Tez-tez istifadə etdiyimiz dərman birləşmələrinin təkcə zərərli deyil, həm də sağlamlığımız üçün təhlükəli olduğunu heç düşünmüşük?
Eyni anda bir neçə həkimə baş çəkib, onların yazdığı reseptlərdən sonra aptekə gedirik və bir çox dərman alıb, onların uyğunsuzluğundan öləcəyimizi düşünmədən ovuc-ovuc içməyə başlayırıq.
Medianews.az “MediaMedical Daily” bu barədə araşdırmasını təqdim edir.
Reseptsiz satılan bir çox öskürək və antihistaminiklər (allergiya dərmanları) oxşar maddələr ehtiva edir, buna görə də hər iki dərmanı birlikdə qəbul etmək, sedativ təsirini əhəmiyyətli dərəcədə artıra biləcək həddindən artıq dozanın riskini artırır.
Nəzarət oluna bilməyən yuxululuq bu kombinasiyanın sedativ təsirindən xəbərsiz ciddi avadanlıq, mexanizm və ya nəqliyyat vasitələrini idarə edəcək şəxslər üçün risk yarada bilər. Yatmazdan əvvəl öskürək dərmanı və antihistaminiklər qəbul etdiyiniz halda, bütün gecə istirahət etsəniz belə, səhərlər özünüzü zəif hiss edə bilərsiniz.
Antidepresanlar və ağrıkəsicilər
Antidepresanlar və ya ağrıkəsicilər təyin edilmiş hər kəs, onların birlikdə qəbul edilməməsinin zəruriliyini bilməlidir.
Həm SSRİ (antidepresanlar siniflərindən birinə aid olan selektiv serotoninin geri alınması inhibitorları), həm də qeyri-steroid antiinflamatuar dərmanlar (tez-tez ağrıkəsici və qızdırmasalıcı kimi istifadə olunan NSAİİ) mədə və yemək borusunda qanaxma riskini 600 (!)%-ə qədər artırır. Niderlandda aparılan bir araşdırma nəticəsində məlum olub ki, sözügedən dərmanların birləşməsinin mədə-bağırsaq qanaxmasına səbəb olma ehtimalı hər iki dərmanı tək qəbul etməsindən daha çoxdur.
Antikoaqulyantlar və aspirin
Bir çox ölkələrdə antikoaqulyantlar kifayət qədər ciddi dərmanlar hesab olunur və yalnız həkim resepti ilə satılır. Onlar damarlarda qan laxtalarının əmələ gəlməsini azaltmaq üçün təyin edilir.
Aspirin tez-tez ağrıları aradan qaldırmaq üçün istifadə edilən reseptsiz bir dərmandır. Ancaq çoxları bilmir ki, bu dərman həm də qanı durulaşdırır. Aspirin bir antikoaqulyantla birlikdə qəbul edildikdə, onların birləşmiş təsiri daxili və xarici qanaxmaların inkişaf şansını əhəmiyyətli dərəcədə artıra bilər.
Ayşən