobilləri kreditlə alıb. Belə olan halda həmin şəxslərə hər hansı bir güzəşt tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, qəbul edilmiş yeni qaydalar taksi parkının strukturuna təsir göstərəcək.
Onun sözlərinə görə, yaşı 15-dən çox olan, yəni 2009-cu ilə qədər istehsal olunan avtomobillər mərhələli şəkildə bazardan kənarlaşdırılacaq: “Nəzərə almaq lazımdır ki, burada kifayət qədər mürəkkəb bir bazardan söhbət gedir. İndiki şərtlər daxilində bazara tam nəzarət etmək mümkünsüz görünür. Bakı ətrafı qəsəbələrdə, regionlarda sözügedən qaydaların tələblərinə uyğun olmayan avtomobillərin xidmət göstərməsi davam edəcək. Bir tərəfdən isə qaydalara cavab verməyən avtomobillər satışa çıxarılacaq, ailə təsərrüfatlarının minik avtomobili tələbatına yönələcək. Xüsusilə qiymətlərin aşağı olduğunu nəzərə alsaq, növbəti dövrlərdə regionlarda bu avtomobillərin təşviq edilməsini görəcəyik”.
İqtisadçı indiki halda dövlətin hər hansı güzəştə gedəcəyini düşünmür.
R.Həsənovun fikrincə, bunu gözləmək sadəlövhlük olar: “Peşəkar şirkətlər daha rəqabətli və sağlam xidmətlərin təşkilinə meyillənməlidirlər. Avtomobillərin illik istismar müddətinin bitməsi, yaxud köhnə olması əslində təklif olunan xidmətin təşkilinə də mənfi təsir göstərir. Bu, eynin zamanda qəza risklərini də artırır. Bu baxımdan taksi fəaliyyəti ilə məşğul olanlar da peşəkar xidmət ortaya qoyaraq, daha keyfiyyətli avotomobillərin istifadəsinə yönəlməlidirlər ki, növbəti illərdə bənzər təzyiqlərlə üzləşməsinlər”.
Ayşən RƏHİM