Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı uzman plastik, rekonstruktiv və estetik cərrah Araz Salmanovdur. Müsahibimiz liposaksiya, bədən şəkilləndirmə haqqında suallarımızı cavablandırıb.
Medianews.az Oxu.az-a istinadən müsahibəni təqdim edir:
Arayış
Uzm. Dr. Araz Salmanov 2002-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 2003-2010-cu illərdə Türkiyə Respublikasında İzmir Doqquz Sentyabr Universitetinin Plastik, estetik və rekonstruktiv cərrahiyyə kafedrasında uzmanlıq təhsili alıb. O, Türkiyə Plastik Cərrahiyyə Dərnəyi, Balkan Plastik Cərrahiyyə Dərnəyi və Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin üzvüdür. Hər il Avropada plastik cərrahiyyə üzrə keçirilən beynəlxalq tədbir və təlimlərdə iştirak edir. Dr. Araz Salmanov bütün növ plastik əməliyyatları peşəkarlıqla icra edən yüksək təhsilli mütəxəssisdir. Hazırda Bakı Sağlamlıq Mərkəzində fəaliyyət göstərir.
-Ötən ay Türkiyədə keçirilən “Life and beauty awards” adlı beynəlxalq mükafatlandırma mərasimində “Azərbaycanın ən yaxşı plastik cərrahı” nominasiyasında mükafata layiq görüldünüz. Bu münasibətlə sizi təbrik edirik.
-Təşəkkür edirəm! Doğrusu, heç gözləmirdim. Amma bütün halda insanın illərlə əmək sərf etdiyi bir sahə üzrə mükafata layiq görülməsi xoşdur. Bu mərtəbəyə çatmağımda ailəmin, xüsusilə də valideynlərimin və pasiyentlərimin rolu var. Mükafatı həyatda ilk müəllimim və əziz anam Qızxanım Salmanovaya ithaf edirəm.
-Liposaksiya nədir və necə icra olunur?
– “Lipo” yağ, piy, “saction” isə piyin çəkilməsi, çıxarılması deməkdir. Bu əməliyyat zamanı dəridə millimetrik dəliklər açılır və xüsusi cihazlar vasitəsilə piy toxumaları dəri altından çıxarılır. Əsas metod ümumi olaraq budur. Lakin fərqli texnologiyalar tətbiq etməklə liposaksiya prosesini sürətləndirmək və daha yaxşı nəticə əldə etmək mümkündür. Məsələn, ultrasəs, lazer, xüsusi titrəyişə malik cihazlar kombinə etməklə əməliyyatın effektini artıra bilirik.
-Kimləri liposaksiya etmək olmaz? Hansı hallar bu əməliyyat üçün əks göstərişdir?
-Bir sıra hallar liposaksiya üçün əks göstəriş ola bilər. Məsələn, pasiyentdə ürək, qaraciyər, ağciyər çatışmazlığı kimi problemlər varsa, bu əməliyyat icra edilməməlidir. Həmçinin liposaksiya zamanı tətbiq etdiyimiz preparatlara qarşı allergiyası, qanaxma diatezi varsa, qanı duruldan dərmanlar qəbul edir, artıq çəkidən əziyyət çəkirsə, bu əməliyyat əks göstərişdir.
-Niyə ağır çəkili insanları liposaksiya etmək olmaz?
-Əvvəla, belə insanları liposaksiya etmək mənasızdır, çünki bədəndə vizual olaraq heç bir nəticə əldə edə bilmirik. Lakin bəzi nayihələrdə, məsələn, boyun arxasında, “fil boynu” dediyimiz bir qabarıqlıq varsa, liposaksiya ilə aradan qaldırmaq mümkündür. Digər tərəfdən, ağır çəkili pasiyentlərdə yağ emboliyasının olması ehtimalı var.
-İndiyədək ən çox çəkdiyiniz piyin miqdarı nə qədər olub?
-Liposaksiya zamanı dəri altından çəkdiyimiz yarımmaye şəklində olan qarışıq lipoaspirat adlanır. Tərkibində piy hüceyrələri, hüceyrə arası maye, piy çəkmək üçün bədənə yeritdiyimiz tümesent maddəsi, az miqdarda da qan var. Təxminən, 8-10 faizi qandan ibarətdir. Bir də külli miqdarda parçalanmış piy yığılır. Aspiratın təhlükəsizlik miqdarı 10-15 litr arasında dəyişir. Yəni bir insandan ən çox bu qədər aspirat əldə etmək olar. Mənim şəxsi təcrübəmdə ən çox çıxardığım aspiratın miqdarı 21 litr olub. Düzdür, təhlükəsizlik göstəricisini aşmışam. Lakin belə istisna hallar mümkündür. Əlbəttə ki, həkim peşəkar plastik cərrahdırsa! Çünki hər pasiyentdə bunu tətbiq etmək olmaz, çox ağır nəticələri ola bilər.
-Hansı zərurətdən normanı aşdınız?
-Avropdan müraciət etmiş bir pasiyent idi. 22 yaşı vardı. Tam müayinə etdik, sağlamlığında heç bir problem yox idi. İki təyyarə dəyişib gəlmişdi və növbəti seansa gələ bilməyəcəkdi. Çəkisi 107 kiloqram idi. Əməliyyat uğurlu keçdi, heç bir problem yaşamadıq. Liposaksiyadan iki həftə sonra çəkisi 97 kiloqram, iki ay sonra isə 87 kiloqrama düşmüşdü.
-Bədəndən çəkilən piy toxumalarından bədən şəkilləndirmə, üz gəncləşdirmədə istifadə etmək olarmı?
-Əlbəttə olar! Bu, çox populyar bir metoddur. Mən də istifadə edir və dəstəkləyirəm. Çünki istər bədən şəkilləndirmədə, istərsə də üz gəncləşdirmədə çox yaxşı nəticələr almaq olur. Bu, piy transferidir. Bədənin bir hissəsindən aldığımız piy toxumalarını başqa bir nayihəyə, məsələn, popoya, yaxud da üzə köçürərək ikiqat effekt əldə etmiş oluruq. Piy unikal toxumadır. Bədənin istənilən nayihəsinə tətbiq etmək olar. Onun vasitəsilə popoya daha böyük kontur verə, süd vəzinin həcmini artıra və dikləşdirə bilirik.
-Qalıcılığı nə qədərdir?
-Yerinə görə dəyişir. Məsələn, göz ətrafında qalıcılıq 100 faizə yaxın, popoda 50 faiz, baldır nayihədə isə 30-40 faizdir. Burada pasiyentin yaşı, həyat tərzi, qidalanması kimi bir çox faktorların rolu var. Odur ki, heç bir cərrah əvvəldən deyə bilməz ki, qalıcılıq konkret nə qədər davam edəcək. Məsələn, pasiyent 3-5 kiloqram kökəlib arıqlasa da, nəticə dəyişmir. Lakin 15-20 kiloqram çəki fərqi yaranarsa, verdiyimiz bədən şəklində dəyişikliyin baş verməsi qaçılmazdır. Odur ki, qalıcılıq daha çox xəstədən asılıdır.
-Bədənin hansı nayihəsindən piy çəkmək risklidir?
-İstənilən nayihədə icra edilən liposaksiya risk daşıyır. Bu, bütün növ əməliyyatlara aiddir. Liposaksiya düzgün tətbiq edildiyi halda ölüm riski yüz mində birdir. Bəzi nayihələr var ki, cərrahdan daha çox diqqət tələb edir. Məsələn, böyük damarlara yaxın, boyun və üz nayihələrində işləyərkən xüsusilə ehtiyatlı olmaq lazımdır. İstər damarları zədələmək, istərsə də lipoemboliya baxımından daha çox risk var. Həmçinin sinirlərə toxunmaq ehtimalı da yüksəkdir.
-Liposaksiya əməliyyatında ölüm riski də varmı?
-Bəli, var. Lakin əməliyyat peşəkar plastik cərrah tərəfindən icra olunarsa, bu risk sıfra yaxınlaşır. Amma nəzərə alın ki, ölkəmizdə liposaksiya edən cərrahların 60-70 faizi plastik cərrahiyyə üzrə heç bir ali təhsili olmayan qeyri-peşəkar həkimlərdir.
-Son illər bir neçə gənc qız liposaksiya əməliyyatı zamanı ölüb.
-Məndə olan məlumata görə, ölüm hallarının hamısı popoya piy vurulduğu zaman baş verib. Popo, sadəcə, yumşaq toxuma deyil, həmin nayihədə də damarlar, sinirlər var. Odur ki, plastik cərrah diqqətli olmalı, təhlükəli vəziyyət yaradacaq hallardan çəkinməlidir. Poponun da öz anatomiyası var. Bayaq qeyd etdiyim kimi, savad, nəzəri biliklərin olması çox önəmlidir.
-Qeyri-peşəkar plastik cərrahların liposaksiya xətaları ilə qarşılaşırsınızmı?
-Təəssüf ki, çox qarşılaşıram. Plastik, rekonstruktiv və estetik cərrahiyyə tibbin önəmli sahələrindən biridir. Bu ixtisasa yiyələnmək üçün ali təhsil almaq şərtdir. Lakin bu gün ölkəmizdə qeyri-ixtisas həkimləri də rahatlıqla plastik cərrah kimi fəaliyyət göstərə bilirlər. Nəticədə ciddi əməliyyat xətalarının sayı gündən-günə artır. Nəticəsini pasiyentlər ödəyir, onlara zərər dəyir. Ötən həftə edilən qeyri-peşəkar liposaksiya nəticəsində qolu nekrozlaşmış bir pasiyent müraciət etdi. Bəzən elə ağır hallarla üzləşirik ki, fəsadı tam aradan qaldırmaq mümkün olmur, xəstədə ömürlük izləri qalır. Odur ki, plastik cərrah seçəndə diqqətli olun və bu işin mütəxəssislərinə müraciət edin. Qeyri-peşəkar plastik cərrahlara isə onu deyərdim ki, vicdanlı olun, öz ailə üzvlərinizə verməyəcəyiniz zərəri pasiyentlərə də verməyin.