Gürcüstanın artıq sabiq sayılan prezidenti Saakaşvilinin gürcü xalqı üçün gördüyü işlər şübhəsiz, ölçüyəgəlməzdir. Dəqiq qiyməti yəqin ki, əlahəzrət zaman verəcək, ancaq bir şey aydındır ki, ABŞ-a arxalanıb 2008-ci ilin avqust avantürasına getməsəydi, o, gürcülərin yaddaşında daha qiymətli, daha əziz obrazda qalacaqdı. Bütün hallarda onun öz ölkəsində apardığı inqilabi xarakterli qurucu islahatlar avtoritar rejimli ölkələrə örnək sayıla bilər.
İndi də keçək onun başqa ciddi səhvinə. Bəli, Saakaşvili Gürcüstan çapında mühüm işlər gördü. Ancaq əfsus ki, bir demokrat olaraq ölkə dışında onun tutaq ki, demokrat Nelson Mandella kimi ümumbəşəri dəyərlərə, demokratik dünya görüşünə sadiqliyinin şahidi olmadıq. Ələlxüsus, Azərbaycandakı hakim rejimə münasibətdə.
Saakaşvilinin Bakı səfəri zamanı bu rejimə təriflər yağdırması hər kəsin yadındadır. Onun 9 oktyabr prezident seçkilərində Demokratik Qüvvələrin Milli Şurasını aşağılaması və qurumu 2008-ci ilin avqust uğursuzluğuna görə nifrət elədiyi Putinə bağlaması isə qeyri-demokratik yanaşmanın zirvəsi sayıla bilərdi.
Məntiqlə “demokratın demokratdan savayı dostu yoxdusa”, o zaman bəs, nədən Saakaşvili Azərbaycanın demokratik müxalifət düşərgəsinin yanında deyil, təməl azadlıqlara qənim kəsilən bir qüvvənin yanında yer alsın? Demokrat hara, antidemokratik bir üsul-idarəyə yaltaqlanmaq, yarınmaq hara? Ucuz mədhiyyələr hara?..
Nə yazıqlar ki, prezident postundan gedəndən sonra da Saakaşvili Putinin acığına rəsmi Bakıya reveranslarını davam etdirir, faktiki YAP yetkilisi kimi, hətta sabiq amerikalı səfirlər, hazırda cibində YAP vəsiqəsi gəzdirən Stenli Eskudero və “benzin” alverçisinə çevrilmiş Metyu Brayza kimi danışır, Azərbaycan iqtidarının havadarı qismində çıxış edir. Guya rəsmi Moskva Azərbaycan hakimiyyətini dəyişdirmək planlarından əl çəkməyib.
Bax, bu, artıq ucuz sensasiyadan da betər bir iddiadır. Yenə o, ilk dəfə belə şeyi dilə gətirəndə Azərbaycanda 5 nəfər inanmasa da, biri Saakaşvilini ciddi saymışdı. Amma indi – 9 oktyabr seçki tamaşasından sonra, Moskvanın da bu seçkiləri demokratik, ədalətli kimi qiymətləndirməsindən sonra belə bir şeyi səsləndirmək…
Ümumiyyətlə, Kreml Azərbaycanın silahlı qüvvələrindən tutmuş yüksək siyasi postlaradək “rus uşaqlarının” geniş təmsil olunduğu bir hakimiyyəti niyə yıxsın ki? Rusiyaya bundan yaxın, bundan doğma, bundan sərfəli hakimiyyət Azərbaycanda olmayıb, olmayacaq. “Ətini nə qədər yesə də” Moskva bizdəki hakimiyyətin “sümüyünü” atmaz axı. Üstə gəl, Bakı ilə Moskva arasında vüsət alan çoxmilyardlı silah alış-verişi. Bütün istiqamətlərdə işlər əgər yağ kimi gedirsə, bahalı və riskli hakimiyyət dəyişikliyi ssenarisinə Putinin qol qoyacağına inanmaq mümkünmü?
O ki qaldı Rusiyada soydaşlarımızın sıxışdırılmasına, bu məsələ də tezliklə unudulacaq. Ən əvvəl də ona görə ki, onun uzanması Rusiyanın özünün iqtisadi maraqlarına ziddir, kasad büdcəsinə isə ziyan. Miqrantlarımız isə kütləvi şəkildə Azərbaycana geri dönəsi deyillər. Burdakı daha dözülməz rejimdən yaxşı xəbərdar olduqları üçün onlar Qazaxıstana üz tutar, ancaq bura gəlməzlər! Demək, miqrant amili ilə iqtidara təzyiq ehtimalı da real deyil.
Həmçinin Qarabağ məsələsində Rusiya YAP iqtidarına hakimiyyətdən savayı heç bir başqa iqtidara bunca təzyiq imkanına malik olmayacaq. Biri elə silah alveri məsələsi. Zira, demokratik hökumət yüzdə yüz Rusiya ilə deyil, NATO ölkələri ilə, Türkiyə ilə hərbi-texniki əməkdaşlığa üstünlük verəcək. Yerdə nə qaldı – Gömrük İttifaqına üzvlük? O da, görəcəksiniz, ortaq dəyərləri bölüşən iki qohum rejimin maraqlarına uyğun surətdə, – Bakı yuxarıdakı səbəblərdən Moskvaya həmişə Qərbdən bir köynək yaxın olub, – yoluna qoyulacaq…
Bütün bunları kim hesablaya bilməsə də, Kreml strateqləri əla vur-çıx edir, ciddiyə alırlar. Elə o səbəbdən şimal qonşumuz son prezident seçkilərində də qiymətini yaxşı bildiyi mövcud iqtidardan bərk yapışdı. Sonadək də yapışacaq.