Elmi fantastika filmi kimi səslənsə də, Cənubi Koreyalı bir proqram şirkəti insanları ölü tanışlarına qovuşdurmaq üçün qeyri-adi bir layihəyə başlayıb.
Medianews.az xəbər verir ki, Cənubi Koreya şirkəti tərəfindən hazırlanan texnologiya vasitəsi ilə insanlar həyatını itirən yaxınları ilə görüntülü söhbət edə biləcəklər.
Seulda yerləşən DeepBrain AI şirkəti virtual profil yaratmaq üçün ölən insanların video görüntülərindən, audio yazılarından və fotolarından istifadə edir.
Süni Intellektlə yaradılan görüntü həyatını itirən insanların səsini və mimikasını təqlid etməklə yanaşı, qarşısındakı insanın suallarını da cavablandırır, hətta xatirələrini danışır.
Şirkət ilk dəfə Las-Veqasda keçirilən İstehlak Elektronikası Sərgisində təqdim edilən layihənin insanların kədərlənmə prosesini asanlaşdıracağını iddia edir.
Bəzi insanlar mərhum yaxınlarını yenidən onların qarşısında görmək fikrinin türpərtici olacağını düşünürlər.
Digərləri deyirlər ki, şirkət insanların dərdindən istifadə edərək qazanc əldə edir və bu, qeyri-etikdir.
DeepBrain AI biznes inkişafı üzrə meneceri Cozef Merfi təqdim etdikləri xidmətin “mübahisəli” olduğunu etiraf edir.
Layihənin ölümcül xəstəliyi olan və sağlamlıqla xatırlanmaq istəyənlər üçün əla fürsət olduğunu ifadə edən Merfi insanların öləndən sonra da sevdiklərinin onları yaxşı və sağlam olaraq xatırlamasını istədiklərini bildirib:
“Bu texnologiya ilə insanlar öz fikirlərini çatdıra bilirlər. sevdiklərinə mesajlar göndərir və öldükdən sonra da xatirələrini bölüşürlər. İnsanlara itirdikləri insanlarla yenidən danışmağa imkan verən virtual söhbət imtiyazından istifadə etmək hər dəfə orta hesabla 1200 dollara başa gəlir. Bununla belə, şəxs virtual profilin düzgün yaradılması üçün şirkətə kömək etməlidir. Süni intellektin necə səs verdiyinizi və hərəkət etdiyinizi öyrənmək üçün kamera qarşısında orta hesabla yeddi saat vaxt lazımdır”.
Qeyd edək ki, xidmət ABŞ və Asiyada mövcuddur. Yaxın gələcəkdə Böyük Britaniyada istifadə olunacağı gözlənilir.
Medianews.az