Bu gün Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür. Həsən bəy Zərdabi 1875-ci ildə Əkinçi qzetini yaratdı. Bununla da Azərbaycanda mətbuat, media formalaşdı. Bəs görəsən o vaxtkı media indikindən nə ilə fərqlənir? Bizlər Həsən bəy Zərdabinin qoyub getdiyi mətbuata nə dərəcədə sahib çıxa bilirik?
Medianews.az-a danışan media məsələləri üzrə ekspert Ələsgər Məmmədli bildirdi ki, Həsən bəy Zərdabinin mətbuatı yaratdığı dövr indikindən çox fərqlənir:
“O vaxt dünyada bəzi yerlərdə heç çap maşını yox idi. Təbii ki, o dönəmin mediası ilə bugünki medianı müqayisə etmək o dönəmin yaşam şərti ilə bu günü müqayisə etməklə eynidir. Həmin dönəm üçün maarifçilik innovativ bir addım idi. Azərbaycan cəmiyyəti kimi geri qalmış, dini mövhumatın dərin, inkişafın zəif olduğu yerdə çox az ziyalılar var idi ki, onlar cəmiyyəti maarifləndirmək, bilgiləndirmək, eyni zamanda cəmiyyəti informasiya təminatı ilə təmin etmək yolunu gedirdilər”.
Ekspert dedi ki, bəzi media nümayəndələri onun qoyub getdiyi mediaya sahib çıxa bilmir: “Zərdabi bizə böyük bir yol açıb. Biz ancaq onun açdığı yolla yürüyürük. Bu baxımdan Zərdabinin olduğu zirvədə günümüzün mediası müqayisə oluna bilməz. Zərdabi evini satıb mətbuat qurdu, Əkinçi qəzetini yaratdı. İlk qazeti yaradıb. Günümüzdə isə bir çox media qurumları bəzən medianı, jurnalistikanı, eyni zamanda dəyərləri satırlar ki, ev alsınlar. O aspektdən həmin dönəmlə bu dönəmin müqayisəsi çox fərqlidir”.
Ələsgər Məmmədli qeyd etdi ki, indiki dövrün texnologiyası daha çox imkanlara yol açır: “Amma təbii ki, günümüzdə kommunikasiya inkişaf edir, yeni elektron alətlər var. Buna görə o dönəmin şərtləri ilə bu dönəmin şərtləri daha sürətlidir. Daha çox insana çıxış imkanı var. İnsanlar xırda bir informasiyanı istədikləri kimi sürətlə ən ucqar nöqtəyə qədər böyük resurslar xərcləmədən çatdıra bilirlər. Hər hansı bir əlavə resursa ehtiyac olmur. Məsələn informasiyanı 1 saniyəyə ölkə içində hər yerdə yaya bilirsiniz. Hansı ki, qəzet dönəmində bu günlər ala bilirdi. Yol, nəqliyyat yox idi. Fiziki baxımdan yox, mənəvi baxımdan baxıldıqda tarix çox daha dəyərli olur”.
Media ekspertinin sözlərinə görə, mirasa sadiq qalmayanlar kimi, yaxşı jurnalistlər də mövcuddur: “Zərdabinin bizə miras qoyduğu dəyərli ənənə odur ki, mediaya könül verən, jurnalistikaya özünü fəda edən bir insan olub. Hər şeyini mediaya xidmət etmək üçün sərf edib. Bu baxımdan əgər günümüzdə dövlətdən ev almaq üçün növbəyə duranları düşünsək, eyni zamanda alanları görsək, buna görə qələmindən imtina edib yalnız birtərəfli yazılar yazanlara baxsaq o kateqoriya əlbəttə onun mirasına sadiq qalmayıb. Amma mirasına sadiq qalan tərəflər də var. Təbii ki, media rəngarəngdir, birtərəfli deyil, çoxtərəflidir. Bu baxımdan günümüzdə Zərdabi yolunun davamçısı olan çox sayda jurnalistimiz, media strukturlarımız da mövcuddur”.
Zərif Ülvizadə
Medianews.az