Bu il Ramazanı ilin ən gözəl zamanında müsafir etdik. Yel çərşənbəsi ilə torpaq çərşənbəsinin qovuşduğu gün biz də Ramazana qovuşduq. Yaradanın insanı torpaqdan yaradıb nəfəs verdiyi an ruhun cismə qovuşduğu kimi qovuşduq Ramazana. Sanki Allah bu ilki tarixi təsadüflə bizə anlatmaq istədiklərini anlatdı bu Ramazanda.
Novruz yaradılış dastanıdır, Novruz Yaradanın müqəddəs kitablarda bizə göstərdiyi kainatın quruluş fəlsəfəsidir, Novruz həyatın özü, özülü, özəyidir. Səmavi kitablarda yazılanların əyani təzahürüdür Novruz.
Suyun və odun, mayenin və enerjinin, zərrələrin birləşməsi planetimizi, yelin və topağın-ruhun və cismin birləşməsi İnsanı, 4 elementin birləşməsi ilə yaşamı və kainatı bəxş etdi bizə Yaradan. Novruzla birlikdə dünyamıza qədəm qoyduğu yeni gündən yaradılış fəlsəfəsini öyrənməyə, həyatın qayəsini anlamağa çalışdı insan.
Göndərilən elçilər, səmavi kitablar İnsana özünü dərkə, ona nəfəs verən Yaradanı tanımağa yönəlsə də, bunları tam dərk etmək üçün Novruzun Ramazana qovuşduğu anı gözləmək lazım imiş.
Yaradılış dastanının, Novruzun-dünyamızda yeni günün başladığı gün, insanın Allahı dərk etməsi başlayırmış sən demə.
İslamda dinin təməli sayılan 5 şərti də Yaradılış dastanın 5 boyu saymaq olar. Namazla Allaha yaxınlaşmaq, onu zikr etmək, ona ibadət etmək, ondan diləməklə başlayır bu dastanın ilk boyu.
Cismimizi təslim etdikdən sonra ruhumuzu paklandırmaq üçün Oruc tutmaqla özünüdərkin vəhdətini bir araya gətirmiş oluruq. Nəfsimizin imtahan ayında, ruhumuzu da Yaradana təslim etməklə bu imtahandan da keçmiş olur, qəlbən rahatlayır və hüzur tapırıq.
Paylaşmaq, yardımlaşmaq, bir olmaq, birlik olmaq üçün xüms və zəkatın vacib buyrulması, bu dünyada tək olmadığımız, dünyanın bir insan üçün deyil, bəşəriyyət üçün yaradıldığını göstərməkdən bəhs edir bu boy, bu şərt.
Yalnız bu imtahanlardan keçdikdən sonra, ruhun və cismin tam təslimiyyəti Kəbəni – Allah evini ziyarət etməklə yekunlaşır və bundan sonrakı əməlləri ilə əbədi dünyanı qazanmaq üçün çalışır İnsan.
Bu il Ramazanın Novruzla qovuşması, Yaradılış dastanının başlayıb bitdiyi ayın sonunda Ayın Günəşə qovuşmasını da göstərdi bizə Yaradan. Gündüzün gecəyə, işığın zülmətə çevrilməsinin Yaradanın – Ol – deməsilə olduğunu göstərdi bizə Yaradan. Bu sonsuz dünyada tək olmadığımızı, kainatda bir zərrə olduğumuzu xatırlatdı bizə Yaradan!
Əbədiyyətə gedən yolunuz açıq, nurlu olsun, əzizlərim, Novruzlu, bahar qoxulu, yaz ətirli Ramazanlara yenidən qovuşmaq diləyi ilə.
Bayramınız mübarək!
Surə Seyid
Naxçıvan