Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına direktor əvəzi təyin olunub.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, direktorun əmək funksiyalarının icrası İlham Əsgərova həvalə olunub .
Qeyd edək ki, əməkdar mədəniyyət işçisi İ.Əsgərov 28 fevral 1976-cı ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tətbiqi incəsənət, teatr və konsert işləri üzrə prodüser fakültəsini, 2006-cı ildə teatr rejissoru üzrə magistratura pilləsini bitirib.
1997-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan İlham Əsgərov 1998-2018-ci illərdə bədii quruluş hissə müdiri vəzifəsində çalışıb. 2018-ci ildən teatrın yaradıcı işlər üzrə direktor müavinidir.
İlham Əsgərov J.Koktonun “İnsan səsi” və M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşalarının quruluşçu rejissorudur.
İlham Əsgərov 2012-ci ildə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Y.Vaxtanqov adına Dövlət Akademik Teatrında və Rusiyanın Böyük Dövlət Teatrında yaradıcılıq təcrübəsi keçib.
2013-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2017-ci ildən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2017-ci ildə Cəfər Cabbarlının Ev Muzeyi tərəfindən “Cəfər Cabbarlı” mükafatına, 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi” medalına layiq görülüb.
Xatırladaq ki, teatrın direktoru Azər Paşa Nemətov aprelin 9-da 76 yaşında dünyasını dəyişib.