“May ayında toy etməzlər”. Bu deyimi yəqin ki, çoxunuz yaşlı nəslin nümayəndələrindən eşitmisiniz. Bu kimi bir çox deyimlər, inanclar var ki, onların səbəbi, məğzi məlum deyil, amma illərdir ki, bunlara inan insanlar var.
Psixoloq Fərqanə Mehmanqızı məsələ ilə bağlı Medianews.az saytına açıqlaması zamanı bildirib ki, bunlar batil inanclardır və əslində onların məğzi unudulub, sadəcə nəticəsi qalıb.
“Bunun kimi inanclar çoxdur. Düşünürəm ki, məhz bu inanc onunla bağlıdır ki, may ayında ağacların çiçəkləri tökülür. İyun ayında isə artıq ağaclar meyvə verir, bolluq olur. Bunu başqa inanclarla da əlaqələndirənlər var. Amma bunun insan həyatına, taleyinə təsir edə biləcək tərəfi yoxdur. Bizə bu formada dedikləri üçün biz heç bir analiz etmədən bu inancı davam etdiririk. Amma bu gün artıq bu kimi inancları qıran gənclər çoxdur. May ayında da toylar edilir”.
Psixoloqun sözlərinə görə, yaşlı nəslin aldığı məlumatla gənclərinki bir deyil.
“Bu gün biz sosial şəbəkələr vasitəsi ilə bütün dünyadan xəbər ala bilirik, analiz etməyi bacarırıq. Keçmişdə isə insanlar ancaq yaxın ətrafından məlumat ala bilirdi. Ona görə də bu cür məsələlərdə analiz apara bilmirdilər.
Düşünürəm ki, getdikcə bu kimi məsələlər öz həllini tapacaq”.
Leyla
Medianews.az