Şükürlər olsun ki, dünyanın hər ölkəsində savadlı tarixçilər vardır və onlar keçmişin qaranlıq səhifələrində qalmış bir sıra sirli məqamları üzə çıxara bilirlər. Lakin əsl tarixçilərlə bərabər, “tarixçilərə” də bütün dövrlərdə rast gəlinib. Bu “tarixçilər”i üç qrupa bölmək olar: yalan danışanlar, yanılanlar və bilməyənlər. Bax, bu son üç qrupa daxil olan və adını tarixçi qoyanların “sənət əsərləri”nin izləri bu gün də yaşanılır. Onlara birlikdə nəzər salaq:
“Birinci” və “ikinci” adlandırılan dünya müharibələri həqiqətənmi birinci və ikincidir?
Tarix səhifələrindən iki dünya müharibəsinin olduğunu oxuyuruq. Bunlardan birincisinin 1914-1918-ci illəri, ikincisinin isə 1939-1945-ci illəri əhatə etdiyi yazılır. Halbuki, bu müharibələrin “birinci” və “ikinci” dünya savaşları adlandırılması tamamilə yanlış bir yanaşmadır. Əgər qeyd olunan tarixlərdə baş verən savaşların dünya müharibələri adlandırılmalarının səbəbini dünyanı bölüşdürməklə əlaqələndirir və məhz buna görə onlara dünya müharibələri deyiriksə, tarixdə dünyanı bölüşdürmək və ərazilər işğal etmək məqsədilə bir çox dövlətlərin iştirak etdiyi onlarla müharibə adları misal göstərə bilərəm. Görəsən, nəyə görə onları dünya müharibələri adlandırmırıq? Tarixçi Thomas Bailey haqlı olaraq tarixdə ən azı doqquz dünya müharibəsi baş verdiyini bildirir. Digərləri hansılardır? Augsburg savaşı (1688-1697), İspaniya taxt savaşı (1701-1713), Avstriya taxt savaşı (1740-1748), Yeddi illik müharibə (1756-1763), Amerika savaşı (1778-1783), Fransa çevriliş müharibəsi (1793-1802), Napoleon müharibələri (1803-1815).
Belə olan halda, maraqlıdır ki, 1914-1918-ci və 1939-1945-ci illər arasında baş verən dünya müharibələrinə kimlər və hansı səbəbə görə “birinci” və “ikinci” adlarını uyğun görüblər?!
Qırıcı təyyarələrdən istifadə olunan ilk müharibə “birinci” adlandırılan dünya müharibəsidirmi?
Təyyarədən ilk istifadə olunan müharibənin “birinci” adlandırılan dünya müharibəsi olduğunu bizə “inandırıblar”. Halbuki, ilk təyyarədən 1912-ci ildə Meksika çevrilişində üsyankarları bombalamaq məqsədilə istifadə olunmuşdur.
Kimyəvi silahlardan istifadə olunan ilk müharibə “birinci” adlandırılan dünya müharibəsidirmi?
“Birinci” adlandırılan dünya müharibəsinin digər məşhur “ilk”lərindən biri də, guya kimyəvi silahlardan istifadə olunan ilk savaşın məhz bu müharibə olması fikridir. İnsanlar bu yanlış fikrə təəssüf ki, bu gün də inanırlar. Təəccüblüdür ki, tarix kitablarında indi də bu səhv fikir qalmaqdadır. Halbuki, Makedoniyalı İsgəndərin ordusunun müharibədə əhəngdən silah kimi istifadə etməsi, Barbary adlı dəniz quldurlarının döyüşlər zamanı öldürücü qaz əldə etmək üçün narkotik vasitələrdən yararlanması, ispanların XVII əsrdə qanla dolu çən bombalarına üz tutması faktları savaşda kimyəvi silahlardan istifadə olunmasının ilk dəfə “birinci” adlandırılan dünya müharibəsinə aid edilməsinin yanlış düşüncə olmasının ən bariz nümunəsidir.
Yüzillik müharibə həqiqətənmi yüz il çəkib?
Yüzillik müharibə İngiltərə və Fransa arasında 1337-1453-cü illərdə baş vermiş müharibənin adıdır. Lakin bu müharibə 100 deyil, 116 il davam etmişdir. İnanmırsınızsa, sadə riyazi çıxma əməliyyatı aparaq: 1453-1337 = 116. Göz qabağında olan bu adi həqiqət gözdən niyə “yayınıb” ki?! Görünür, bu müharibənin adında yuvarlaqlaşdırılmış rəqəmin tərcih edilməsi qulağa xoş gəlib! Nə isə! Əslində müharibə 116 illik bir dövrü əhatə etsə də, tərəflər 116 il boyunca davamlı olaraq müharibə etməmişdir. Onlar müharibəni dayandırdıqlarını rəsmən elan etmədən neçə illər əvvəl hərbi əməliyyatları faktiki olaraq “dondurmuşdular”. Lakin müharibəni sona çatdırmaq üçün bir müqavilə imzalamaq nə qədər çox gecikdirilərdisə, müharibənin nəyə görə baş verməsi səbəbinin də o qədər çox unudulacağı düşünülürdü. Əslində “yüzillik” adlandırılan bu müharibəni sona çatdıran sülh müqaviləsi tərəflər arasında bağlanan ikinci müqavilə idi. Adını bəlkə də çoxlarınızın eşitmədiyi Bretigny adlı ilk müqavilə 1360-cı ildə imzalanmışdır. Lakin müharibəni özlərini saxlaya bilməyən fransızlar bir daha başlamışdır. Görünür, 116 illik dövrü əhatə edən bu müharibənin fransızlar tərəfindən başlanmasının səbəbi Gaskoniya, Akitaniya və Calais ərazilərinin öz əllərindən çıxmasını qəbul edə bilməməsi olmuşdur.
“Dövlət mənəm” ifadəsini XIV Lüdoviq həqiqətən işlətmişdirmi?
Tarix kitablarında “dövlət mənəm” ifadəsini XIV Lüdoviqin söylədiyi yazılır. Halbuki, bu fikir ağ yalandan başqa bir şey deyil! Bunun səbəbkarı Volterdir. Belə ki, bu uydurma ifadəni Fransa kralının bioqrafiyasına Volter əlavə etmişdir. Niyə deyə soruşursunuzsa, bunun da səbəbini yeni nəsil tarixçilər cavablandırsın!
“Dəmir pərdə” və “göz yaşı, tər və qan” ifadələri Çörçilin beyninin yaradıcılıq məhsuludurmu?
İngiltərənin baş naziri olmuş Uinston Leonard Spenser Çörçilin 1946-cı ildə ABŞ-nin Fulton Universitetində söylədiyi “Dünyanın əzələləri” adı ilə də tanınan “Dəmir pərdə” nitqində onun işlətdiyi “Dəmir pərdə” (“Dəmir örtük”) ifadəsi əslində Çörçilin beyninin yaradıcılıq məhsulu deyil. Çörçil bu ifadəyə müəlliflik hüququna malik olmamalıdır. Çünki eyni ifadəni Joseph Goebbels 1945-ci ildə, Lady Snowden 1920-ci ildə, Belçika kraliçası Elizabeth isə 1914-ci ildə işlətmişdir. Yeri gəlmişkən, onu da qeyd edim ki, Çörçilə aid edilən “göz yaşı, tər və qan” ifadəsini də ilk dəfə o işlətməmişdir. Çörçil bu ifadəni Bayrondan, Bayron da Con Dunnedən oğurlamışdır.
Fosforu Brantmı kəşf etmişdir?
Tarix səhifələrində fosforun kəşfinin avropalı alim Branta aid edildiyi göstərilir. Halbuki, Bəşir adlı müsəlman alimi ondan xeyli əvvəl fosforu tapmışdır.
Kiçik qan dövranının kəşfi Avropa alimlərinəmi məxsusdur?
Tarix kitablarında kiçik qan dövranının kəşfi Avropa alimlərinin adına yazılmışdır. Halbuki, bu kəşfi Avropa alimlərindən təqribən 300 il əvvəl İbnün-nəfs (1210-1288) adlı müsəlman alimi etmişdir.
Cazibə qanununu Nyuton kəşf edib?
Yerin cazibə qüvvəsi qanununu ilk dəfə Nyutonun kəşf etdiyi düşünülür. Halbuki, Razidən tutmuş Biruniyə, hətta Xaziniyə qədər olan islam alimləri Nyutondan bir neçə əsr əvvəl bu qanunu kəşf etmiş və bunu sübut edəcək mülahizələr və nəzəriyyələr irəli sürmüşdürlər. Buna baxmayaraq, tarix kitabları bu barədə sükunət içərisindədirlər!
Binom düsturunun Nyutona aid edilməsi düzgündürmü?
Nyutona aid edilən binom düsturunu cəbrə gətirən Ömər Xəyyam olmuşdur. Amma tarixçilər bunu başqasının adına layiq görməkdən vicdan əzabı çəkməmişdir!
Aristotel yunandırmı?
Aristotelin yunan olduğu şəksiz qəbul edilir. Bu isə tamamilə yanlışdır! Qəribənizə gələ bilər, amma Aristotel türk olub. Bəli, bəli, doğru eşitdiniz, türk olub. Afinada yaşayan əmisinin Aristotelin Türkiyənin İqdır şəhərindən, əsl adının isə Aluq olduğunu, sonralar əsl türk olan bir qızla evləndiyini söyləmiş, bu fikir faktlarla təsdiq olunmuşdur.
Kleopatra mənşəcə misirlidirmi?
Kleopatra Misir kraliçası olsa da, o, əslən misirli deyil, yunan olmuşdur. Halbuki, əksəriyyət insan onun misirli olduğu qənaətindədir. Nəsli üç yüz ildən bəri Misirdə yaşadığı üçün bir çoxları onu misirli hesab etsə də, əslində bu, belə deyil!
Kleopatra eşqbaz biri olmuşdurmu?
Digər bir əsassız fikir Kleopatranın eşqbaz biri olması şayiəsidir. Kraliça ilə bağlı araşdırmaları olan Lucy Hughes Hallettə görə, Kleopatranın aşiqləri yalnız Sezar və Antoni olmuşdur.
Rus kraliçası Katerina mənşəcə rus olub?
Tarix kitabları Katerinanı Rusiyanın ən böyük hökmdarlarından biri kimi təqdim edir. Bununla razılaşmamaq olmaz! Lakin tarix kitablarında əskik olan bir məlumatı bəyan edək: Katerina rus yox, alman olub. Əsl adı isə Katerina deyil, Sophia olub.
Heç bir Roma papası evli olmayıbmı?
Tarix kitablarının demək olar ki, hamısında Roma papalarının heç vaxt evlənmədikləri və cinsi əlaqəyə girmədikləri yazılır. Bu fikir yanlışdır! Elə götürək ilk papa Petrusu. O, evli olmuşdur. Hafizələri təzələyək: Kilsə papaların evlənmələrini və cinsi əlaqəyə girmələrini qadağan edən qaydaların əsasını XII əsrdə qoymuşdur.
Sezar Romada imperator olmuşdurmu?
Demək olar ki, hər kəs Sezarın imperator olduğunu zənn edir və bir çox tarix kitabında o, Roma imperatoru deyə xatırlanır. Halbuki, bu belə deyil. Romanın həmin dövrlər Avropanın təxminən yarısını fəth etməsinə baxmayaraq, romalı liderlərə yalnız bir nəsil sonra imperatorluq ünvanı verilmişdir. Bəs, o zaman Sezarın ünvanı nə olmuşdur? Onun vəzifəsi diktatorluq adlanırdı. Sezar o dövrün qanunlarına uyğun olaraq senat tərəfindən diktator olaraq təyin olunmuşdur.
Sezara sui-qəsd edilərkən o, “Səndəmi Brut?” – demişdirmi?
Sezarla bağlı tarix kitablarında yazılan digər bir yanlış fikir isə ona sui-qəsd edilərkən onun “Səndəmi Brut?” – deməsidir. Başqa sözlə, Sezar ölərkən həmin ifadəni o formada söyləməmiş, can verərkən “və sən Brut oğlum” ifadəsini işlətmişdir. Məlum olduğu kimi Sezar Brutun oğlu olmasına inanırdı. Çünki o, Brutun anası ilə iyirmi ilə yaxın bir müddət ərzində yaxın əlaqədə olmuşdur.
Başqa bir məqam: Sezar haqqında çəkilən filmlərdə nümayiş etdirilən “onun senatdan uzaq durması xəbərdarlığına əhəmiyyət verməyərək oraya getməsi” epizodu həqiqətin tam əksinədir. Belə ki, əsl həqiqətdə o, xəbərdarlığı alan kimi buna dərhal reaksiya verərək senata getməyini təxirə salmaq istəmiş, lakin Brut onu senata getməyə təhrik etmişdir.
Sezar insan qətliamları törətməmişdirmi?
Sezarla bağlı tarix kitablarında üzərindən sanki qəsdən sükutla keçilən bir nüans da onun bir çox insanı öldürmə faktı ilə əlaqədardır. Tarixçi Plini Sezar ordusunun Qalliya səfərlərində ən azı 1 milyon 192 min insan öldürdüyünü təxmin edir. Düzdür, fikrimcə, bu rəqəm o qədər də inandırıcı görünməsə də, fakt faktlığında qalır: Sezarın bir çox insan qətliamı törətməsi həqiqəti tarixin qaranlıq səhifələrində nədənsə ört-basdır edilmişdir!
Yunis Xəlilov
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi