Bu günlərdə bir məclisdəydim, dövlət idarələrinin birində işləyən gənc qohumumla söhbətləşirdik. Söz toylardakı təmtəraqdan, çoxlu xərc aparan çoxsaylı prosedurlardan (elçilik, “həri” məclisi, nişan, xınayaxdı, qız toyu, oğlan toyu və s.) düşmüşdü.
Qohum dedi, əmi, artıq toylara çəkilən xərclər absurda çatıb, elə şadlıq evləri var ki, qiymətləri kəllə-çarxa qaldırıblar, iş yoldaşlarımız da bir-birinin bəhsinə ən bahalı şadlıq saraylarında toy edirlər, adama da xəbər göndərirlər ki, masanın biri 120 manatdır, yəni birdən toya 50, ya 100 manat salarsınız, ziyana düşərəm…
Dedim, nə məcburdur, bir az başqalarını da nəzərə alsınlar, onların toyu təmtəraqlı, təntənəli olacaq deyə, camaat övladının boğazından, təhsilindən kəsib, bir öynəlik yemək üçün 150 manat ödəməlidir?
Razılaşdıq ki, bu cür olmamalıdır. Ölkədə hamı oliqarx, iş adamı, yüksək vəzifəli dövlət məmuru deyil, əksəriyyət ortabab adamlardır, bəlli bir aylıq qazancları var və o qazancın yüz cür xərclənəsi yeri var.
Simsarım sözünü tamamlayaraq dedi, belə edirlər ki, hamısının borcu var, qazandıqlarını aparıb banklara kredit ödəyirlər: “Biri var, görürəm, sıxıntı çəkir, bu ay aldığı maaş o biri aya çatmır, gileylənir, deyirəm, qardaş, siz də ailədə dörd nəfərsiniz, biz də, niyə bizim qazancımız özümüzə çatır, sizinki çatmır, deyir ki, biz balaca uşağa dayə tutmuşuq, böyük uşaq da lüks bağçaya gedir, ona görə”.
Bax, cəmiyyət olaraq bizim ən böyük problemlərimizdən biri də budur: varlı olmaya-olmaya varlılarla bəhsləşmək, qazancına uyğun standartda yaşamamaq, ayağını yorğanına görə uzatmamaq.
Sizə sadə məsələ kimi görünməsin. Bu, böyük problemdir, vətəndaşlara böyük problemlər yaradır, altında qalıb əzilirlər.
Tutaq ki, birinin oğurluq-doğruluq, çoxlu pulu var, gedib özünə, oğluna “Porşe” alır. Mütləq qonşuluqda kimsə bəhsə düşür: “Mənim də oğlum ”Porşe” sürməlidir”. Ay adam, sənin “Porşe” alacaq pulun yoxdur axı. “Tapacam”. Və tapır. Ya bir yerdən çırpışdırır, ya gedib bankdan kredit götürür, axır ki, o da qapısına “Porşe” gətirir. Varlı üçün problem yoxdur, beş gündən sonra “Porşe” gözündən düşür, çünki artıq hamı ondan sürür və uşaq özünə yaraşdırmır, necə yəni qonşu Əhmədin oğlu da “Porşe” sürsün, mən də, elə şey yoxdur. Beləcə, o gedib öz “Porşe”sini satır, “Gelandevagen” alır. Kredit götürüb “Porşe” almış qonşu isə aybaay bir ətək pulu boğazından kəsib borc qaytarır. Hələ gədəsi gedib o maşını vursa, daha pis, it də gedir, ip də…
Belə hadisələr yüzlərlə, minlərlədir.
Atasına dirəşib öz toyunu şəhərin ən bahalı şadlıq sarayında təşkil etdirən ərköyün qızlar var. Yenə oğlanları birtəhər başa sala bilirlər, amma nazlı qızlar ayaqlarını dirəyirlər ki, yox, “padruqamın toyu orda olub, mənimki də orda olmalıdır”. Ta nəzərə almır ki, rəfiqəsinin atası pullu yerlərdə (məsələn, lift təmiri idarəsində, bankda) işləyir və pula pul demir, ən azı “mani” deyir.
Külli miqdarda borcun altında qalan, qaytara bilməyən, ev-eşiyi əldən çıxmasın deyə qohum-qardaşından pul toplayan adamlar tanıyıram, bir baxın, nəyə görə bu qədər borca düşüblər. Qonşuluqdakı villaların içində bunun evi balaca görünürmüş, sökdürüb, “qonşudan dala qalma” inşaatına başlayıb; o birinin iş yoldaşının övladı xaricdə təhsil alır, bu da oğlunu xaricə göndərib, indi ildə 5 min avro pul ödəməlidir, ödəyə bilmir, borca girib.
Belələrinə ağsaqqal sözü də kar eləmir, ha de ki, eybi yox, qoy sənin həyətində hovuz, hamamında cakuzi, sauna olmasın, onlarsız da yaşamaq olur, əvəzində borcun da olmaz, sıxıntı çəkməzsən, deyəcək, yox ey, evimə qonaq gələndə qonşunun eviylə mənimkinin fərqini görməyəcəkmi? “Nə olsun, görəcək, cəhənnəmə görsün”. “Yoox”. “Qara ox, di get banka kredit ödə, canın çıxsın”.
“Mənim oğlum da xaricdə oxumalıdır, kimin oğlundan əskikdir” deyən qardaş, bir onlara bax, bir özünə. Əskikliyin nədə olacağını görəcəksən. Sənin heç kəsdən borc almadan övladını xaricdə oxutduranlardan, sadəcə, pulun əskikdir və bu, həlledici amildir.
Bəli, nə varlı olmaq böyük mərifətdir, nə də kasıb olmaq. Əsas məsələ altına girdiyin yorğanın kvadratmetrini düzgün bilməkdir, ayağını uzadanda açıqda qalmayacaqsa, demək, o qədər də kasıb deyilsən. Yox, özün milyonçusan, amma ayağın yenə yorğandan çıxırsa, kasıbsan. Budur məsələ.