Orxan Zeynalovun müsibətindən Azərbaycan və Rusiya futbol millilərinin oyun fasiləsi zamanı xəbər tutdum. Rusiyanın 1-ci kanalı qətldə şübhəli bilinən azərbaycanlıya verilən işgəncələri “nöqtə-vergül”ünə toxunmadan təkrar-təkrar yayımladı. Səbəb nə idi, yalnız başıqırxıqları, rus şovinistlərini sakitləşdirməkmi?
Çətin. İstisna deyil ki, burada əsas məqsəd digər miqrantların, xüsusilə də çörək dalınca Rusiyaya səpələnən yüz minlərlə azərbaycanlının gözünü qorxutmaq idi. Şübhə yoxdur ki, bundan sonra qafqazlı ovuna çıxan rus şovinistləri daha da qəddarlaşacaq, azərbaycanlıya hüquq mühafizə orqanı əməkdaşlarının törətdiyi qəddarlığın dövlət səviyyəsində himayəsindən sonra.
Orxan Zeynalovu Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin hüzuruna elə vəziyyətdə gətirdilər ki, elə bil Bin Ladeni xortladıb həbs eləyiblər. Zeynalovun baş-gözünə təpiklər dəyəndə, ünvanına təhqirlər deyiləndə hələ qətli məhz onun törətdiyi sübuta yetirilməmişdi. Bu anlarda o, sadəcə şübhəli şəxsi idi. Ən azı ortada təqsirsizlik prezumpsiyası var…
Rusiyada az qala hər gün azərbaycanlı qətlə yetirilir, təhqir olunur, döyülür, söyülür. Elə Orxan Zeynalovla bağlı hadisədən iki gün qabaq xəbər yayıldı ki, Rusiyada bir azərbaycanlı qətlə yetirilib. Heç olmasa qətlə yetirilənin adını açıqlamadılar. Necə olur rus öldürüləndə bu, az qala bütövlükdə azərbaycanlılara qarşı “Səlib yürüşü”nə səbəb olur, bizimkilərin qətlinin üstündən isə sakitcə keçilir? Aydındır ki, baş verənlərin arxasında xüsusi xidmət orqanlarının məxfi planı dayanır. Orxanın suçu olsa belə, bu ssenaridə qurbanlıqdır.
Bugünlərdə Rusiya hökuməti ayaqdadır, Rusiya parlamentinin növbədənkənar iclası çağırılıb. Azərbaycanın dövlət qurumlarından isə xəbər yoxdur. Axı, təhlükə ilə üzbəüz qalan, bazarı bağlanan, elə bu günlərdə həbs edilən azərbaycanlılardır. Bəlkə bizim parlament fövqəladə toplanıb, ya deputat qrupu Moskvaya göndərildi. Olmadı. Xarici və Daxili İşlər nazirliklərinin, Diaspor Komitəsinin, məsələyə müdaxiləsinə, ən azı yumşaq reaksiyasına ehtiyac var idi. Heç olmasa Azərbaycan vətəndaşının hüquqlarını qorumaq üçün iki vəkil ayırıb Moskvaya ezam edə bilməzmi?
Bəs hanı Rusiya Azərbaycanlıları Konqresi? “AzərRos”dan, “Milyarderlər ittifaqı”ndan, Rusiyadakı tanınmış milyarder azərbaycanlılardan, səfirlikdən, səfir Polad Bülbüloğlundan, Sank-Peterburqdakı Konsulluqdan niyə səs çıxmır? Necə olur ki, Rusiyada söz sahibi olduqlarını deyən milyarderlərimiz məsələyə müdaxilə etmir? Söhbət Rusiya bazarlarını özləri üçün nicat yeri sayan azərbaycanlıların taleyindən gedir. Qapadılan “Pokrovka” topdansatış meyvə-tərəvəz bazasında çürüyən meyvə-tərəvəzə görə minlərlə azərbaycanlı ziyan çəkib. 2 milyon soydaşımız Rusiyadan qovulsa, Azərbaycanda hansı vəziyyət yaranar, hakimiyyət düşünürmü?
Elə bu yazını yazarkən növbəti xəbər gəldi. “Skinxedlərin qorxusundan evdən bayıra çıxa, uşaqları məktəbə apara bilmirik. Ötən həftə Moskvanın mərkəzində ticarətlə məşğul olan bir azərbaycanlının başına çəkiclə vurub 500 min dollarını aparmışdılar, bu hadisəyə heç kim reaksiya vermədi”. Bunu Rusiya paytaxtında yaşayan bir soydaşımız yazıb.
Düzdür, Orxan Zeynalov bizim ölkənin və xalqın imicinə ağır zərbə vurub. Ancaq onun kimi xeyli vətəndaşımız var ki, faktiki olaraq qurbanlıqdır. Əgər “açılan” 1 milyon 200 min iş yerindən biri də Orxana düşsəydi, o, Şəmkirdə çalışar, 4 il əvvəl Rusiyaya alverə getməz, ata-anasını gözüyaşlı qoymaqdı. Şəmkirdə müəllim işləyən Zahid Zeynalov Rusiya kanalı vasitəsilə oğluna görə Rusiyadan üzr istəməsi də vətəndaş çarəsizliyinin nəticəsidir. Vətəndaş öz dövlətinə güvənməyəndə belə olar əlbət.
Son hadisələr Putinin səfərindən sonra da Bakı ilə Moskva arasında gərginliyin qaldığını sübut etdi. Azərbaycan vətəndaşına münasibət elə Bakıya, Azərbaycana, onun hakimiyyətinə münasibətdir. Azərbaycanda qatil olsa belə, bir Rusiya vətəndaşı ilə bu sayaq davranılmazdı. Kim bilir, bəlkə də baş verənlər Bakıya Gömrük İttifaqı ilə bağlı Kremlin mesajıdır…Başımız qurban kəsməyə qarışdığı bu günlərdə nəzərə alaq ki, Kremldə azərbaycanlıların qurban verilməsinin planı işə salınıb…