Parisdəki son qan donduran terror aktları sözsüz ki, ən əvvəl müsəlmanlara, İslama zərbədir, nəinki avropalılara. Bunun altını da həmişəki kimi, öncə Avropadakı günahsız, dinc müsəlmanlar çəkəcək. Çünki özünü “cihadçı” elan edən terrorçuların əməllərinə görə inamsızlıq kölgəsi istər-istəməz “din qardaşları” kimi onların da üzərinə düşəcək.
Amma dəfələrlə deyildiyi kimi, terrorçunun dini-imanı yoxdur. Ən azı ona görə ki, heç bir din, o cümlədən İslam, peyğəmbərlər günahsız insanların, uşaqların və qadınların hər hansı məqsəd uğrunda öldürülməsinə, özü də kütləvi şəkildə öldürülməsinə heç vaxt haqq verməyib.
Peyğəmbər əfəndimizdən (ə) hədis var, buyurub ki, “Savaş zamanı qadınlara və uşaqlara, tarlada işləyənlərə, hətta ağaclara xətər yetirilməsin”. Belə olan təqdirdə Parisdəki kimi bəşəriyyət əleyhinə rəzil, vandalist əməllərin səmavi kitablara necə dəxli ola bilər? Müqəddəs Qurani-Kərimdə konkret ayə var ki, “Bir günahsız insanı öldürmək bəşəriyyəti öldürməyə bərabərdir”.
Nə edəsən ki, bu gözəl kitabı, səmavi konstitusiyanı hələ də öz bildiyi kimi təfsir və şərh edib insanlıq əleyhinə cinayətlərinə, yaramazlıqlarına davam edən alçaqlar, onlardan da qorxulu olan “islam ideoloqları” var.
Amma onlar çox da deyilər. 1.2 milyardlıq müsəlman toplumun üst-üstə heç 1 faizini təşkil eləmirlər. Gəl ki, məkrli dairələrin sayəsində – onların arasında arxası Qərbə bağlı olan da var – yaxşı təşkilatlanıb, silahlanıblar və güclü maliyyəyə malikdirlər.
Bu maliyyə hesabına da əksərən kasıb, sosial ədalətin pozulduğu müsəlman ölkələrdəki gəncləri, romantika axtaran və Qurandan bixəbər yeniyetmələri öz çirkin planlarına, öz mənfur ideologiyalarına cəlb edə bilirlər. Problemin kökü ilk növbədə burdadır.
Həmin kök kislota ilə yandırılmayınca, nə “dini zəmində” terror aradan qalxacaq, nə də İŞİD yox olacaq. Yoxsa ki, köhnə qitədə, Avropada məscidləri bağlamaq çıxış yolu deyil, olmayıb, ola bilməz. Ona qalsa, İŞİD-çilərin özləri də vaxtaşırı məscidləri nəinki qapadır, hətta partladır və dinc müsəlmanları qətliama məruz qoyurlar. Ötən ay Ankarada terror nəticəsində öldürülən onlarla müsəlman kimi.
Yəni heç bir halda “islam terroru” anlayışı qəbul oluna, məntiqli sayıla bilməz. Bu, olsa-olsa, bütövlükdə İslam dünyasına qarşı Qərbdəki bəzi dairələrin yeni “səlib yürüşü” aparması üçün düşünülən bəhanə qismində görünür. Beynəlxalq terrorun meydan sulamasının başqa bir nədəni də zatən, buradan qaynaqlanır – nəyin bahasına olur olsun müsəlman Şərqi üzərində xristian aləminin hegemonluğunu qoruyub saxlamaq.
Bu xüsusda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın öncəliklə Qərbə, xristian dünyasına yaxınlarda etdiyi bir çağırışı yeri var ki, yada salaq. Ərdoğan BMT Təhlükəsizlik Şurasında islahatların qaçılmaz olduğunu bildirmiş və vurğulamışdı ki, dünya daha əvvəlki deyil və onun taleyi cəmi 5 daimi üzv-dövlətdən (ABŞ, Rusiya, Çin, Fransa, İngiltərə) asılı qala bilməz – hansı 5 dövlət ki, onların arasında 1.2 milyardlıq müsəlman dünyasından bircə dövlət də yoxdur. O zaman qlobal terrorla necə effektli mübarizə aparmaq, dünyada sahman yaratmaq olar görəsən?
Elə ona görə də olmur. Nədən ki, “dinçi-terrorçular” qlobal siyasi düzəndəki bu boşluqdan da məharətlə yararlanır. Çünki 5 qeyri-müsəlman dövlət onlara qarşı hətta ən ədalətli qətnamə də qəbul eləsə, bunu islam dünyasına qarşı diskriminasiya sənədi kimi təqdim edib özlərini müsəlmanların gözündə “haqq tərəfdarı” kimi göstərə bilirlər. Problemin bir kökü də burda gizlənib.
Amma BMT TŞ-də daimi üzvlərin sayı 5 yox, tutaq ki, müsəlman Türkiyə və Pakistan, Almaniya, Yaponiya, Hindistan kimi qüdrətli dövlətlərin hesabına 10-a çatsa, üstəlik, veto hüququ da götürülsə, o zaman qat-qat ədalətli, ən başlıcası isə kağız üzərində qalmayan qətnamələr ortaya çıxar.
Dünya bundan nəinki dağılar, tam əksinə, onun hüzuru artar. Zira, o halda Dağlıq Qarabağ kimi etnik-ərazi münaqişələri də qısa zamanda həllini tapar, İŞİD kimi antibəşəri qruplaşmaların sonu da daha tez gələr.