“Qələbə qayğını sevir”
(latın məsəli)
Yol idarəsi Bakı-Sumqayıt yolunda genişləndirmə işləri aparılacağını, hər 1 kilometr yolun tikintisinin isə 778 min manata başa gələcəyini açıqlayıbdır. Görün nə qədər dəqiq hesabatlar aparılır… Ziya Məmmədovun vaxtında bizim aeroport yolunun hər kilometri 34 milyon dollara başa gəlmişdi. O zaman bu, dünya rekordu idi, çünki ona qədər ən baha yolu İsveçrədə, kilometri 24 milyon avroya çəkmişdilər, həmin yolun bahalıq səbəbi isə Alp dağlarında tuneldən keçməsinə görəydi. Güman edirik Ziya müəllim hazırda həmin vəsaitlərlə Alp dağlarında istirahət edir. Səfər Əbiyevin oğlunun Qarabağı alandan sonra xaricdə dincəlməsi kimi.
Rəqəmlər vacib məsələdir, dövri-qədimdən insanlar bunu anlamışlar. Misal üçün, qədim Şumer dövlətinə aid mixi yazılar həkk edilmiş gil lövhəciklərdə ən çox nəyin yazıldığını bilirdinizmi? Sən demə, bunlar haqq-hesab dəftərləri imiş. Filankəsin neçə qoyunu var, behmənkəs nə qədər taxıl verəcək, keçilərin sayına görə vergidən yayınanı hansı cəza gözləyir və sair. Əlbəttə, vergi ödəyəndən sonra ağlaşma, dastan-filan da qoşublar, bunsuz olmazdı. Mövzudan uzaqlaşmayaq. İndinin özündə bizim ölkədə riyaziyyata böyük maraq yaranıbdır. İki eşşəyin arpasını bölə bilənlər qabağa çəkilir, vəzifəyə qoyulur.
Ancaq yanılmalar da olur. Örnək üçün, hazırda Milli Məclisə seçkilərdə namizədlərin sayının çoxluğu vurğulanır. Deyirlər MSK 1279 adamı qeydə alıbdır, görünməmiş haldır. Doğrudan da, bundan qabaqkı seçkidə (2015) 700-dən çox namizəd mərəkəyə buraxılmışdı. Ona baxanda indi əməlli artıbdır. O cümlədən 2010-cu ildəki seçkidə namizəd sayı 695 nəfər idi. Lakin biz daha önlərə baxsaq, 2005-ci ildəki seçkidə iştirak edən namizəd sayı 2100 nəfər olmuşdu. O zamanlar seçkiyə nə qədər maraq varmış, insanlar seçkinin nəyisə həll elədiyinə hələ inanırmış… Görünür indi maraq yavaş-yavaş bərpa olunur. Təki növbəti dəfə ümidsizlik yaranmasın, YAP-ın namizədlərinin hamısı Məclisə keçsin. Yoxsa bəzən 61 nəfər keçirdi. Biz YAP-a qarşı aparılan saxtakarlığa etirazımızı bildirməliyik.
Bu arada Gəncədə həkimlər xəstənin qarnına qayçı qoyub evə buraxmışlar. Deməli, tibb sahəsində də böyük dəyişiklik yaşanır – qabaqlar bizdə xəstənin ayağını səhvən kəsirdilər. İndi sənə qayçı verib evə göndərirlər, bu isə yetərincə bahalı avadanlıqdır. İstəsən uşağın telini düzəlt, istəsən evdə açılış elə. Bu ildən bəzi bölgələrdə tibbi sığorta qüvvəyə minibdir, güman edə bilərik ki, oralarda yaşayanların qarnından daha müasir məişət cihaz və avadanlıqları – yaba, dırmıq, ətçəkən, mikser, ütü, paltaryuyan, raket və sairə – çıxarılacaqdır. İdarədən (tibbi sığorta üzrə; uzun bir adı var, yadımda qalmır) bu istiqamətdə verilən açıqlamadan isə heç zad anlamaq mümkün deyildi. Bilinmir sığorta olunan xəstəliklər hansıdır, camaat qarnında qayçı qalanda hara getməlidir və sairə. Misal üçün, orada yazmışdılar ki, xəstəxanaya göndərişi ailə həkimi verməlidir. Bu ailə həkimini haradan tapmalıyıq, məlum deyil. Bəlkə birinin heç ailəsi yoxdur. Yaxud deyir xəstəxanaya sığorta vəsaiti ilə yanaşı müştərək ödəniş adlı bir zad da ödəniləcək və bu pulu xəstə birbaşa cibindən verəcək. Özü də bu pul 5 manatdan başlayıb 100, 1000 və sairəyə qədər gedirdi. Ta sığorta nə üçündür? Sığorta idarəsi hesabına ödənilən endoprotez limitinin ildə 300 nəfər üçün götürülməsi də absurddur. Belə çıxır kim qabağa düşdü-düşdü… Bəs qalanları niyə öz cibindən təzədən pul ödəməlidir? Açıq görünür ki, tibbi sığortanın nə olacağını nə idarə, nə camaat hələ başa düşməyibdir. Bir növ, köhnə hamama köhnə tas qoyuruq, sadəcə, adını dəyişirik.