Və bir də atəşkəs dövrünün “qaziləri”
Azərbaycanda ədalətli, xalqın etimadına söykənən legitim hökumət iş başına gəlməyincə, nəinki Qarabağın və Qarabağ qazilərinin, elə əhalinin digər təbəqələrindən olanların problemi heç zaman həllini tapmayacaq. Bu sosial qruplardan olan kiminsə dərdinə əlahiddə, fərdi şəkildə, bəxtə-bəxt əlac oluna bilər, fəqət, külli halında toplumun dərd-səri yerində qalacaq və hətta ildən-ildə ağırlaşacaq.
Bu sözlərlə yəqin ki, Amerika açmadıq. Hələliksə hərə öz çulunu sudan özü çıxarmaqla məşğuldur – müxtəlif yollar, üsullar, ağla gələn və gəlməyən vasitələrlə. Bu vasitələr həm də yavaş-yavaş “təkmilləşir”. Bir ara özünüyandırma “dəbdə” idi. İndi də, əlləri hər yerdən üzülən əlacsız insanlar aclıq aksiyası ilə mərhəmətsiz hökumətə təsir edib onun məmurlarının qəlbinə rəhm salmağa çalışırlar.
Onlardan biri də, əlində necə deyərlər, daşdan keçən sənədi olan Qarabağ qazisi Namiq Ağayevdir. Diqqət: “Mənzil növbəsində siyahıda yaxınlaşmaq əvəzinə uzaqlaşıram. 2003-cü ildə 103-cü adam idim, 2008-də 106-cı oldum. Sonra da dedilər ki, nazir dəyişib, ərizən itib, sənə ev verilməyəcək. Balamı böyütmək üçün sığınacaq istəyirdim, bu da belə”.
Srağagündən ölüm aclığına başlayan N.Ağayevin qəzetimizə müsahibəsindəndir. Öz övladları ilə zirzəmidə yaşayan Qarabağ əlili onu da deyir ki, mənzil vermək üçün ondan böyük məbləğdə rüşvət istəyirlər.
Qəribədir, ölkədə 20 ildir müharibə getmirsə, yəni atəşkəs dövründə döyüşlərdə əlil (qazi) olan yoxdusa, Qarabağ qazisinin mənzil növbəsi 2003-də 103-cü yerdən 2008-də 106-cı yerə necə sürüşüb, əgər üstəlik, bu müddətdə neçə-neçə Qarabağ əlili dövlətdən mənzil alıbsa?!
Amma bir yandan hansı məmləkətdə yaşadığına fərq edəndə dərhal özünə gəlib sakitləşirsən. Əgər atəşkəs dövründə Azərbaycanda “Milli Qəhrəman” adı alan adamların sayı Qarabağ savaşlına görə bu ada layiq görülənlərin sayını üstələyirsə, nə quşqulanmaq ki?
Beləcə, ölkədə hansı problemi qurdalayırsan, altından mütləq korrupsiya yaramazlığı çıxır…
Mövzuya dolayısıyla dəxli olan başqa haşiyə: iki gün öncə düşmən Ermənistanın parlamentində Ukrayna olayları zamanı öz həyatını itirənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Amma bizim təyinatlı Milli Məclisində belə jesti ağla gətirən olmadı. Bilirsizmi niyə?
Çünki xoşumuza gəlməsə də, işğalçı ölkədə parlament seçkiləri bizdəkindən xeyli ədalətli keçib və oradakı ali qanunverici orqana yetərli sayda müstəqil mövqeli, müxalifətçi şəxslər düşüb. Halbuki, eyni reveransı Azərbaycan parlamenti edib bizə dost-müttəfiq olan Ukraynanın yeni iqtidarının gözündə ölkəmizi bir pillə qaldıra, milli maraqlarımıza rəmzi xidmət göstərmiş olardı. Yenə yanlış, yenə tarixi lənglik.
Ancaq bu da təəccüblü deyil. Zira, öz qazisinə layiqli dəyər verməyən hakimiyyət başqa ölkənin vətəndaşına, şəhidinə münasibətdə sayğı duruşuna durmaz. Eləcə də Qarabağ veteranı, Müsavat başqanının müavini Tofiq Yaqubluya dövlətin sərgilədiyi münasibət, uğrunda az qala şəhid olacağı dövlət adından prokurorun ona 7 il iş istəməsi Azərbaycan siyasi reallıqlarında tam məntiqli görünür.
Qarabağ veteranına qayğı göstərmədiniz, heç olmasa, onu saxta ittihamlarla həbsə salmayaydınız…
Qanunsuz həbslərdən, məhkəmələrdən söz düşmüşkən, neçə vaxtdır Vyana məhkəməsində Azərbaycan Mərkəzi Bankının rəhbərinin də adının hallandığı rüşvət dosyesi ilə bağlı ölkəmiz adına rüsvayçı proses gedir. Di gəl, nə Mərkəzi Bankdan, nə də bütövlükdə hökumətdən bu beynəlxalq korrupsiya qalmaqalına hələ hər hansı reaksiya verilməyib. Daşdan səs çıxır, bunlardan çıxmır.
Amma əvəzində səsləri başqa yerlərdən gəlir: Bakıda günahsız insanları, siyasətçiləri, gəncləri, dindarları zindana salıb hərəsinə qatı cinayətkarlar kimi 7-10 il iş kəsirlər. Budumu indi hüquqi dövlət?
İşə bax, orada – Vyanada rüşvətxor, korrupsionerləri ittiham edirlər, burda – Bakıda rüşvətxorlar təmiz insanlar üzərində məhkəmə-məzhəkə qurublar. Orda cinayətkarları ittiham edirlər, burda cinayətkarlar ittiham edir!
Analoqsuz ölkə necə olur ki…