Bölgə və dünya Rusiya ilə Türkiyə arasında gərginliyi nəfəsini içinə çəkərək, maraq və diqqətlə izləməkdə davam edir. Çünki regional və qlobal sülh xeyli ölçüdə məhz bu gərginliyin sonucundan asılıdır. Optimistlər prosesin artıq kulminasiya nöqtəsinə çatdığını və bu üzdən tərəflərin barışmaq zorunda olduğunu söyləsə də, rusiyalı analitik Sotnik kimi skeptiklər əksinə – müharibənin qaçılmaz olduğunu iddia etməkdədirlər.
Gerçək isə belədir ki, hazırda nə hərb var, nə də sülh. Hələ ki əsəb savaşı gedir. Bu da sizə son qənaətin lehinə işləyən bir neçə təzə fakt: Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə Ankaranı yenə terrorçuluğa dəstək verməkdə ittiham edib, Rusiya hərbi təyyarəsinin Türkiyə hava məkanını pozmadığını, guya “Ankaranın Suriyanın şimalında, sərhəd bölgəsində hərbi gücünü möhkəmlətmək üçün bəhanə axtardığını” bəyan edib.
Deyəsən Rusiyanın əlindəki coğrafiya xəritələrində Türkiyənin hava sərhədləri qardaş ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri ilə üst-üstə düşmür axı. Hər halda sonuncu pozuculuq faktını Türkiyənin HHQ ilə yanaşı, Pentaqon və NATO da fiksə və təsdiq edib. Yəni rusların burcutmasına zərrəcə yer qalmır.
Ankaranın terrorçuluğu dəstək verməsi iddiasına gəlincə, bu da əlbəttə ki, absurddur və şimal qonşumuzun “çağırılmamış qonaq” qismində Suriyaya girməsini əsaslandırmağa yönəlik növbəti bəhanə axtarışından savayı bir şey deyil. Ən azı, ona görə ki, Türkiyə lap əvvəldən terrorla mübarizənin ön cəbhəsindədir və o üzdən terrordan da ən çox əziyyət çəkən üç ölkədən biridir.
Təsadüfi deyil ki, Rusiya rəsmisinin açıqlamasından dərhal sonra Türkiyənin baş naziri Əhməd Davudoğlu Kremli və Əsəd rejiminin digər müttəfiqlərini bu ərəb ölkəsində hərbi cinayətlər törətməkdə suçlayıb. Bunun ardınca isə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Türkiyəni Suriyaya intensiv hərbi müdaxiləyə hazırlaşmaqda ittiham edib.
Beləcə, Moskva və Ankara arasında əsəb savaşı səngimək bilmir – hərgah, əksər təhlilçilərə görə, münasibətlərdəki böhran nə Moskvaya və Ankaraya, nə də bütövlükdə bölgəyə yaxşı heç nə vəd eləmir və bunun altını ən əvvəl iki dövlətin xalqı, iş adamları, sadə vətəndaşlar, ortaq ailələr çəkir, çəkəcək.
Ancaq bu gün o fakt da ortadadır ki, belə təhlükəli durum məhz Rusiya Suriyaya girdikdən sonra, yəni bilavasitə Kremlin günahı və səhvi üzündən ortaya çıxıb. Ayrı sözlə, ortada Türkiyəlik bir şey yox. Hətta Ankara rəsmilərindən biri bu günlərdə belə bir ifadə işlədib ki, “biz yalnız özümüzü yanımızda peyda olan Rusiyadan qorumağa çalışırıq”.
***
Yazı hazırlanarkən isə xəbər gəldi ki, prezident Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüş təklifindən imtina edib, ümumiyyətlə, belə bir görüşün planlaşdırılmadığı bəlli olub. Beləcə, top yenə Rusiya tərəfdə qalmaqda davam edir. Çünki rəsmi Ankara bununla neçənci dəfə səmimi şəkildə münasibətlərin qaydaya salınmasında maraqlı olduğunu nümayiş etdirib. Ona görə yox ki, qardaş ölkə Rusiyadan çəkinir, o səbəbə ki, situasiyanın öz xalqının maraqlarına uyğun olmadığının fərqindədir.
Görünür, Kremli rus xalqının düşdüyü ağır iqtisadi-sosial durum ciddi düşündürmür. Ərdoğanla Putini sərt liderlər olaraq, çox hallarda bir-birinə bənzətsələr də, iki ölkənin siyasi sistemləri və idarəçiliyindəki başlıca fərq də zatən, budur: Türkiyədə sistem toplumun maraqları üzərində qurulubsa və legitimdirsə, Rusiyada hakim klanın və hərbi-sənaye kompleksinin mənafeyinə söykənib və qeyri-legitimdir.
Ona görə də əsəb müharibəsi davam edir. Ta o vaxta kimi də yəqin sürəcək ki, iki ölkənin birində hakimiyyət dəyişikliyi olacaq. Ona qədər tək istək bu ki, soyuq savaş qaynar fazaya keçməsin…