“Son günlər hər il olduğu kimi uşaqlar və böyüklər arasında “İnfluenza A” virusu sıx görülməkdədir. İnfluenza A virusu qış aylarında yuxarı tənəffüs yollarının ən çox xəstəlik törədən viruslarındandır. Lakin əvvəlki 2 ildə karantinlə əlaqədar uşaqların ətraf mühitdən təcrid edilməsi hal-hazırda uşaqların daha həssas olmasına gətirib çıxarmışdır”.
Bu fikirləri Medianews.az saytına həkim Nurəngiz Hacıyeva bildirib.
Onun sözlərinə görə, xəstəliyin gedişi böyüklərə nisbətən uşaqlarda daha ağırdır. Xüsusən təkrar-təkrar xəstələnmə halları, müalicə bitəndə yeni uşaqların yenidən xəstələnməsi, orta qulaq və ağciyərdə yaratdığı fəsadlar çox üzücüdür.
“Virus hava damcı yolu ilə yoluxur və yoluxan şəxs 5 gün müddətindən ətrafa qarşı yoluxdurucu olur. Buna görə də bağca, məktəb, əyləncə məkanları kimi qapalı yerlərdə virusa yoluxma ehtimalı daha çox olur.
Virusun əsas əlamətləri isə 38 dərəcədən yüksək temperatur, baş ağrısı, əzələ ağrısı, boğaz ağrısı, öskürək, burun axıntısı, qusma və ishaldır. Belə hallarda xəstəliyin yüngül gedişində uşağın hərarəti düşəndə onun əhvalı yaxşı olursa, maye içirsə 5 gün gözləyirik. Uşaqlara ev şəraitində dinclik, burun boşluğumu daima dəniz suyu ilə yumaq, ağrıkəcisi və temperatursalıcı dərman vermək lazımdır”.
Həkimin sözlərinə görə, xəstəlik 5-7 günə geriləyir. Lakin digər simptomlar azalsa da öskürək anidən kəsilməz, bir müddət davam edə bilər. Həkim bildirir ki, əgər uşaqda nəfəs darlığı, tənəffüs sayında artma varsa, mütləq həkimə müraciət edilməlidir.
Leyla
Medianews.az