“Kiyevdə “Xarkov” metrostansiyasında üçü azyaşlı olmaqla 10 nəfər azərbaycanlı çarəsiz vəziyyətdə qalmışıq. Bizdən başqa azərbaycanlılar da var idi, onlar ayrı-ayrı yerlərə getdilər. İki nəfər Qarabağ veteranıdır”.
Bu barədə Oxu.Az-a Ukraynada yaşayan soydaşımız İmamrzov Hicran İsrafil oğlu məlumat verib. O bildirib ki, ayın 23-ü Odessadan uşaqları ilə birlikdə çıxaraq Kiyevə gəlib:
“Səhər saat 6 radələrində Kiyev hava limanına çatdıq. Bizə bildirdilər ki uçuşlar ləğv edilib. Ondan sonra bu günə qədər metroya sığınmışıq. Hazırda yanımızda bir neçə azərbaycanlı da var. Ukraynadakı səfirliyimiz ilə əlaqə saxlamışıq, əllərindən gələn köməyi edirlər. Bizdən də xahiş edirlər ki, qaldığınız yeri tərk etməyin. Neçə gündür camaat quru yerdə yatır. İnsanlar gündüz gedir, qida tədarükü ilə bağlı təminat yığır, gəlir. Biz isə çıxa bilmirik. Səfirlik bizə bildirdi ki, Moldova ilə danışıqlar aparılır, 50/50-yə bizim ora getmək şansımızın olduğunu dedilər. COVID-19 testi olmadan da tək pasportla keçmək imkanımız var. Sadəcə olaraq atışma olduğu üçün, yollar bağlı olduğuna və təhlükəsizliyimizindən ötrü narahat olduqlarına görə bizi Moldovaya göndərə bilmirlər”.
H.İmamrzovun dediklərinə görə, nəqliyyat vasitələri belə işləmir:
“Heç kim bizi Moldovaya qədər aparmağı boynuna götürmür. Bizim hazırda olduğumuz “Xarkov” metrostansiyasından Moldova sərhədinə 381-400 km məsafə var. Yanımda iki qadın, üç azyaşlı və dörd nəfər kişi həmvətənimizlə qalmışıq metroda. Metronun o biri başında, 16 km bizdən aralıda tanklar var. Həmin ərazidə də soydaşlarımız var. Əlaqə saxladığımız zaman bizə dedilər ki, tanklar maşınların üstündən keçir. Ümidimiz tək Allaha qalıb. Səfirlikdən bizə heç bir əlavə kömək edə bilmirlər. Saat 22:00-dan sonra komendant saatı olur, heç cür küçəyə çıxa bilmirik. Yanımdakı uşaqların 5, 6 və 12 yaşları var. 12 yaşlı oğlum epilepsiya xəstəsidir, dərmanı dünən bitmişdi. Bu gün Azərbaycan səfirliyi sağ olsun, dərmanla təmin etdilər. Yalnız Moldovaya getməyimiz qalıb. Bizə dedilər ki, vətəndaşları axşama qədər Moldova sərhədinə göndərə bilərlər”.
Hazırda Kiyev Metropoliteninin “Xarkov” stansiyasında vəziyyət gərgindir deyən soydaşımız, yaxın zamanda kömək gözlədiklərini bildirir.