Zahid Səfəroğlu
Zindanın içində və… çölündə
Bu, artıq siyasi mübarizə deyil. Buna siyasi düşmənçilik və qisasçılıq da demək olmur. Müxalif fikirli insanları haqsız yerə həbs etmək, şərləyib türmələrə doldurmaq sanki bəs deyil, at-inək oğruları məmnuniyyətlə əfvə, amnistiyaya salındıqları halda siyasi dustaqlara aman tanımamaq azmış kimi, hələ içəridə onları təhqir də edirlər.
Sutkalıq həbsə salınan üç müxalifətçi gəncin başlarının zorla qırxılması həm də imansızlığın bir nümunəsidir. Birinci hal deyil təbii ki. İnsanların boynuna etmədikləri cinayəti qoymaq üçün Azərbaycanın çağdaş “çekistləri” bu günədək hansı üsullardan çıxmayıblar. Zorla baş, saqqal qırxdırmaq bunların yanında nədi ki. Odur ki, İlkin Rüstəmzadə, Turqut Qəmbər və Əbülfəz Qurbanlı yenə şükranlıq eləsinlər. Hər halda, qışın oğlan çağı da deyil.
Ancaq sarkazm öz yerində, istər içəridə olsun, istərsə çöldə, məhbusların iradəsi əleyhinə saqqalının, başının qırxılması fiziki-mənəvi işgəncənin bir növüdür. Hərgah elə mənəvi işgəncə var ki, fiziki işgəncədən də betər, ağır və ağrılıdır Allah bəndəsi üçün. Misal üçün, nurani və nüfuzlu bir qoca kişi camaat qarşısında saqqalının qırxılmasındansa, şaqqalanmasını üstün tutar.
Əslində adamı haqsız yerə məhbəsə salmağın, şərləməyin özü elə ən əvvəl işgəncədir, ziyalı və mədəni bir insan üçünsə ikiqat mənəvi əzab, əsəb sarsıntısıdır. Buna görə baiskarlar cəmi 30-ca faiz normal ölkədə, məhkəməsi 30-ca faiz müstəqil olan dövlətdə – biz hələ demokratik məmləkətləri demirik – zərərçəkmişə ən yaxşı halda böyük məbləğdə cərimə (təzminat) ödəməli olurlar.
Azərbaycan isə hər cür mərdimazarlığın və allahsızlığın, alçaqlığın və nakişiliyin tüğyan elədiyi unikal məkana çevrilib, düzəlmir ki düzəlmir. Dünya dəyişir, demokratik ölkələrin sayı artır, biz isə indi-indi şahənşahlıq qurmağa girişmişik. Hələ bu imiclə dünyadan Qarabağı istəyirik, onu ədalətsizlikdə qınayırıq, müharibə ilə hədələyirik. Öz daxilimizdə insanların elementar haqqını verə bilmirik, elementar ədaləti bərqərar edə bilmirik, dünyadan haqq-ədalət tələb edirik.
İllərdir vətəndaşlarımız məhz buna görə öz pozulan haqlarının bərpası üçün Azərbaycandan kənar ünvanlara üz tuturlar. Və dəfələrlə olub ki, Avropa İnsan Haqları Məhkəməsi yerli məhkəmələrin ədalətsiz hökmlərini qanunsuz elan edib, zərərçəkmişə bəraət verib, ona ödənmək üçün dövləti (hakim rejimi) cərimələyib. Gəl ki, buna görə bir yoluq məmura, yaxud hakimə də “gözün üstdə qaşın var” deyilməyib, repressiya və şər maşını işini davam etdirib. Çünki Azərbaycan hüquqi dövlət deyil.
Halbuki Avropa Məhkəməsinin qərarına dolğunluqla əməl edib günahsız insanlara mənəvi-fiziki işgəncələr verənlər, onların haqsız həbsinə səbəb olanlar layiqli cəzalarını alsaydılar, ölkədə qanunsuz həbslər, şərlənmələr bunca vüsət almazdı…
Əlbəttə ki, qanuni cəza almış dustağın da haqqı var. Onun yalnız azadlığı əlindən alınıb, qalanları yerində olmalıdır axı. Dövlət adından verilən cəza nə üçündü: ədalətin bərpası, cinayətin profilaktikası və başqalarının belə əməllərdən çəkinməsi üçün. Bir növ topluma ibrət üçün, onun saflığı, özünütəmizləmə qabiliyyətini saxlaması üçün. Cinayətkarın islahı da öz yerində. Bəs qanuni cəzalar yoxsa, onda necə? Bəs cinayətkarın yerinə günahsız və saleh insan, mömin, gənc damlanırsa, əzab çəkirsə, belə dövlətin sarsılmaması mümkünmü?
Belə dövlətin, yəni “qanunun şah deyil, şahın qanun olduğu” ölkədə gerçəkdən əqidəli, ziyalı insan üçün yaşamaq, öz şəxsiyyətini, mənəviyyatını, vicdanını qoruyub saxlamaq çətindi, əzabdı. Bir ölkə zindanlarının ki, içi ilə çölü arasında haqq-ədalət baxımından ciddi fərq olmaya…