Rusiya parlamentinin aşağı palatasında deputatlar arasında əlbəyaxa dava qalmaqalı yaşanıb.
Musavat.com “73online.ru” saytına istinadən xəbər verir ki, deputat Andrey Sedov Məskunlaşma siyasəti və kommunal təsərrüfat üzrə komitənin iclasında kommunist Ayrat Qibatdinovun qeyri-ənənəvi seksual oriyentasiyasına işarə vurub. Elə əsl mərəkə də burada qopub.
Saytda verilən informasiyaya görə, hər şey Ayrat Qibatdinovun komitə sədri Andrey Sedovun həmkarlarına qarşı tərbiyəsiz davranışına görə irad tutmasından sonra başlayıb. A.Sedov isə cavabında Kommunist partiyasının fraksiya üzvlərinin “həmişəki kimi hürməyə və qışqırmağa başladığını” deyib.
“Sizin deputatlara bu cür səslənməyə haqqınız yoxdur. Görünür, buranı it damı ilə səhv salmısız”,- deyə kommunist deputat bildirib.
Cavabında isə Andrey Sedov Ayrat Qibatdinov kimi qeyri-ənənəvi seksual oriyentasiyaya malik şəxslərə aid olmadığını deyib. Bundan sonra müxalif millət vəkili Ayrat Qibatdinov qəzəblə yerindən qalxaraq ona dediyi sözləri təkrarlamasını istəyib. Hər halda araya başqa deputatların girməsi qalmaqalın dərinləşməsinin qarşısını alıb.
Qeyd etmək lazımdır ki, Andrey Sedov vaxtilə özü də Kommunist partiyasından deputat seçilib. Lakin Dumada Məskunlaşma siyasəti və kommunal təsərrüfat üzrə komitənin sədri təyin olunan gün onu partiya sıralarından xaric ediblər.
Musavat.com