Açarlar arxivi, mat qoyarlar KİV-ləri…
Müsavat başqanını öz arxivinin bir neçə səhifəsini açmağa vadar edən səbəblər ortada; Elçibəyə ehtiram etməyənlər 75 yaşlı ahıldan nə istəyirlər…
Jurnalist Alya Yaqublu çox dəqiq qeyd etmişdi ki, bu seçkidən sonra İsa Qəmbər heç vaxt etmədiyi bir şeyi etdi. Müsavat başqanı bu dəfə ünvanına ittiham səsləndirənlərə barmaq tuşlamaqdan çəkinmədi.
Ötəndəfəki seçkilərdə qoşulduğu blokların seçkidə qələbə qazanmasından, ancaq faktiki olaraq bu qələbənin nəticələrinin qarət edilməsilə müşayiət olunan uğursuzluqlardan sonra İsa Qəmbər həmişə məsuliyyətin yüklü bir hissəsini öz üzərinə götürür, bir sıra incə detallara varmırdı. Nəticədə hamıya düşən qınaqdan ona da düşürdü.
Bu dəfə isə İsa Qəmbər seçkidən keçən iki ay ərzində bu xüsusda sussa da, “Azadlıq” radiosundakı qalmaqallı müsahibədən sonra ənənəvi şakərinə uyğun olaraq, “hesabı içəri verməyi” lazım bilmədi və öz arxivinin bir neçə səhifəsini açdı.
Hiss olunur ki, Müsavat başqanı buna vadar olub. Onu buna məcbur ediblər. İsa Qəmbər kimi hövsələli, bildiyinin hamısını heç vaxt deməyən, mübahisəyə, qovğaya cəlb olunanda həmişə barışığa əl yeri saxlayan bir siyasətçinin bu kimi üstün keyfiyyətindən başqalarının, xüsusilə də rəqib-müttəfiqlərinin sui-istifadəsi, onun, nəhayət, çoxdan atılmalı addımı atmasına səbəb oldu.
Əslində hələ həmin müsahibənin gedişində İsa Qəmbər qərəzli suallarını, kontekstdən çıxarılmış fikirlərini, təhrif etdiyi iqtibasları ərəb muncuğu kimi ard-arda sıralayan jurnalistə bir neçə dəfə “bir balaca araşdırma aparmağı”, “yaxın tarixin arxivinə müraciət etməyi” məsləhət görərək, ünvanına səslənən bitib-tükənməz ittihamlara cavabı olduğunun anonsunu vermişdi.
Fəqət, bu kimi xəbərdarlıqların heç bir rolu olmadı və yoxdur. Bir sıra siyasi fəallar (onların arasında partiya funksionerləri, sıravi fəallar, jurnalistlər də var) əvvəlcədən sözləşibmişlər kimi eyni təhrifləri, eyni yanlış yozumları təkrar etməkdədirlər. Müxalifət düşərgəsinə aid olan minlərlə insanın – funksionerlərin, fəalların, gendən-genə rəğbət bəsləyən təəssübkeş və tərəfdarların gözü önündə bir neçə ay öncə yaşanmış hadisələrin səlnamələşdirilməsində qaba bir saxtalaşdırma müşahidə olunur.
Həm də bunu əsasən o adamlar edirlər ki, prinsipcə, yol verdikləri yanlışlıqlara, səhvlərə görə susmalıydılar, həmin mövzuda danışmamalıydılar. Ancaq onlar ayıblarına kor olmaq əvəzinə “həm suçlu, həm güclü olmaq” taktikası seçib, Anadolu türkləri demişkən, “zeytun yağı kimi üstə çıxmaq” yolu tutublar.
Bu həşirin nəticəsi belə oldu: İsa Qəmbər 2013-cü il prezident seçkisi kampaniyasında özünün və bəzi müttəfiqlərinin verdiyi açıqlamaları, müsahibələri dərc olunduqları tarixləri ilə, onları dərc edən media qurumlarının adı və elektron versiyasının bağlantıları göstərilməklə komplektləşdirib mətbuata təqdim etdi.
(http://musavat.com/news/siyas%C9%99t/X%C9%99dic%C9%99-%C4%B0smay%C4%B1l:-%C4%B0ddia-edir%C9%99m-ki_174178.html)
Bu bir kitablıq materialda Milli Şuraya daxil olan şəxslərin, ayrı-ayrı qüvvələrin hansı ayın neçəsində necə açıqlama verdikləri, hansı mövqedə olduqları birər-birər qeyd olunub. Bunu oxuyandan və xəfifcə analiz edəndən sonra, durub təzədən mübahisə etməyin yalnız bir adı ola bilər: cığallıq.
Oxuyursan, məlum olur ki, bu kampaniyada əvvəldən axıra qədər prinsipial mövqe tutan, ictimaiyyətin mənafeyi, dövlətin istiqlaliyyət kursu və demokratik dəyərlərə hörmət baxımından bir addım sağa, bir addım sola sapmayan yalnız bir nəfər olub və o şəxs sona qədər dürüst mövqe tutmağa çalışıb. Həmin şəxsin kimliyi zatən bəllidir və materialı oxuyanda hər şey bariz şəkildə göz önündə canlanır.
Gözlərini hakimiyyət ehtirası, girəvədən istifadə edərək pul-para qazanmaq hərisliyi qapamış adamlar isə o vaxt qırx dil danışırdılar. Hələ Müsavat Milli Şuranın nizamnaməsinə Avrointeqrasiya ilə bağlı maddə salınması üzərində israr edərkən, bu təklifi süngü ilə qarşılayanlar vardı və hiss olunurdu ki, onlar hakimiyyət əldə etməkdən ötrü sərbəstcə, heç bir utanma kompleksi yaşamadan “rus layihəsi”ndə də iştirak edə bilərlər, “İran layihəsi”ndə də, “Amerika layihəsi”ndə də.
O zaman Müsavat öz nüfuzundan, tərəfdarlar korpusundan istifadə edərək prosesin bu axarını dəyişdirməyi bacardı, “həris”lər öz niyyətlərini xeyli dərəcədə pərdələdilər, başqa ritorika (“demokratiyanın qələbəsi”, “ölkənin xilası” və s.) ilə danışmağı üstün tutdular.
Ümumiyyətlə, 2013-cü il kampaniyasında bir sıra qaranlıq məqamlar vardı, qazanlar qapalı qaynayırdı. Müxalifət düşərgəsinin bir cinahındakı “ya İbrahimbəyov, ya İbrahimbəyov” canfəşanlığının, “Milyarderlər İttifaqı” adlanan qrupun qabarma-çəkilmələrinin pərdəarxası məqamları hələ tam açılmayıb. Bəzi qüvvələrin nədən günortadan sonra dissident olmuş möhtərəm kino xadimini az qala xalq hərəkatının lideri səviyyəsinə yüksəldərək, fetişləşdirdiklərinin, ətrafında şəxsiyyətə pərəstiş haləsi qurduqlarının, buna qarşı olanları sözün birbaşa mənasında didməyə hazır olduqlarının əsl səbəbləri indilikdə ictimaiyyətə açıqlanmayıb. Ortada sadəcə, müəyyən informasiyalar, gümanlar var. Yalnız o məlumdur ki, bu haray-həşir təbii təşəbbüslər deyildi, “Züleyxaya dil verən vardı”.
Bunun üstündən hələ də “bitaya göndərilmiş kart”la oynamağa çalışanların məntiqini anlamaq çətindir. Başqa vaxt “meydan gənclərə verilməlidir”, “gənclərin önü açılmalıdır” deyən , hələ 15 il öncə 40 yaşlı İsa Qəmbəri qoca elan edib siyasəti tərk etməyə çağıran şəxslər birdən-birə 75 yaşlı ahıl adamın ətrafında sıx birləşməklə nə etmək istəyirlər? Bu mövqe nəyin bədəlidir? Vəfa məsələsidir, yoxsa nəsə bir öhdəlikdir? Vəfa məsələsidirsə, bunu 14 il öncə öz partiyalarının sədrinə, xalq hərəkatının lideri Elçibəyə qarşı niyə sərgiləmirdilər?
Ən paradoksalı odur ki, vəfatından bir həftə, bir ay öncə qəzetlərdə Elçibəyin zöhrəvi xəstəlikdən əziyyət çəkdiyini yazaraq, onun reputasiyasına zərbə vurmağı düşünən şəxslər mərhum Elçibəyin Rauf Arifoğludan incik olduğunu eninə-uzununa yazır, qələmə verməyə çalışırlar ki, elə bil, Elçibəy bunlardan yox, “Yeni Müsavat”dan narazıymış. Yaxşı ki, arxivlər var və o arxivlərin açılması zaman xəcalət təri tökəcək adamlar başqalarıdır.
Haşiyə: 2000-ci ilin baharında bu sətirlərin müəllifi Elçibəyin xüsusi dəvəti ilə jurnalistlər Zahid Mirəlioğlu və Firudin Qədiroğlu ilə birlikdə AXCP sədrinin evində olduğu zaman, onunla geniş söhbət edərkən, bu mövzuda da söhbət düşdü. Elçibəy bu barədə gülə-gülə danışdı və dedi ki, mən Raufu çox istəyirəm, amma o, İsa Qəmbərin komandasında yer aldı. Vəssalam. Elçibəy bu sözləri deyərkən, nə üzünün ifadəsində, nə də səsində nifrət, hiddət yox idi, yalnız təbəssüm vardı.
Təbii ki, bu qədər qaba, həm də silsiləvi şəkildə davam edən təhriflər, ictimai rəyin bilərəkdən çaşdırılması öz adekvat cavabını almalıdır. Çünki bu sayaq Göbbels təbliğatıyla (“yalanı o vaxta qədər təkrar et ki, axırda inansınlar”) siyasi fəaliyyət göstərmək xeyirliyə deyil. Bu cür adamların hakimiyyət əldə edəcəkləri təqdirdə xalqın başına hansı oyunları açacağını bilmək üçün müdrik analitik olmağa ehtiyac yoxdur. Yalanı üfürüb-üfürüb şişirdən YAP hakimiyyəti göz önündədir. Xalq bir yalançı, saxtakar, təhrifçi, haray-həşirçi hakimiyyəti başqa bir yalançılar, saxtakarlar güruhunun əvəz etməsinə təhəmmül edə bilməz.
Mövcud rejimi xalqıyla, tərəfdarlarıyla dürüst olan, kursundan sapmayan, hakimiyyət əldə etməyi qarşısına son məqsəd kimi qoymayan, onu xalqın, dövlətin problemlərini həll etmək üçün vasitə sayan qüvvələr əvəz etməlidir.
Kimlərsə mütləq deyəcəklər, yazacaqlar ki, siyasətdə dürüstlük, səmimiyyət söhbəti boş şeydir, siyasət çirkli işdir və sair və ilaxır. Bu rəydə olanları qınamaq olmaz, gördükləri budur. Haray-həşirçilər çoxlarının gözünü pərdələyib. Amma bir arada arxivlərə də baş vurmaq, kimin 10, 15, 20 il öncə hansı mövqedə olduğunu, hansı şüarları səsləndirdiyini, hansı prinsiplərə sadiq qaldığını və kimlərin eyni müddətdə neçə cild dəyişdirdiklərini, haralara yamanmağa çalışdıqlarını araşdırmaq, öyrənmək faydalı olar. Xüsusilə də bunu gənclər etsinlər ki, yanlış yollara düşməsinlər.
Milli kitabxanada 2-3 gün əziyyət çəkməklə son 15 ildə baş verənləri, yazılanları yenidən gün işığına çıxarmaq mümkündür və o zaman bir çoxları gərək bir daha brifinq keçirməsin.