Forbes Rusiyanın ən zəngin iş adamlarının reytinqinin 13-cü versiyasını açıqlayıb.
ANS PRESS-in məlumatına görə, 200 nəfərin adının olduğu milyarderlər siyahısında 5 azərbaycanlının da adı var. Ölkədə yaranmış böhran, beynəlxalq sanksiyalar və neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, reytinqdə əhəmiyyətli dəyişikliklərə səbəb olub.
Ən varlı Rusiya biznesmenlərinin siyahısına “Novateka” (Новатэка) və “Sibura”nın (Сибура) sahibi Leonid Mixalson başçılıq edir. Nəşrin məlumatına görə, onun sərvəti 14,4 milyard dollar dəyərində qiymətləndirilir.
Leonid Mixelson – rus milyarderi
Siyahıda ikinci yerdə “Alfa-Qrup” şirkətinin sahibi Mixail Fridman qərarlaşıb. Onun büdcəsi isə 13,3 milyard dollar kimi göstərilir.
Reytinqin üçüncüsü “USM Holdings”in rəhbəri Alişer Usmanovdur. Onun sərvəti 12,5 milyard dollar dəyərində qiymətləndirilib.
Təqdim olunan siyahıya Azərbaycan əsilli milyarder də düşüb. Belə ki, Rusiyanın ən zənginləri siyahısında Vahid Ələkbərov (Bakı sakini) 8,9 milyard dollar büdcəsi ilə azərbaycanlılar arasında liderdir. Neftin qiymətinin kəskin düşməsi “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərovun gəlirlərinə də təsir edib. Belə ki, o, sonuncu dəfə reytinqdə 6-cı yerdə idisə, indi 9-cu yerdədir.
Vahid Ələkbərov – “Lukoyl” şirkətinin rəhbəri
İkinci və üçüncü varlı azərbaycanlı eyni büdcə ilə 26 və 27-ci yerləri bölüşürlər. Onlar Zarax İliyev və Qod Nisanovdur. Hər ikisinin büdcəsi 1,1 milyard dollar azalaraq hazırda 3,2 milyard dollar təşkil edir.
Zarax İliyev və Qod Nisanov
Keçmiş bakılı Fərhad Əhmədov azərbaycanlılar arasında siyahıda 4-cü, ümumiyyətlə reytinqdə isə 51-ci yerdədir. Onun büdcəsi 1,4 milyard dollar qiymətləndirilir. Fərhad Əhmədovun sərvəti ötən ilki kimi sabit qalıb.
Fərhad Əhmədov – azərbaycanlı milyarder
Nəhayət, Rusiyanın beş ən varlılarından biri də bakılı Araz Ağalarovdur. Onun gəliri 1,2 milyard dollardır. Araz Ağalarovun sərvəti də 700 milyon dollar azalıb, həmyerlimiz birdən-birə 9 pillə geriləyərək Rusiyanın ən varlı adamlarının siyahısında 55-ci yerdə möhkəmlənib.
Araz Ağalarov – azərbaycanlı milyarder