Ermənistanda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun gəlişi “şərəfinə” mitinqlər keçirilib. Onlar düz İrəvanın mərkəzində Rusiya əleyhinə şüarlar səsləndirib, Putini və Lavrovu təhqir ediblər. Ermənilərin Lavrovun gəlişi əleyhinə mitinq keçirməsinin səbəbi nədir?
Medianews.az-a danışan Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov dedi ki, Ermənistanda bir neçə qruplaşmalar mövcuddur:
“Ermənilər yaxşı olardı ki, Rusiyaya ümid bəsləməkdən əl çəksinlər. Ara-sıra Ermənistanda qruplaşmaların şahidi olmaqdayıq. Bir qisim bilərəkdən Amerikapərəst, digərləri Avropa İttifaqı, başqaları Rusiyapərəst siyasi partiyalardan və siyasətçilərdən ibarətdir. Əsas məqsəd bu və ya digər ölkələrin köməyindən istifadə edərək öz məqsədlərinə çatmaqdır”.
Siyasətçi bildirdi ki, Ermənistan hökuməti Lavrovun səfərini Ermənistana dəstək kimi qiymətləndirmək istəyirdi:
“Lavrovun səfəri öncəsi də Ermənistanda müxalifət dairələri belə fikirlər irəli sürürdü ki, Rusiyanın Xarici İşlər Naziri gələrkən Paşinyana dəstək verməməlidir. Əks təqdirdə bu Rusiyanın Paşinyanın yanında olması kimi başa düşüləcək. Öz növbəsində Ermənistan hakimiyyəti də Lavrovun İrəvana səfərini Rusiyanın Paşinyana dəstək verməsi kimi qələmə vermək istəyirdilər”.
Politoloq qeyd etdi ki, bu mitinq qərbin həyata keçirdiyi planlardır:
“Hər halda Lavrova və Rusiyaya qarşı bir sıra azsaylı qrupların mitinqi daha çox qərb kəsiminin Rusiyaya qarşı Ermənistanda geosiyasi mübarizə aparılmasının göstəricisidir. Özü-özlüyündə isə söhbət Qarabağda Azərbaycanla Ermənistan arasındakı danışıqlardan və razılaşmalardan gedirsə, Lavrov Rusiya üçün çox vacib və həssas bir durumda Türkiyəyə səfərdə Ermənistan və Cənubi Qafqazda baş verənləri Çavuşoğlu ilə müzakirə etmişdi”.
Zaur Məmmədovun fikrincə, Lavrov istəsəydi də Ermənistanın tərəfində dura bilməzdi:
“Çavuşoğlu ilə görüşdən sonra Ermənistanda anti-Azərbacan, anti-Türkiyə və yaxud Qarabağın statusu, müstəqilliyi ilə bağlı bəyənatlar səsləndirə bilməzdi. İstəsəydi də bunu edə bilməzdi. Faktiki olaraq yaxın vaxtlar ərzində növbəti dəfə Ermənistanın qurban olacağının şahidi olacağıq. Çünki Ukraynadakı hadisələr və Türkiyə-Rusiya arasındakı dialoq bunu qaçılmaz edəcək”.
Zərif Ülvizadə
Medianews.az