“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansında olan “İsrafil Hüseynov” borudüzən gəmisinin borudüzmə zonasında texnolji avadanlıqların birində qəza baş verib.
ONA-nın xəbərinə görə, bu faktı qurumun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev təsdiqləyib.
Hazırda gəmi ilə davamlı əlaqə saxlanılır. Heyət üzvləri arasında xəsarət alan olmayıb. Gəmi hazırda “Saipem” şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə “Saipem” şirkətinin nümayəndələri çalışırlar.
Digər təfərrüatlar dəqiqləşdirilir.
***
Xəzər dənizində borudüzən gəmisində baş verən qəza nəticəsində 14 nəfər xəsarət alıb.
Bu barədə Trend-ə “Saipem” şirkətindən bildiriblər.
Şirkət qeyd edib: “Mayın 8-də, təqribən saat 18:30 radələrində “Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan “İsrafil Hüseynov” borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb və hal hazırda “Citadel” gəmisi vasitəsi ilə Bakı sahilinə çatdırılması işləri aparılır”.
“Saipem” həmçinin bildirib ki, gəminin 01:45 radələrində sahilə çatması gözlənilir: “Yaralananları dərhal Mərkəzi Nefçilər Xəstəxanasına çatdırmaq üçün limanda təcili tibbi yardım maşınları hazır şəkildə gözləməkdədir. “Saipem” şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaqdır”.
Şirkətdən verilən məlumata əsasən, gəmidə baş verən yanğın söndürülüb.