Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinski toy korteji yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq hərəkəti “əsl cəhənnəmə” çevirən azərbaycanlı bəyi danlayıb.
Virtualaz.org saytı xəbər verir ki, Şıxlinski bu barədə yerli saytlara açıqlamasında bildirib.
“Bu gün səhər mən bəyi və onun atasını çağırdım. Bəyin 24 yaşı var. O, xırda bizneslə məşğul olur, ərzaq məhsulları satır. Atasının 60 yaşı var, keçmiş tarix müəllimidir, hörmətli adamdır. Onlar elədikləri hərəkətə görə peşmançılıq keçirirlər.
Atası mənim yanımda utandığından başını da qaldıra bilmədi, oğlunun elədiyi hərəkətə görə utanır. Bəy də üzr istədi, peşman olduğunu dedi. Bildirdi ki, bütün bunları onun kortejdə gedən dostları fikirləşib, özü isə gəlin maşınında olub.
Biz onlara izah etdik ki, bu cür boş-boş işlərlə bir daha məşğul olmasınlar və bizi biabır etməsinlər”- deyə diaspor lideri bildirib.
Şıxlinski deyib ki, azərbaycanlı icması arasında bu cür toy mərasimlərinin təşkilinə qadağa qoyulub və son iki ildə həmin qadağaya əməl edilirdi.
Xatırladaq ki, azərbaycanlıların toy karvanının Yekaterinburqun mərkəzi küçələrində avtoxuliqanlıq etdiyinə dair videokadrlar hərəkət iştirakçılarından birinin avtomobilindəki videoregistratorla qeydə alınıb və sosial şəbəkələrdə yayılaraq geniş rezonans doğurub.