“O, sarsılmaz bir əzmlə şirin qəfəsi qarşısında dayanmışdı. Onun gözlərindən şimşək çaxır, baxışından od yağırdı, üzündə bütün xalqa yaxşı tanış olan müdhiş bir ifadə vardı”
(Alfons Dode, “Taraskonlu Tartarenin qeyri-adi macəraları”)
Bizdə bir şirkət var, az qala bütün bazar onun əlindədir, lakin dempinq siyasətindən şikayətlənir. Deyir Rusiyadan mal ucuz qiymətə gəlir, rəqabət aparmaqda çətinlik çəkirik, neçə ildir ziyanla çalışırıq. Əcəb durumdur. Bəs bu haqsız rəqabəti aparan kimdir görəsən? Bazara xaricdən daha ucuz malı nə cür gətirirmişlər? Bəlkə kimsə sərhəddə gizli tunel tikibdir? Nə desən olar. Üstəlik, elə dünən rayonlarımızda metro tikiləcəyi haqda xəbərlər yayılmışdı. Təklif edirəm ilk stansiya Kürdəmirdə açılsın, camaat yayda yerin altına girib sərinləsin. İndi söz əlaqədar təşkilatlarındır.
İmişi Şəkər Zavodu rəsmi şəkildə 2006-cı ildə açılmışdı. Böyük təntənə ilə. Misal üçün, qeyd olunmuşdu ki, burada neçə min nəfər işləyəcəkdir, Qafqazda yeganə şəkər zavodudur, hətta Rusiyada iş axtarmağa gedənlər zavodun adını eşidib tələsik geri qayıdıblar. Biz də çox şad olmuşduq. Azərbaycanda işsizlik həmişə böyük problemdir, camaatın bu dərdinə əlac tapılıbsa, nə gözəl. Lakin üstündən 13 il keçəndən sonra zavod elan edir ki, yalnız payızda bir-iki ay işləyə biləcəkdir. Azı son 3 ilin zərərlə işlədiyi elan olunub, bunu da nəzərə alsaq, belə çıxır zavod cəmi 10 il normal çalışıbdır. Problemin əsl səbəbi nədir? Şəkər çuğunduru sahələrində zorla pambıq əkilməsidirmi? Yoxsa elə əvvəldən bizdə şəkər istehsalı potensialı olmayıb, rəqəmlər də uydurma imiş? Heç bir məlumatımız yoxdur, heç olmayacaq da. Açıq bazar, birjalar, iqtisadi mexanizmlər çalışmırsa, əlac gümanlara, şaiyələrə qalır. Məncə bu hadisə yeni kənd təsərrüfatı naziri İnam Kərimov üçün də ciddi sınaq olacaqdır. Görək o İmişli fəhlələrinin dərdinə ASAN çarə bulacaqmı. Hərçənd, belə baxanda onluq bir iş yoxdur – özəl sektorun problemidir. Bəs o zaman niyə camaat rayon icra hakiminin üstünə, o da deyilənə görə dərman üçün Bakıya qaçıbdır? İcra hakimi bəyəm şəkər zavodunun yiyəsidir? Onun şəkərlə əlaqəsi uzağı şirinçay formasında ola bilər. Bu, iqtisadiyyatda gerçək özəl sektor yaranmasına dövlət tərəfindən törədilən əngəllərin nəticəsidir – indi məcbursan özün səbəb olduğun problemə özün də çarə bulasan. Ən yuxarı səviyyələrdə vaxtaşırı etiraf edilən gizli iqtisadiyyatın böyük payı məhz bu cür aksiyalarda görünür. Mərkəzləşmiş, avtoritar sistemlərin vaxtaşırı belə dərdə düçar olması qaçılmazdır. Azad bazar özü-özünü tənzimləyir, örtülü bazarı isə daim yamamağa məcbursan. Yoxsa camaatla arandakı dostluq pozulur. Kölə saxlamaq adamı bazburutlu edir, ancaq kölənin heç olmazsa əppəyi verilməlidir. Başqa azadlıqlar yadına düşməsə də. Əks halda bir də görürsən hardansa Spartak ortaya çıxdı… Ondan sonra gəl İmişliyə Pompeyi göndər…
Arzu edirik şəkər zavodunun dərdi aramızdakı şirinliyə təsir eləməsin, uca millətimiz yenə sevsin, sevilsin, evlənsin, Elgizlə axşamlasın, Zaurla sabahlasın, nə bilim, feysbukda kükrəsin, instaqramda süslənsin. Xoş günlərimizin əlamətləri Bakı heyvanxanası haqda xəbərdən də görünür. Zooparkın remontu ilə məşğul olan yoldaş demişdir ki, yayın axırına açılış olacaqdır, ərazi isə 4,25 hektara çatdırılıbdır. Köhnəsi 2,25 hektar imiş. Böyük artımdır. Elə bil “xruşşovkadan” “leninqradski” proyektə köçürsən. Doğrudan da, köhnə heyvanxana əsl işgəncə obyekti idi. Həm heyvanlar, həm tamaşaçılar üçün. Pələngin yeri mənim pişiyimin yerindən balaca idi. Dəvə tüpürəndə şəhərimizin qonaqlarının üzünə düşürdü. Flaminqo yazıq darısqallıqdan daim bir ayağı üstdə dururdu. Aslan aclıqdan “Allah, Allah” qışqırırdı bir aralar, ancaq xeyli ziyarətçisi yaranmışdı, camaat aslanın qəfəsinə yaylıq bağlayıb dilək tuturdu. Neçə sonsuz arvadın bu minvalla uşağı olmuşdu. Lakin gəlin hadisələri qabaqlamayaq, remontun müdirini dinləyək: “Yeni zooparkda insanların yerini məhdudlaşdırıb, heyvanların yerini genişləndirmişik. Əvvəllər heyvanlar qəfəslərdə və bağlı bir məhdud yerdə idi, insanlar isə açıq yerdə idi. İndi tamamilə fərqlidir, insanların yeri məhduddur”.
Bəli, yanlış oxumadınız. Təzə zooparkda insanlar üçün də örtülü qəfəslər olacaqdır. Buna görə şəxsən öz adımdan, həmçinin bütün adı Şirin və Şəkər olan zəhmətkeşlərimiz adından (bu dəfə zər onlara düşdü) və Zəngilan rayon poçt işçiləri adından dərin minnətdarlığımı bildirirəm.