Prezidentin sonuncu müşavirəsindən sonra nəqliyyat naziri Ziya Məmmədov da tabeçiliyindəkiləri yığıb məşhur filmdəkisayağı “siz çox pis işləyirsiniz” deyib. Onu da etiraf edib ki, yollar keyfiyyətsiz çəkilib, gərək bundan sonra başqa cür işləyək, daha nələr. Maraqlıdır, bu sektordakı nöqsanları görmək üçün mütləq dövlət başçısının müdaxiləsi olmaydı..?
Cənab Məmmədov uzunömürlü nazirlərdən sayılır. Özü də məncə, öz sahəsini pis bilmir. Ən azı Qırmızı Əmək Bayrağı Ordenli Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun məzunu olan, əmək fəaliyyətinə maşinist köməkçisi kimi başlayan nazir bu kürsüyə zəhməti hesabına, kifayət qədər təcrübə toplayaraq gəlib çıxa bilib. Ancaq 1996-cı ildən Azərbaycan Dövlət Dəmir Yolunun rəisi, 2002-ci ildən bu günədək isə nəqliyyat naziri işləyən hörmətli Ziya Məmmədov doğrudanmı nəqliyyat sektorunda nələr baş verdiyindən xəbərsiz olub? Necə olub ki, illərlə “nəqliyyat qoçuları” haqda mətbuatın yazdıqlarından bixəbər qalıb? Gərək elə ölkə rəhbəri nəqliyyat sektorunda “insanların qarşısında əsassız tələblər qoyulur” deyəndən sonra nazir hərəkətə keçəydi?
Ötən illərdə büdcədən yol infrastruktuna iri məbləğdə pullar ayrılıb. Hanı nəticəsi? Bəli, normal yollar da var, ancaq mütəxəssislər hesab edir ki, ayrılan böyük vəsaitlər hesabına bundan qat-qat artıq və keyfiyyətli yollar çəkmək, vətəndaşları zülümdən qurtarmaq olardı.
Ancaq Bakıdan ölkənin istənilən istiqamətinə üz tutursan, bir neçə km gedəndən sonra artıq rahatlığa son qoyulur, ya da çəkilən yolları dağılmış görürsən.
Bakı-Quba-Rusiya avtomobil yolu 30 illiyinə çəkilmişdi, ancaq çəkiləndən bir-iki ay sonra təmirə ehtiyac oldu. Rəsmi məlumatlara görə, layihəyə 545 milyon 287 min 800 manat xərclənib. Nəhəng məbləğdir! Yaxud 1 km-milyonlara başa gələn Zığ – Hava Limanı beton avtomobil yolu çəkildikdən az sonra dağıldı, təmirə bağlandı. Siyahını böyütmək də olar.
2008-ci ildə Bakıda nəqliyyatı intellektual idarəetmə sistemi istismara verilib. Amma bu günə qədər bu sahədə kifayət qədər problemlər yaşanır. Hələ o vaxt 100 milyon xərcləndiyini deyirdilər. Nəqliyyat Nazirliyi keyfiyyətsiz, şəhərin mənzərəsini korlayan dayanacaqlara da az pul xərcləmədi. Paytaxta dəfələrlə avtobuslar gətirildi. Sonradan məlum oldu ki, onlar “kitayski”ymiş. Budur, artıq nazir oğlunun himayəsində olduğu deyilən “Transqeyt” şirkətinin avtobusları da xətlərdən çıxarıldı. Səbəb bəlli. Avtoqəza xəbərləri artıq adiləşmişdi. Günün birində baş verənlərin cavabı verilməliydi, verildi də. Özü də ən yüksək səviyyədə…
Məgər şəhərin sərnişin nəqliyyatını normal hala gətirmək çoxmu çətin idi? Bu illər ərzində Ziya Məmmədov kondinsionerli avtobusları gətirib xəttə buraxa, camaatın zülm-zillətinə son qoya bilməzdimi? Əgər “BakuBus” bunu qısa müddətdə bacardısa, əlbəttə, Nəqliyyat Nazirliyi də bacarardı. O gün “BakuBus”un avtobusundan istifadə etdim, əsl can rahatlığıdır. Ölkəyə neft pullarının sel kimi axdığı dövrdə nazir niyə sərnişinləri bu rahatlıqdan məhrum edib, anlamaq olmur?
Budur, qısa müddətli çalışmalardan sonra Bakı-Sumqayıt sərnişin qatarı fəaliyyətə başladı. Bir neçə il əvvəl sadəcə xəyal idi…Sərnişin tutumu 919 nəfər olan qatara göz oxşayır. Üstəlik, xilas qatarıdır. Bakı-Sumqayıt yolunun Xırdalan ərazisində həmişə məşəqqətlər yaşanırdı. Ancaq bu qatarın köməyi ilə 40 dəqiqəyə mənzilbaşına çatmaq mümkün olacaq. Alqışlara layiq hadisədir.
Prezidentin iştirak etdiyi açılış mərasimində təqdimatı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun etməsi isə bir məsələ ilə bağlı qənaəti möhkəmləndirdi: “Artıq nazirin qatarı gedib”. Məntiqlə burada nəqliyyat naziri iştirak etməliydi.
Ancaq cənab Məmmədov Bakı-Sumqayıt qatarına dövlət başçısı ilə birgə yox, sənin, mənim kimi televizordan baxdı. Və nazirin ilk sərnişini ola bilmədiyi qatar fəaliyyətə başladı. İşlər yerində olmayanda, xalqın halına yanmayanda, rəhbərin tapşırıqlarına biganə olub camaatı hakimiyyətdən narazı salanda axırı belə olur. Yəni adam gedən qatarın ardınca baxmalı olur, kənardan “o qatarın dalınca baxma” deyənlər də tapılır. Nazir, ya sıravi vətəndaş, fərqi yoxdur…Hər halda ölkə rəhbəri ASAN-laşma ilə bağlı növbəti anons edib, yəqin ki, ÇƏTİN nazirlərə orda yer olmayacaq. Qatarı demirəm, yeni hökumətin tərkibində…