Qubad Ibadoğlu və tərəfdarlarının “Müsavat Partiyasının işinin yenidən qurulması və fəaliyyətinin gücləndirilməsinə dair” 5 bənddən ibarət təklifləri partiyanın başqanı Arif Hacılı qəbul etməyib. Qeyd edək ki, bu təkliflərin həyata keçirilməsi üçün Müsavat Partiyasına 3 ay vaxt da verilmişdi.
“AzerFax” xəbər verir ki, Polşa səfərindən qayıdan Arif Hacılı “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə bu təkliflərlə ümumiyyətlə tanış olmadığını deyərək, təklif müəlliflərini Nizamnaməyə uyğun davranmağa dəvət edib: “Təkliflərlə tanış deyiləm. Müsavat Partiyasına təkbaşına heç kim vaxt qoya bilməz. Müsavat Partiyasında hesabatlarla bağlı vaxtı Müsavat Partiyasının qurultayı müəyyənləşdirir. Müsavat Partiyasının müvafiq seçkili orqanları var. Qurultaylararası dövrdə partiyanın ali orqanı Məclis, Məclislərarası dövrdə isə ali orqan partiyanın Divanıdır. Biz qurultayın, Məclisin və Divanın qərarlarına uyğun olaraq fəaliyyət göstərəcəyik. Hər bir Müsavat Partiyası üzvünün də məhz Müsavat Partiyasının Nizamnaməsinə uyğun olaraq, qurultayın, Məclisin və Divanın qərarlarına uyğun fəaliyyət göstərməsini təmin edəcəyik”.
Müsavat başqanı partiya məclisinə seçkilərin oktyabrın 18-nə təyin olunması ilə bağlı narazıların təklifin\ isti münasibət göstərməyib: “Müsavat Partiyasının ilk Məclisinin çağırılması səlahiyyəti nizamnaməyə görə Müsavat Partiyasının başqanına məxsusdur. Mən Müsavat Partiyasının önəmli şəxsləri ilə məsləhətləşdikdən sonra oktyabrın 11-də Məclisin keçirilməsi barədə qərar vermişəm. Məclis oktyabrın 11-də keçiriləcək.