Malayziya Hava Yollarına məxsus təyyarənin Donetsk yaxınlığında vurulmasından sonra Rusiya və Ukraynaya ittihamların ardı-arası kəsilmir.
Moskva hesab edir ki, bütün bunlarda günahkar Ukraynadır.
Rəsmi Kiyev isə Kremli ittiham edir, ABŞ Ukraynaya yardım əlini uzadır, Avropa İttifaqı isə üzünü Kiyev və Moskvaya tutaraq deyir ki, sizinlə sonra danışaram,indi yeri deyil, əvvəlcə təhqiqat aparılsın.
Malayziya və Niderland “Boeing”in düşməsi səbəblərini araşdıracaq
İnsident barədə ilk reaksiyanı Malayziyanın baş naziri Nacib Razak Tvitter səhifəsində göstərdi: “Təyyarənin vurulması xəbərindən şokdayam. Biz təcili təhqiqata başlayırıq”.
Niderlandın baş naziri Mark Rüqqe hadisə yerinə hollandiyalı mütəxəssislərin göndərilməsinə hazır olduqlarını bildirib. O, Ukrayna prezidenti Petro Poroşenko ilə telefon söhbətində təyyarənin vurulması ətrafında müzakirə aparıb.
B.Obama: “ABŞ istənilən yardımı göstərəcək”
“Dünya Ukrayna-Rusiya sərhədi yaxınlığında təyyarənin vurulması barədə xəbərləri izləyir. Aydın məsələdir ki, bu, dəhşətli faciədir”. Bunu ABŞ prezidenti Barak Obama deyib. “Nə baş verdiyini və niyə baş verdiyini müəyyənləşdirmək üçün Ağ Ev istənilən yardımı göstərməyə hazırdır. Mən təhlükəsizlik xidmətinin əməkdaşlarına Ukrayna hökuməti ilə sıx əlaqə saxlamaq barədə göstəriş vermişəm. ”
ABŞ döyüşlərin dayandırılmasını istəyir
“Malaysia Airlines” şirkətinə məxsus təyyarənin aqibətini beynəlxalq səviyyədə araşdırmaq üçün ABŞ Ukrayna ərazisində qarşıdurmanın dayandırılması ilə əlaqədar çağırış edib. Bu barədə Barak Obamanın mətbuat katibi Coş Ernst deyib. “Beynəlxalq təhqiqat üçün bütün maneələr aradan qaldırılmalı, tam etimad yaradılmalıdır. Biz tərəfləri dərhal atəşi dayandırmağa çağırırıq. Beynəlxalq mütəxəssislərin hadisə yerinə təhlükəsiz və maneəsiz keçməsi və qalıqların tapılması üçün lazımi şərait yaradılmalıdır.” Ağ Ev nümayəndəsi əlavə edib ki, təhqiqata beynəlxalq təşkilatlar da cəlb olunmalıdır.
Merkel ad günündə şoka düşdü
Dünən ad gününü qeyd edən Almaniya kansleri şoka düşüb. Ukraynada sərnişin təyyarəsinin vurulmasına malayziyalı həmkarı kimi reaksiya göstərən kansler müstəqil təhqiqat qrupunun yaradılmasının vacibliyini vurğulayıb. “Bu hadisə Ukraynadakı vəziyyətin faciəli mərhələyə keçdiyinə bir işarədir”.
Almaniyanın Xarici İşlər naziri Frank Volter Ştaynmayer isə bəyan edib ki, xilasetmə və təhlükəsizlik xidməti əməkdaşlarının təyyarənin düşdüyü əraziyə keçmələri üçün Ukraynanın şərqində rusiyayönümlü separatçılar buna şərait yaratmalıdırlar.
Britaniya BMT TŞ-nı çağırır
“Boeing-777” laynerinin vurulmasından sonra Britaniya Ukraynadakı vəziyyətin müzakirəsi üçün BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb. Britaniya tərəfi hesab edir ki, iclas açıq keçirilməlidir və ən geci iyulun 18-i günün 2-ci yarısı baş tutmalıdır.
Avropa İttifaqi təcili təhqiqat aparılmasını tələb edir
“Vəziyyət təcili araşdırılmalıdır və beynəlxalq təhqiqat bu faciəyə aydınlıq gətirməlidir. Hadisə yerinə getmək üçün regiondakı qarşıdurmada iştirak edən bütün tərəflərdən lazımi şəraitin yaradılmasını istəyirik”.
Barroza təyyarənin vurulmasına aydınlıq tələb edir
“Sərnişin təyyarəsinin vurulması məni şoka salıb. Faktlar tez bir zamanda ortaya qoyulmalıdır. Məni indi ölənlərin ailələrinin vəziyyəti narahat edir”. Bunu Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo Tvitter səhifəsində yazıb.
Liviya hokuməti: “Heç nəyə qarışmayın, öz işinizlə məşğul olun”
Ukrayna ərazisində sərnişin təyyarəsinin vurulmasından sonra Liviya qeyri-adi addım atıb. O, Ukrayna ərazisində olan vətəndaşlarına müraciət edib. “İnsanların kütləvi halda toplaşdığı yerlərdən uzaq olun, heç nəyə qarışmayın, yerli əhali ilə dini və siyasi mövzularda müzakirə aparmayın və imkan daxilində Ukraynanı tərk edin”.
V.Putin: “Biz etməmişik, Ukrayna edib”
“Sözsüz, hadisə hansı ölkə ərazisində baş veribsə, həmin ölkə məsuliyyət daşıyır”. Bunu Rusiya prezidenti Vladimir Putin deyib. O, hətta Ukraynanı “borclu” çıxarıb. “Faciədən qaçmaq olardı, əgər Şərqi Ukraynada silahlı qarşıdurma bərpa olunmasaydı. ”
Polşa növbədənkənar iclas keçirir
Polşanın Baş naziri Donald Tusk Müdafiə naziri Tomaş Semonyakla birgə iclas çağırıb. Müzakirə mövzusu Ukrayna ərazisində vurulan sərnişin təyyarəsidir. Toplantıda Daxili İşlər naziri, xarici siyasət idarəsinin rəhbəri və Milli Müdafiə naziri iştirak edir.
İnterpress.az