Ukraynanın yeni prezidenti Pyotr Poroşenkonun andiçmə mərasiminə ABŞ adından vitse-prezident Co Bayden qatılacaq. Bayden prezident Barak Obamadan sonra ölkənin ikinci rəsmi şəxsi sayılır. Bu fakt dünyanın ən qüdrətli dövlətinin Ukraynaya və onun xalqına, bu xalqın demokratiya yolu tutmaq iradəsinə ən yüksək səviyyədə verdiyi qiymətin, dəstəyin və önəmin təsdiqidir, şübhəsiz.
Əksərən andiçmə mərasimləri simvolik törən xarakterli olur. Ancaq eyni zamanda onlar bir siyasi anlam daşıyır, nədən ki, konkret ölkənin xarici siyasət kursunun, üstünlük verdiyi prioritetlər və dəyərlərin, dost-rəqiblərin kimliyinin özünəməxsus nümayişinə çevrilir.
Yeni prezidentinin andiçməsinə kimlərin qatılmasına (dəvət almasına) nəzərən söyləmək olar ki, təzə rəhbər hansı yolu tutacaq, ölkənin dost-müttəfiqləri qismində o, kimləri görür, demokratiyaya sayğılıdırmı, seçkiləri saxtalaşdırmayıb ki, yəni legitimdimi?
Adətən sadalanan parametrlərə uyğun gəlməyən prezidentlərin inauqurasiyası sönük keçir – təmtəraqlı təşkil olunsa da. Qısası, inauqurasiyanı göstər, deyim kimsən: demokratsan, avtoritarsan, yoxsa firon-diktator?
***
Andiçmə mərasimi düzənləmək ideyası necə, nə vaxt yaranıb, deyə bilmərik, ancaq təşəbbüskar kimdirsə, yəqin ki, o, proqressiv mövqeli individ olub. Çünki belə bir törən yeni rəhbərin üzərinə xalq qarşısında təntənəli şəkildə əlavə olaraq, mənəvi məsuliyyət qoyur.
Qurani-kərimə, İncilə əl basıb and içmək toplum önündə məhz mənəvi öhdəlik, KİŞİ SÖZÜ vədi yaradır, verilən vəddən, içilən anddan doğan mənəvi-hüquqi məsuliyyət hissi formalaşdırır. Əlahəzrət xalq da müstəsna olaraq həmin o vədi, andı yadda saxlayır.
Bir qayda olaraq belə mərasimdə dini kitabla yanaşı, ölkənin mövcud konstitusiyasına əl basılaraq and içilir. Yəni sanki konstitusiya da bir növ müqəddəs sayılır. Ancaq əgər həmin o konstitusiya vaxtaşırı cəmiyyətin yox, hakim qüvvənin maraqlarına uyğunlaşdırılaraq dəyişdirilirsə, urvatsız duruma gətirilirsə, artıq onun müqəddəsliyindən əsər əlamət qalmır və belə dəyərsiz kitaba əl basıb and içməyin özü də bir fiksiya, blef, tamaşa təəssüratı bağışlayır.
Əslinə qalsa, sadə xalq bilir ki, bu cür inauqurasiyalarda içilən and, verilən söz oradaca qalır. Zira, seçkilərin legitimliyini dünya şübhə altına alıbsa, belə seçkinin qalibi olan şəxsin andı da səmimi olmur, səmimi alınmır. Yalnız xalqın seçdiyi prezident öz əhdinə sədaqətli ola, verdiyi sözü tuta bilər.
Xoş o ölkələrin və xalqların halına ki, həm prezidenti özü seçir, həm də o prezident sidq ürəkdən and içir – Allahdan və xalqdan qorxaraq…
***
Amerikadan başlamışdıq. “Demokratiyanın beşiyi” hesab edilən bu fövqəldövlətdə prezidentlərin andiçmə mərasimi hər dəfə ümumxalq bayramına çevrilir. Ona görə ki, “Ana Yasa”nın işləməsinin, cəmiyyətin siyasətçilərlə deyil, siyasətçilərin cəmiyyətlə, onun iradəsi ilə hesablaşmasının bir təntənəsi kimi gerçəkləşir belə inauqurasiyalar.
Avtoritar, totalitar ölkələrdə isə bu törənlər sırf məhdud və imkanlı bir zümrənin bayramına, növbəti tacqoyma ayini kimi, iradəsi saya salınmayan xalqa isə növbəti gözdağı olaraq icra edilir.
Əlbəttə, dəbdəbəli inauqurasiyasız da keçinmək olar. Guya bu mərasim olmasa təzə prezident öz görəvini icra etməməlidir? Etməlidir. Ancaq hər halda, doğrulmayan anddansa, içilməyən and daha yaxşıdır. Çünki yalan vəd həm də Allah dərgahında günah sayılır. İslam peyğəmbəri (ə) isə buyurub ki, “Yalan danışana cənnət də haramdır”.