Bəzən erməni liderlərindən elə sərsəm, absurd açıqlamalar eşidirik, adam heyrətə gəlir: biz bu ağılda adamlara 30 il necə uduzmuşduq? Dünən Robert Köçəryanın açıqlamasını oxudum, deyir bəlkə də Nikol Paşinyan bizi türklərə qəsdən uduzdurub, keçən ilki 44 günlük müharibə planlaşdırılmış əməliyyat olub. Bəlkə niyə? Ortada o boyda faktlar, açıq-aydın proseslər var, bu hələ hansısa konspirologiyadan, planlardan, gizli işlərdən dəm vurur. Qısa yazsam, erməni xalqının bu davanı uduzacağı çoxdan məlum idi, Paşinyan başçı olsun, ya qeyri-Paşinyan, fərq eləməzdi.
Ancaq istənilən dəlinin də mütəxəssis rəyinə ehtiyacı olur və biz Köçəryanın “qəsdən uduzdurulmaq” söhbətinə diqqət eləyək. Nə demək istəyir? Məna budur ki, guya Ermənistan istəsə iqtisadiyyat qurar, ordunu gücləndirər, diplomatik uğur qazanar və sairə sayəsində Azərbaycana uduzmazdı. Lakin Ermənistanın eks-prezidenti bütün bu işlər üçün potensialın yoxluğunu real anlamalıydı. Ən azı, dövlətə rəhbərliyi zamanı oğurladığını hesablaya, yadına sala bilməliydi. Digər tərəfdən, Ermənistan üçün bölgədə inkişaf və uğurun yeganə yolu mənasız torpaq iddialarından əl çəkmək, qonşularla dinc yanaşı yaşamaqdır. Türkiyə və Azərbaycan kimi iki böyük türk dövlətinin arasında boyundan yekə iddialara düşərsən, axırda burnunu əzərlər.
Köçəryanın 28 yanvarda erməni mediasına verdiyi geniş intervü isə daha gülməliydi. Sitat: “Sünikdə bizim sərhədə azərbaycanlılar nəzarət edir. Onlar istəsələr maşının nömrəsini dəyişib İrəvana qədər gələrlər və kimsə soruşmaz ki, burada nə edirsiniz. Sünikdə bizim dövlət sərhədini qorumaq kəndlilərə tapşırılıb, bu, anormaldır. Sərhədi qorumaq dövlətin funksiyasıdır, Konstitusiyada belə yazılıb. Əgər dövlət öz sərhədini qorumursa, deməli bu cür dövlət yoxdur” (https://news.am/rus/news/625821.html – bu linkdə həmin sərsəmləmə ilə tanış olmaq mümkündür).
Əgər bunu hansısa kəndli, şovinist erməni desə, bəlkə heç fikir vermək lazım deyildi. Ancaq bu adam 1998-2008-ci illərdə, 10 il Ermənistanın prezidenti olub. Və deməli Ermənistanın İran və Türkiyə ilə sərhədlərini hələ 1992-ci ildən Rusiya sərhəd qoşunlarının qoruduğunu bilməliydi. O cümlədən, xaricdən İrəvana təyyarə ilə gələndə, “Zvartnots” aeroportunda adamları rus sərhədçilər yoxlayıb buraxırlar. Dünyada rusların Rusiyanın özündən başqa sərhəd qoruduğu yerlər cəmi 2 dənədir. Bunun biri oyuncaq, qondarma “Abxaziya Respublikası”dır, ikincisi də Ermənistan. Hətta Tacikistan kimi kasıb, geridə qalmış dövlət öz sərhədini 2005-ci ildə rusların əlindən almışdır. Köçəryan isə hansısa sərhəddən, dövlətçilikdən, müstəqillikdən dəm vurur. Bəyəm o, Ermənistanda dövlətin bütün atributlarının, o cümlədən sərhədlərin oyuncaq, qondarma, saxta olduğunu başa düşmür? Mən hesab edirəm başa düşmür. Əks halda bu sarsaqlamada hər hansı məntiq yoxdur. Nikol Paşinyanı Şurnux kəndinin demarkasiyasında qınamaq çox asan yoldur. Ancaq Nikol da qayıdıb soruşar ki, ay Robik, axı sənin vaxtında bütün Ermənistan sərhədləri bizim əlimizdən getmişdi, bütün ərazilərimizdə rus ordusu at oynadırdı, niyə o zaman dövlətçilik yadından çıxmışdı?
Ümumiyyətlə, indiki qloballaşma, internet, texnologiyalar, kosmos əsrində hansısa xalqı, lap elə öz xalqını “dövlət sərhədi” kimi geridə qalmış, arxaik anlayışla qızışdırmaq yumşaq yazsam cahillik, kəskin yazsam cinayətdir. Bu siyasətdən sadə erməni xalqına fayda yoxdur. O xalqa ki, bu cür şovinistlərin ara qatmasına qədər sərhədin hər iki tərəfinə azad şəkildə gedir-gəlir, öz həyatlarını xoşbəxt yaşayırdılar. İndi “Ermənistan” adlı türmədə oturublar, təzə nadzor axtarırlar. Tərslikdən o da köhnə, türkün sözü, əski çıxıb.