Səməd Seyidovun AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılması xəbəri bomba effekti verdi. Bazar günü onsuz da xəbər korluğu çəkən ölkənin media orqanları rəsmən nə təsdiq, nə təkzib edilən bu məlumatdan gen-bol yararlandılar.
Bu məlumata şəxsən münasibətini öyrənmək üçün gün ərzində çox çalışdım, nəticəsi olmadı. Xatırladım ki, sonuncu dəfə cənab Seyidovla telefon söhbətimiz 5-6 il əvvəl olub. Onda xəbər yayılmışdı ki, AŞPA-da Səməd müəllimin kürkünü oğurlayıblar.
Bu dəfə də iddia var ki, AŞPA-dakı Qarabağ müzakirələrinə cəmi bir həftə qalmış Səməd Seyidov Strasburqa məktub yazıb. Amma o məktubda torpaqlarımızın işğalı “yaddan çıxıb”, üstəlik, Ermənistanın hərbi təcavüzünün AŞPA tərəfindən qınanmasına çağırış əksini tapmayıb. Hətta deyilir ki, səsvermədə erməni nümayəndə heyəti məruzənin əsassızlığını sübut etmək üçün Seyidovun məktubundan istifadə edib.
Göründüyü kimi, çox ağır ittihamdır, bu məlumatı cavabsız qoymaq isə heç bir məntiqə sığmır. Bəs cənab Seyidov özü istənilən mətbuat orqanına telefon açıb bu məsələyə aydınlıq gətirə bilməzdimi? Bilərdi, amma etmədi. Çünki belə ənənə yoxdur. Baş verən hadisəyə adətən, çevik münasibət görə bilmirik məmləkətimizdə.
Elə bir çox hallarda uduzmağımıza da məhz gecikmiş reaksiyalarımız səbəb olur. Necə ki, AŞPA-da bizim üçün mühüm əhəmiyyət kəsb edən sənədin qəbulu üçün cəmi 4 səs çatmadı və yalnız ondan sonra danışmağa başladıq, di gəl, gec idi.
Bu məsələdə də mətbuatın köməyinə parlamentin mediaya ən açıq deputatlarından biri Fazil Mustafa çatdı, “Səməd Seyidov xəstədir, ayağı ağrıyır” dedi. Allah kömək olsun! Ancaq bir məsələ var ki, söhbət çox ciddi məsələdən gedirsə, ağrıyan insanları dərhal əvəzləmək lazımdır. Lap savaşdakı kimi.
Diplomatik meydanda da ermənilərlə savaşırıq. Hər sənədin önəmi var. Fakt budur ki, AŞPA-da uğursuzluqla üzləşmişik. Düzdür, Sərsəng su anbarı ilə bağlı qəbul olunan sənəddə də Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktı əksini tapır. Ancaq birinci sənəd uğrunda daha ciddi savaş gedirdi. Ermənistan hətta Robert Volteri məruzə hazırlamaq üçün ölkəyə də buraxmamışdı.
Nümayəndə heyətinə sədr əvəzi təyin olunmuş Vüsal Hüseynov Harvardın məzunu olsa da, onun Seyidov qədər təcrübəsi, əlaqələri ola bilməzdi. Bu mənada sessiyada yalnız Rəfael Hüseynovun çıxış etmək imkanı qazanması da təkcə ermənipərəstlərin mövqeyinin məntiqi nəticəsi deyildi. Bu, həm də nümayəndə heyətinin faktiki olaraq başsız qalması ilə bağlı idi.
İndi çox söz demək olar. Bəli, AŞPA-da ermənipərəstlər var. Minsk qrupunun həmsədrlərinin Strasburqa “Qarabağ bizimdir, sizin işiniz olmasın” xəbərdarlığı da bizim əleyhimizə işlədi. Şahid olduq ki, həmsədrlər Qarabağı bizə qaytarmaq üçün yox, daha çox özününküləşdirmək uğrunda çalışır və hətta AŞPA-ya da güzəştə getmirlər. Bunu Seyidov ranqlı şəxslər çoxdan bilməli, ona görə də sessiya üçün a, b, v…planını hazırlamalı idi…
AŞPA-da baş verənlərlə bağlı Türkiyənin 4 deputatını asıb-kəsənlər, hətta “xəyanət etdilər” deyənlər oldu. Ancaq heç kim “bəlkə o deputatlardan da kiminsə ayağı burxulub, dizi sıyrılıb” demədi. Özümüzə tez bəraət qazandırırıq.
Qənirə xanım Paşayeva deyib Slovakiya deputatları AŞPA-da Ermənistanın yanında olub. Yadıma xarici işlər naziri Elmar Məmmədyarovun Slovakiya səfəri düşdü. Keçən ilin yanvarında Slovakiya parlamenti sədrinin müavini Yan Figel ilə görüşdən sonra deyilmişdi ki, bu səfərlər ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verir. “Töhfə” bu imiş?!
Qoy, cənab Məmmədyarov da izahat versin. Desin görək, niyə bir sıra dövlətlər Azərbaycan torpaqlarının işğalını təsdiq etməyib? BMT Baş Assambleyasında ABŞ, Rusiya və Fransa ərazi bütövlüyümüzə bitərəf qalanda dedik bunlar həmsədrdir, bitərəf qalırlar, bəs, Slovakiya? Hanı XİN-in ortaya qoyduğu iş? Bəlkə Məmmədyarov da yorulub, desin, işimizi bilək…
Yeri gəlmişkən, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da deyir ki, XİN-lə bağlı “ən ciddi addımlar atılmalıdır”. Bunu sıradan biri yox, Qarabağın təsliminə etiraz olaraq nazir postundan istefa verən şəxs bildirir.
Son vaxtlar XİN daha çox “qiyamçı diplomatlar” mövzusu ilə gündəmdə olubsa, nazirdən Qarabağı soruşmaq bəlkə də yersizdir. Təbii, Qarabağ cəbhəsində irəli getmək üçün ən azı, addım atmaq lazımdır. Bu yandan da xarici işlər naziri ola biləcək şəxslər sırasında adı çəkilən Səməd müəllimin ayağı ağrıyır…