QMİ sədri Hacı Allahşükür Paşazadə yenə Suriya mövzusunda danışıb. Orada, daha doğrusu, Bəşər Əsəd rejiminə qarşı döyüşən azərbaycanlıları nəzərdə tutaraq deyib ki, “Kiminsə siyasəti uğrunda vuruşub ölənlər şəhid deyil”.
Sitat: “Şəhid vətənində öz torpağı uğrunda, haqqı uğrunda ölənlərdir. Əsl şəhidliyi gedib haradasa, kiminsə siyasəti uğrunda döyüşməklə, ölməklə səhv salırlar. Lakin onlar bilsinlər ki, istəklərinə nail olmayacaqlar. Bunun qarşısını alacağıq!”
Suriya kimi mürəkkəb mövzuda Şeyxin belə net şəkildə və hədələyici tonda danışması adama qəribə gəlir. Əvvəla, özünü nüfuzlu din xadimi, hətta “bütün Qafqazın şeyxi” sayan kəs hədə dilini tərcih eləməz, gənc dindaşlar qarşısında əsl möminə xas inandırma vasitələrindən yararlanmaqla, səbir-təmkinlə, öz təqvalı həyat tərzi ilə, yəni əməlləri və şəxsi fəaliyyəti ilə haqlı görünməyə çalışar.
Suriya kimi dolaşıq və dindar soydaşlarımızın qarşı cəbhələrdə bir-bir ilə vuruşduğu həssas məsələdə isə hökm vermək üçün üstəlik, dərin dini-fəlsəfi biliklərə, təcrübəyə ehtiyac var. İndi görək, Şeyx bu parametrlərə uyğun gəlirmi, kiməsə bəri başdan şəhid, kiməsə terrorçu damğası vurmağa onun haqqı çatırmı?
Şəxsən mən tərəddüd edirəm. Çünki hakimlik üçün nə səhih məlumatlara, nə də yetərli dini savada malikəm. İlahiyyatçı da deyiləm. Din isə çox incə məsələdir. Ancaq onu dəqiq bilirəm ki, sevgili peyğəmbərimiz (s) “Bir kəs kömək üçün qışqıra və onu eşidən köməyə gəlməyə, müsəlman deyil” buyurub.
Bəşər Əsədin qaniçən, cəlladın yekəsi olduğu dünyaya bəllidir. Di gəl ki, Suriya rejimi tərəfdə Azərbaycandan olan şiələrin, QMİ sədrini özünə rəhbəri sayanların da döyüşdüyü bildirilir. Eyni zamanda arasında dindar soydaşlarımızın da olduğu qrupların Əsədə qarşı savaş apardığı məlumdur. Bu qrupların yekcins olmadığı, bir çox hallarda radikal üsullardan yararlandığı da söylənilməkdədir.
Şübhəsiz, Suriya olaylarında siyasət var. Din isə daim siyasətin fövqündə dayanmalıdır ki, xırdalanmasın, saf və ilahi mahiyyətindən uzaq düşməsin, kirlənməsin, haqq batilə, xeyir şərə qarışmasın, şəhid terrorçu, terrorçu isə şəhid kimi qələmə verilməsin. Bu missiya isə öncəliklə din xadimlərinin, ilahiyyatçı-ruhanilərin üzərindədir.
Şeyx həzrətləri “kiminsə siyasəti ilə döyüşməyi” caiz saymır. Lap yaxşı. Ancaq bəs onun özü illərdir siyasətin, şübhəli biznesin içində deyil ki? Azərbaycanda insan haqlarını tapdayan, inanc adamlarını belə şərləyib zindanlara dolduran zorakı aparatın yanında qərar tutmayıb ki? Ona dəstək vermir ki? Seçkilərin saxtalaşdırılmasında, xalqın səsinin oğurlanmasında ta Məkkəyədək, hər yerdə, öz “dindar dəstəsi” ilə iştirak etmir ki?
Bal kimi edir. İslam Peyğəmbəri (s) zalımın zülmünü onun üzünə deməyi cihad sayıb. Lakin QMİ sədri mövcud rejimin siyasətini tənqid etdiyi üçün, hicabın, digər dini dəyərlərimizin müdafiəsinə qalxdığı üçün içəri salınan ilahiyyatçıları, gənc və inanclı “Eurovision” məhbuslarını nəinki müdafiə eləməyib, əksinə, onların həbsinə haqq qazandırıb. Artıq uşaq da bilir niyə görə – hakimiyyətin qorxusundan, bəzi natəmiz maraqlara, işlərə görə.
Yeri gəlmişkən, Şeyx haqqında mətbuatda vaxtaşırı kompromatlar dərc olunur. Fəqət, biz bu günədək “bütün Qafqazın şeyxi”ndən yönlü izahat eşitməmişik. Eləcə də onun deputat-biznesmen qardaşı Cavanşir Paşazda haqda mətbuatda gedən və təkzib olunmayan şok faktlar…
Sözü ona gətiririk ki, şəhidlik, haqq-batil məsələsində biznesmen QMİ sədri ədalətli arbitr ola bilməz. Bu, onluq deyil. Məzhəbindən asılı olmayaraq, nə Azərbaycanda, nə də ölkəmizdən kənarda onu heç kim bu statusda qəbul eləmirsə, sözünü sanballı saymırsa, məsələ aydın deyil?
Azərbaycanda az qala insanların Qarabağ uğrunda şəhid olmaq, partizan dəstələri yaratmaq kimi haqqı belə əlindən alınıbsa, normal dini maarifləndirmə işinin getməməsində əsas günahkarlardan biri QMİ sədrinin özüdürsə, o zaman Şeyxin “onlar bilsinlər ki, bunun qarşısını alacağıq” hədəsi ekzotik görünmürmü?
Məşhur ifadə ilə desək, nəylə Alış?..