Əslində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun azərbaycanlı jurnalistə verdiyi cavabda yeni bir fikir yox idi, bu, sadəcə, siyasi həyasızlığın açıq mimikayla yenidən ifadəsiydi.
Lavrovdan qabaq eyni fikirləri hələ 20 -23 il öncədən ATƏT-in Minsk Qrupunda ABŞ-ı təmsil edən həmsədrlər də deyiblər – Presseldən Uorlikə qədər.
Onlar da daima deyirdilər və deyirlər ki, Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil, tərəflər konflikti danışıqlar yolu ilə həll etməlidirlər.
Eyni qurumda təmsil olunan fransalı həmsədrlər ermənilərə qarşı daha ilıq idilər və elədirlər.
Taleyranin xələfləri də Azərbaycanın bu münaqişənin həll etmək üçün hərbi gücdən istifadə etmək variantını birmənalı və qəti olaraq qəbul etmirdilər və etmirlər.
İndiyə qədər rusiyaı həmsədrlərin içində də başqa söz deyən olmayıb. Hətta onların içində açıq-aşkar ermənipərəst olanlar vardı – məsələn, Kazimirov.
Ümumiyyətlə, Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsindən danışan elə bir əcnəbi diplomat və ya siyasətçi olmayıb ki, münaqişənin hərbi yolla həllinə dair müsbət söz desin.
Bu xüsusda hamı sülhprvərdir, hamı dinc nizamlama tərəfdarıdır. Qarabağ Küveyt, İraq, Suriya,Əfqanıstan deyil ki, haqq-ədaləti bərpa etmək istəyən koalisiya qüvvələri işğalçıya müəyyən vaxt verə, tutduğu ərazini boşaltmadığı təqdirdə hərbi əməliyyata başlaya.
Belə şey olmayıb və olmayacaq. Böyük dövlətlər Azərbaycanın işğal olunmuş, Dağlıq Qarabağa aid olmayan rayonlarının erməni separatçıları tərəfindən 23 ildən artıq müddətdə əldə saxlanılmasına həmişə dözümlü yanaşıblar və yanaşırlar.
Biz bu daxili işimizi çoxdan böyük dövlətlərin (ABŞ, Rusiya, Fransa, eləcə də İran, Türkiyə, Almaniya, İngiltərə) boş vaxtlarının müzakirə predmetinə çevirmişik. “DQR” məsələsi çoxdan BMT, ATƏT kimi beynəlxalq təşkilatların məşğul olduğu bir “daxili iş”dir.
Göründüyü kimi, Lavrovun jurnalist Anar Həsənovun sualına cavab verərkən “bu münaqişə Azərbaycanın daxili işi deyil” deməsi boşuna deyil.
Söhbət qonşu dövlətin – Ermənistanın Azərbaycana hərbi təcavüzündən, ərazi iddiasından gedir. “Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyinetmə hüququ” söhbəti isə Ermənistanın ərazi iddiasını pərdələmək, ona hansısa formada legitimlik qazandırmaq cəhdidir.
Sabah qonşu İran Azərbaycanın bir neçə rayonuna hücum edib, onu qoparmağa çalışsa, biz, əlbəttə ki, “heç kəs qarışmasın, bu, Azərbaycanın daxili işidir” deməyəcəyik. Əksinə, dünya birliyini, hərbi müttəfiqlərimizi köməyə çağıracağıq.
Hipotetik olaraq, belə bir hadisənin baş verəcəyini təsəvvür etsək, onu da deməliyik ki, bu gün Qarabağ məsələsində susan, sülhdən danışan qüdrətli dövlətlər ləngimədən İrana qarşı effektli tədbirlər görər, aqressora geri çəkilmək üçün vaxt verərlər.
Durum budur. Qarabağın taleyinə münasibətdə böyük dövlətlərin (ATƏT-in Minsk Qrupu həmsədrlərinin) mövqeyi az qala tam olaraq üst-üstə düşür. Onların mövqeyi Ermənistanın mövqeyinə daha yaxındır, hər zaman açıq tekstlə deməsələr də, vaxtaşırı eyham edirlər ki, Qarabağın müstəqilliyinin tanınması (başqa sözlə, Ermənistana birləşdirilməsinin qəbul edilməsi) münaqişənin həlli ola bilər.
Azərbaycan isə bu variantla razı deyil və güman ki, heç vaxt da razı olmayacaq. Çünki əsrlərdir davam edən bu münaqişə, belə görünür ki, heç vaxt bitməyəcək. Ermənilərin iştahası tükənən deyil, amma Azərbaycanın hər əsrdə bir az kiçilən ərazisinin bir həddi-hüdudu var.
Bəs elədirsə, Lavrovun, daha dəqiqi, Rusiyanın Qarabağ məsələsində hər kəsə bəlli olan mövqeyinin son ifadəsi nədən bu qədər ajiotaja səbəb oldu, insanları hiddətləndirdi?
Çünki kartlar açıldı, hər zaman ütülü ifadələr pıçıldayan diplomat dodaqları çırmandı və qıcanmış dişlər göründü, ermənilərlə bizi daima tutaşdıran rusun həlledici anlarda qolumuzu tutub bizi döydürdüyü ortaya çıxdı. Və bu çox qeyri-diplomatikcəsinə, sinikliklə ifadə edildi.
Əslində bizi hiddətləndirən də həmin həyasızlıqdır. Biz güclü ola-ola qolumuzun tutulması səbəbindən aciz duruma salınmağımıza hiddətlənirik.