Ötən axşam Türkiyə Böyük Millət Məclisinin (TBMM) plenar iclasında millət vəkilləri arasında yumruq davası olub.
ANS PRESS-in məlumatına görə, hadisə separatçı PKK terror qruplaşmasının siyasi dəstəkçisi Xalqların Demokratiya Partiyası (HDP) millət vəkili Fərhad Encünün çıxışı vaxtı baş verib.
Encünün TBMM kürsüsündə dediyi, “polis mülki əhalini qətlə yetirir” sözləri hakim Ədalət və İnkişaf Partiyası (AKP) millət vəkilləri tərəfindən kəskin etirazla qarşılanıb. Bəzi AKP-li deputatlar Fərhad Encüyə hücum ediblər. Qadın millət vəkillərinin olduğu HDP qrupu da Encünü qorumaq üçün kürsüyə doğru irəliləyiblər.
HDP millət vəkilləri Fərhad Encünü əhatə edərək kürsüdən uzaqlaşdırmağa cəhd edərkən AKP millət vəkilləri onlara hücum edib. Plenar iclası idarə edən vitse-spiker Mehmet Aydın iclası dayandırsa da davanın böyüməsinin qarşısını ala bilmədi.
Əvvəl AKP-li Mətin Külünk və Həmzə Dağ HDP qrup rəhbəri Çağlar Dəmirəlin uzaqlaşdırmağa çalışdığı Encüyə hücum çəkiblər. Eyni vaxtda zalın arxa tərəfindən dolaşan AKP-li Növzat Ceylan da HDP qrupunun oturduğu sıralara yaxınlaşaraq Encüyə hücum edib. Ceylan araya girməyə çalışan Dəmirəli də əli ilə itələyib.