Hadisə bu gün səhər saatlarında rayonun Yenihəyat kəndində məcburi köçkün Sovet Ələkbərovun fərdi təsərrüfatında qeydə alınıb.
ARB Kəpəz xəbər verir ki, qısa zaman kəsiyində güclənən alov ətrafı bürüyüb.
Əraziyə Şəmkir Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Alov söndürülsə də, tövlədə olan 67 baş iribuynuzlu heyvan tələf olub.
Sovet Ələkbərov zərərçəkən: “Səhər saat 6-da bizim qarı gəldi ki, maşın yanır. Tez çölə çıxdım. Gələndə gördüm ki, nə maşın yox, ferma yanır”.
Zöhrab Ələkbərov zərərçəkən: “Qapını açmaq çətin oldu. Dəmir parçası ilə açdıq. Yanğınsöndürənlər də gəldi, ancaq gec idi. Heyvanlar ölmüşdü”.
Şəmkir Rayon Baytarlıq İdarəsinin həkimləri də hadisə yerinə gəliblər. Onlar yanğından qismən xilas olan və tüstüdən zəhərlənən heyvanlara yardım göstərməyə çalışıblar. Təəssüf ki, qapalı şəraitdə olan iri buynuzlu heyvanları xilas etmək mümkün olmayıb.
Məmməd Qasımov Şəmkir Rayon Baytarlıq İdarəsinin rəis əvəzi: Hüquq mühafizə orqanlarının araşdırmaları başa çatdıqdan sonra biz heyvanları basdırıb, ərazinin dezinfeksiya edəcəyik.
Hələlik yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. İndi Ələkbərovlar ailəsinin yeganə təsəllisi alovun ətraf ərazilərə yayılmasının qarşısının alınmasıdır.
Çünki yanğınsöndürənlər fəallıq göstərməsə yaxınlıqda yerləşən Sovet Ələkbərovun oğluna məxsus tövlə də alova qərq ola bilərdi.