Dünən Samir Məmmədov ad-soyadlı sosial şəbəkə fəalı facebookda olduqca ibrətamiz bir hekayət paylaşıb.
Hekayət belədir: “Bizim blokda 5-ci mərtəbədə qoca bir nənə qalır. Yoldaşı 5 il əvvəl ölmüşdü. İki il əvvəl isə qızı öz yoldaşı və 2 körpə uşağı ilə avtomobil qəzasında faciəvi şəkildə həyatdan köçmüşdülər. Bir gün evimə gələrkən blokun qapısına yapışdırılmış və əl yazısı ilə aşağıdakı sözlər yazılmış bir kağız elan gördüm: ”20 manat itirmişəm – tapandan xahiş edirəm 76 nömrəli mənzilə qaytarsın, pensiyam çox azdır, çörək almağa pulum yoxdur”.
O mənzildə həmin qoca nənə yaşayırdı. Cibimdən 20 manatı çıxarıb 5-ci mərtəbəyə qalxdım. Pulu nənəyə verdikdə o ağladı: “Çox sağ ol. Sən mənə pul gətirən 20-ci adamsan”.
Mən ondan uzaqlaşıb liftə yanaşdıqda nənə mənə dedi: “Oğlum, qapıdakı elanı çıxardarsan. Onu mən yazmamışam”. Nənə dayanmış və ağlayırdı…”
Təsirli hekayətdir, elə deyilmi? Burada çox şey var. Qəzavü-qədərin yaman günə qoyduğu, puç, şil-şikəst etdiyi insan taleyi, onun tənha həyatı, iztirabları, dərdi, möhnəti, çəkilməz acıları, üstəgəl, maddi sıxıntısı…
Bir tərəfdə də 20 vicdanlı, rəhmdil, yaxşılıq etməyi bacaran, səxavətli insan…
Onların heç biri o qarının itirdiyi pulu tapmayıb, amma hamısı özünü pul tapmış adam kimi göstərib və onu qaytararaq, öz vicdani borclarını yerinə yetiriblər. Əslində bu hərəkət adi vicdanlılığın üstündə bir aktdır. Əgər onlar həmin itirilmiş 20 manatı tapmış və qaytarmış olsaydılar, bu, vicdanlı hərəkət olardı. Ancaq bu şəxslər nənəyə tapmadıqları pulu qaytarırlar, bu yolla ona mərhəmət göstərirlər, qarıya minnət qoymaq istəmədən, onun əlavə psixoloji sarsıntı, sıxıntı yaşamasını arzulamadan…
Qarı da vicdanlıdır, etiraf edir ki, ona artıq 20 adam yardım edib. Eyni zamanda o, həmin elanı özünün yazmadığını bildirir və onun çıxarılmasını istəyir. O, ətrafda yaşayan insanların ona acımasını, yardımları davam etdirməsini istəmir. Bəlkə də o, heç 20 manat itirməyib. Belə bir elan yazmağı hansısa daha bir vicdanlı gənc sırf qarıya yaxşılıq etmək, sıxıntılarını yüngülləşdirmək üçün düşünüb.
Görürsünüzmü, birdən-birə bir binanın bir blokunda nə qədər vicdanlı, rəhmli, anlayışlı insan var. Onlar kənardan başqa cür görünə bilərlər, amma içlərində mərhəmət, şəfqət daşıyırlar və onu tanıdıqları adamdan əsirgəmirlər.
Biz hər gün insanların rəhm damarını tutaraq sümürmək istəyən xeyli adamla rastlaşırıq və onların səmimiyyətinə inanmadığımızdan üzümüzü çevirib gedirik, hətta hərdən 20 qəpiyi belə onlara qıymırıq.
Əmin ola bilərsiniz ki, cibindəki, çantasındakı puldan 20 manat ayıraraq binəsib qarıya “bu sizin itirdiyiniz puldur, tapıb gətirmişəm” deyən insanlar küçədə hər gün rastlaşdıqları dilənçilərə 20 qəpik vermirlər. Çünki onlara inanmır və onları tüfeyli, dələduz sayırlar.
İnsanlar aldadılmalarını istəmirlər. Onların əlindən hər cür yaxşılıq gələr, təki yardıma möhtac olanları tanısınlar və heç kəs onların incə duyğularından sui-istifadə etməsin.
İllərdir hər gün işə gələndə yol kənarında dayanıb dilənən 30-35 yaşlı bir qadın görürəm. Bir neçə il öncə onun qucağında 40-ı təzə çıxmış çağa vardı və çoxları o körpəyə görə o qadına əl tuturdu. Hazırda həmin qadının körpəsi bir qədər yekəlib, anasının yanında dayanaraq maşınlara təpik atacaq qədər dirçəlib. Qadın isə yenə həmin yerdədir, öz işinə davam edir və artıq maşınlarının pəncərəsindən əlini uzadıb ona sədəqə verənlər azalıb.
Adam fikirləşir, görəsən, bu qadın xadimə, qabyuyan və sair bu kimi sırf qadın əməyi tələb edən işlərdə çalışmağı ağlından keçiribmi? Axı bu, nə qədər olmasa da istidə, qar-boranda, küləkdə, yağışda körpə uşaqla birlikdə yol kənarında dayanıb dilənməkdən daha rahat ola bilər. Yoxsa o, xadimə işləməyi özünə yaraşdırmır?
Bir küçədə yeddi dilənçi gördüklərindəndir ki, insanlar yardıma gerçəkdən də ehtiyacı olanlarla tənbəl parazitləri bir-birindən ayıra bilmir və hər ikisinə eyni münasibəti göstərirlər.
Uzun sözün qısası, hər cür oğrusu, əliəyrisi, dələduzu, insafsızı, cələkəsəni, rüşvətxoru, yaramazı olsa da, bizim xalq, bax, budur. O, bir binəsib qarının itirmədiyi 20 manatı “taparaq” qarıya qaytaran adamlardan ibarətdir.