Söz güləşdirmək, intriqa sürdürmək üçün yeni nifaq alması tapıldı: Rüstəm İbrahimbəyovun Milli Şuranın həmsədri olması.
Müsavat liderləri hesab edir ki, Milli Şuranın sədri postuna Cəmil Həsənli gəlməlidir, Rüstəm İbrahimbəyov isə hörmət-izzətlə istefaya göndərilməlidir.
AXCP tərəfi isə qeyd edir ki, Rüstəm İbrahimbəyovun Milli Şuranın həmsədri olması mənəviyyat məsələsidir, onun Milli Şuranın yaradılmasında müstəsna xidmətləri var və o, qurumun ilk sədri kimi kifayət qədər normal fəaliyyət göstərib, ona görə də ən azı həmsədr kimi qalmalıdır.
İbrahimbəyovun doğma, əziz təşkilatı “El”in mövqeyi isə daha kəskin və aydındır: Milli Şura Rüstəm İbrahimbəyova məxsusdur və qurumun vahid lideri də, rəhbəri də o olmalıdır – ta özü imtina edənə qədər.
Bunlardan başqa, Milli Şurada söz yiyəsi, iradə mərkəzi olan qüvvə yoxdur. Əslində hələ “El”in real qüvvəsi də sual altındadır. Çünki fəaliyyət göstərdiyi 7 ay ərzində təşkilatlana bilməyib.
Beləliklə, Milli Şurada iki güclü qrup var və onların – Müsavat və AXCP-nin mövqeyi fərqlidir.
Bu məqamda AXCP Ali Məclisinin sədri Həsən Kərimovun İbrahimbəyovdan danışarkən onun qurumun ilk sədri kimi kifayət qədər normal fəaliyyət göstərdiyini bəyan etməsinin tənqidə dözümlü olmadığını vurğulamaq gərəkdir.
Dünya şöhrətli ədibimiz, hörmətli ziyalımız məhz Milli Şuranın sədri olaraq kifayət qədər qeyri-normal fəaliyyət göstərmişdi.
Bu ilin may-iyun ayından avqustun 23-nə qədər Milli Şura ətrafında gedən prosesləri, baş verən hadisələri, verilən açıqlamaları, yaranan qovğaları, ixtilafları, gərginlikləri yenidən xatırlamağa, xatırlatmağa ehtiyac varmı?
Təkcə Milli Şuranın, bütövlükdə müxalifətin seçkidə iştirakının müzakirə olunduğu həlledici vaxtda İbrahimbəyov tərəfindən səslənən “öz işimlə, montajla məşğulam” ifadəsini, “Ya İbrahimbəyov, ya İbrahimbəyov” rədifli mənasız höcətləşməni yada salsaq, kifayətdir. Az qala bu üzdən Milli Şura seçkidən kənarda qalacaqdı.
Əslində, bu məsələdə mənəviyyat kateqoriyasının sərhədi Cəmil Həsənlinin bütün məsuliyyəti öz üzərinə götürməsindən keçir. O, müxalifət düşərgəsinin biabırçılıqdan qurtarılmasında önəmli rol oynayanlardan biri olmasaydı, bu gün Rüstəm İbrahimbəyovun özü də yalnız mənfi səciyyə ilə anılacaqdı.
Həqiqətin gözünün içinə dik baxmaq lazımdır. Zaman keçdikcə əski mənzərələr təbii fotoşopa məruz qalır, bir sıra detallar yaddan çıxır, unudulur, hətta ört-basdır edilir. Ancaq müasir dövrdə 3 ay, yarım il, 3-4 il öncənin hadisələrinin yer aldığı arxivlərə baş vurmaq hər kəsin edə biləcəyi işdir.
Siyasi məsələlərdə duyğusal davranmağa lüzum yoxdur. İnteqrasiya olunmaq istədiyimiz Avropada hansısa bir partiyanı qurub-yaradan, uzun illər uğurla rəhbərlik edən siyasi xadim üzləşdiyi ilk uğursuzluqda ya istefaya gedir, ya da istefaya göndərilir. Onun yerinə yeni sima və yeni komanda gəlir və onlar yeni güclə, yeni əzmlə siyasi mübarizəyə atılırlar.
Bizdə siyasi situasiya qat-qat fərqli olduğu kimi, ənənə də fərqlidir. Pudluq daş olub partiyasının, təmsil olunduğu blokun ayağından asılanlara nə “kənara dur” deyən olur, nə də onlar öz məsuliyyətlərini dərk edərək kənara çəkilirlər.
Hazırkı situasiyada həmin pudluq daşlardan biri və başlıcası hörmətli İbrahimbəyovdur. Seçki kampaniyası dövründə rəhbərlik etdiyi təşkilata faydası yetirdiyi ziyandan az olmuş bu şəxslə ehtiramla vidalaşmağın vaxtı çatıb.
Onsuz da o, Milli Şuraya qiyabi rəhbərlik, daha dəqiq desək, məsləhətçilik edirdi, indiki dövrdə də bundan artığını etməyəcək. Belədirsə, onu nəinki Milli Şuranın sədri kimi, heç həmsədri kimi də saxlamaq olmaz. İbrahimbəyov Milli Şuranın ağsaqqalı, fəxri sədri kimi fəaliyyət göstərsə, daha faydalı olar.
Bir də “Milli Şura İbrahimbəyova məxsusdur” kimi ziyanlı fikirlərin səsləndirilməsinin yeri yoxdur. Sentyabr-oktyabr aylarında təşkil edilən kütləvi aksiyalarda sübut olundu ki, Milli Şura əslində İbrahimbəyova məxsus deyil. Onun adını tutaraq mitinqə gələnlərin sayı çox az idi.
Əgər Milli Şura bu dəfə də dinamik və faydalı qərar qəbul edə bilməyəcəksə, demək, onun özünü buraxmaq lazımdır.