“Dünya var, vətən boş şeydi,
Bitirən var, bitən boş şeydi!..
Can var, bədən boş şeydi,
Bədən bez içində gizlənib”
(Şaiq Vəli)
Azərbaycan radiosu xəbər verdi ki, Ermənistan növbəti dəfə boşalır. Deyir, ilin əvvəlindən oranı daha 10 min erməni tərk edibdir. Hazırda ərazidə 2 milyon 900 neçə minsə erməni qalmışdır. Qaçırlar. Bircə üzü bəri gəlməsinlər.
Bunun 2008-ci ilin avqustundakı rus-gürcü savaşının onilliyinə təsadüf eləməsi maraqlıdır. Deməli, biz müdrik addım atmışıq, gözləmişik, Ermənistan özü yavaş-yavaş mövqeləri verəcəkdir, Paşinyan isə axırıncı erməni “boyevik”ini də Köçəryanın yanındakı kameraya salacaqdır. On il qabaq bu vaxtlar isə gürcülərin işi doğrudan çox çətin idi. Saakaşvilinin qalstukunu yeməsi, Tiflisə getmək və Gürcüstanı Putinin əlindən xilas etmək istəyən Fransa prezidenti Sarkozinin başının dəstəsiylə məcburən Gəncəyə enməsi… Eh, nə günlər var idi. İndi isə biz Gəncə hadisələrindən danışırıq. Daha doğrusu, bu cümlənin yeri yoxdur. Temamız ayrıdır. Atalar yaxşı deyibdir, bağban tələsər, armud vaxtında yetişər.
Bizim dözümlü şəkildə, səbirlə lazımı gözləməyimiz nəticəsini verir. Dünən hətta Tovuzda gömrük idarəsində iki işçini rüşvətə görə tutublar! Rüşvət almaqda suçlananlardan biri isə nə az, nə çox – polkovnikdir! Fantastikadır. Kimin ağlına gələrdi… Elə güclü insanların yıxıldığını görürük ki, ağzımız açıq qalır. Bunlar hamısı, əlbəttə, məqsədyönlü, uğurlu daxili və xarici siyasətin nəticəsində olur. Zarafat eləmirəm. Heç buna halım da yoxdur, çünki ağaclarla bağlı kədərli xəbər oxudum. Bircə bu işdə kəskin tədbirlər də görülsə adam hətta YAP emblemindəki ağacın kölgəsinə çəkilməyə razılaşar. Çünki hüquq-mühafizə orqanları ekologiyanın keşiyində ayıq-sayıq durub qum-çınqıl karxanası açan, çaylaqda və dəniz qırağında qanunsuz eşələnən bir neçə müdiri tutsa da ağacları qıranlara qarşı bu amansızlıq yoxdur. Uzağı beş-on manat pul cəriməsi yazırlar, həmin təbiət düşmənləri də işini davam etdirir.
Özü də bu manyaklar ağacların axırına çıxmağın “novator” üsullarına girişiblər. Dibinə sulfat turşusu töküb qurudurlar. Biləcəridə “Bulaq” restoranının yiyəsi olan bandit keçən aylarda 55 küknarı bu cür məhv eləmişdi. Nəsimi rayonunda 4 ağacın dibinə turşu töküblər. Yasamaldan, Suraxanıdan, Səbayeldən… vaxtaşırı oxşar xəbərlər gəlir. Bakı iqlim etibarilə faktiki səhrada yerləşir. Burada torpağın humus qatını külək sovurub aparır, Bakıda ağac əmələ gətirmək, yalan olmasın, beş uşaq saxlamaq, BDU-da doktorluq müdafiə eləmək, “Məhsul” stadionunda mitinq, nəşriyyatda qəzet (özümüzü də əlavə edim, obyektiv görünək) çıxartmaq qədər çətindir. Pakistanda oxumaq istəyən qızların üzünə turşu atan alçaqlar var, bizdə də ağacların dibinə turşu tökən manyaklar. İstəsəniz bunu müsəlman həmrəyliyimizin bir növü kimi qeydə ala bilərsiniz.
Qayıdaq Ermənistanın boşalması, Azərbaycanın dolub-daşması temasına. Sumqayıtdan da xoş xəbər almışıq, deyir orda icra hakimiyyətinin binası öz köhnə görkəminə qaytarılacaqdır. Sən demə, həmin bina hələ sovetin vaxtından tamamən sarmaşıq içində imiş, lakin 5-10 il qabaqkı icra hakimi sarmaşıqları hansısa üsulla (sulfat olmasın?) qurudub, ondan sonra binanın üzü açılıb. İndi isə orada yenidən sarmaşıq əkiblər, bir neçə ilə icra hakimiyyətinin əvvəlki görkəminə qayıdacağı proqnoz edilir. Əhsən. Necə gözəl addımdır. Qoy bütün icra orqanlarımız lianalara, sarmaşıqlara bürünsün, şikayətçilər isə Tarzan kimi səslər çıxararaq ümumi şöbəyə hoppanıb şikayətlərini çatdırsınlar. Həmçinin sarmaşıq çox olsa it-qurddan gizlənmək də asan olar. Hələ ki açıq cəmiyyət qurmaq bizə tam yaraşmır, Gəncə iyul hadisələri də bunu göstərdi. Ancaq tək sarmaşıqla iş düzəlmir, yaxşı olar bütün rayon icra hakimiyyəti və bələdiyyələrin qabağında içi su dolu xəndəklər qazılsın. Misal üçün, bir neçə ay qabaq hansısa yaramazlar Biləcəri bələdiyyəsinin sədri Hikmət müəllimi kabinetində döyməyə cəhd etmişdi. O cümlədən pəncərələrdə içi yandırıcı maye dolu küplər saxlamaq yaxşı olardı.
Deyəsən, mövzudan çox uzaqlaşdıq, hamısı Azərbaycan radiosunun hikmətindəndir. Adamı qanadlandırır, pərvazlandırır.