“Bakı”nın baş məşqçisi İbrahim Uzuncanın azerispoert.az saytına müsahibəsini sizlərə təqdim edirik.
– “Bakı”nın işləri hazırda necədi? Komanda “Neftçi” ilə oyunadək hazır olacaq?
– Bəzi məsələlərin həllini gözləyirik. Hazırda komandanın tam qaydasında olması üçün əlimizdən gələni edirik. Gec toplandıq, tam toplanış keçə bilmədik. Heyətimizdən çoxlu futbolçu getdi. Legionerlərin əksəri, klubun dörd legioneri, aparıcı yerli futbolçularımız indi bizimlə deyil. Buna görə yeni heyət toplamalı olduq. Oynayacağımız dəqiqdi. Amma maliyyə baxımından vəziyyətimizin yaxşılaşması lazımdı. Uşaqlarda da motivasiya olmalıdı.
– Legionerlər məşq edir?
– Cəmi dörd legionerimiz qalıb. Onlar da komanda ilə məşq edirlər.
– “Bakı” bu mövsüm nəyə ümid edir?
– Bu heyətlə nə bacarırıqsa, etməyə çalışacağıq. İlk növbədə, Premyer Liqadakı yerimizi qorumalıyıq. Amma mümkün qədər üst pillələrə çıxmağımız da mümkündü. Bizim öz akademiyamız var. Öz yetirmələrimizi yetişdirməyə çalışacağıq.
– Yəqin ki, akademiyada çalışmış bir mütəxəssis kimi bu, oradakı uşaqları tanımaq sizin üçün çətin deyil…
– İndiki heyətdə yalnız legionerləri çıxmaq şərtilə, qalan bütün uşaqlar akademiyamızın yetirmələridi. Kifayət qədər resursumuz var. Bu mövsüm onlar üçün böyük təcrübə olacaq. Şəhriyar Əliyev, Namiq Ələsgərov, Vüqar Mustafayev və Vadim Abdullayev “Qarabağ”la “Simurq”a keçməyə üstünlük verdi. Halbuki, onların da xidmətindən yararlanmaq istəyində idik.
– Amma onları da başa düşmək olar. Altı ay maaş almadan oynamaq kiçik iş deyil. Buna görə də AFFA onlara azad agent statusu və başqa komandaya keçmək icazəsi verib…
– Digərləri də eyni problemi yaşayır. Lakin onlar hazırda heyətdədilər. Bir qədər də dözmək olardı. Mənim şəxsi fikrimdi: AFFA da vəziyyəti başa düşməli, “Bakı”nı dəstəkləməli idi. Digər klubların da anlayış göstərməsi yaxşı olardı. Əgər başqa komanda çətin günlərini yaşayırsa, bu şəkildə onun üstünə getmək lazım deyildi. “Qarabağ”la “Simurq” gözləyə bilərdi. Belə çıxır ki, onlar bizim vəziyyətimizdən sui-istifadə etdilər.