Xalq artisti Faiq Ağayev repertuarında yer alan və karyerasında ona uğur gətirən “Sən gəlməz oldun” mahnısının tarixçəsindən söz açıb.
Medianews.az olay-a istinadən bildirir ki, bu haqda sənətçi qona qolduğu “Danışır musiqi” verilişində danışıb.
Ağayev bildirib ki, sözügedən nəğmə ilk olaraq onun ifasında “YouTube” video platformasına yerləşdirilib:
“36 il idi ki, “Sən gəlməz oldun” mahnısını heç kim oxumurdu. Bu illər isə bir mahnının unudulması üçün münbit zaman idi. Biz sözügedən nəğməni yenidən aranjiman etdik. 2001-ci ildə ustadımız Yaşar Nuri bu əsərlə bağlı fikirlərini çox gözəl şəkildə ifadə etmişdir. O söylədi ki, radionu açıram “Sən gəlməz oldun”, televizoru açıram “Sən gəlməz oldun”, soyuducunun yanına qorxaraq yaxınlaşıram ki, onu da açaram oradan həmin mahnının sədası gələr. Mənim Azərbaycan musiqisi qarşısında bəlkə də ən böyük xidmətlərimdən birisi odur ki, bədnam qonşularımızın bu mahnını mənimsəməsinin qarşısını aldım. Çünki ilk olaraq təqribən 2008-ci illər idi ki, “YouTube” videohostinqi yarandı. Sözügedən mahnını mənim ifamda “YouTube”a yerləşdirdik, ondan sonra ermənilən nə qədər özlərini “Bu mahnı bizimdir” deyə həlak etsələr də, onlarda heç nə alınmadı. O zaman mən müraciət etdim, müəlliflər agentliyinə və onlardan öyrəndim ki, “Sən gəlməz oldun” əsəri 1956-ci ildə qeydiyyatdan keçib. 1961-ci ildə isə Xalq artisti Zeynəb Xanlarova bu mahnını AzTV-də çəkilişlərin birində ifa edib. İndi hazırda kimsə xarici ölkələrə istirahətə gedəndə hotellərin lobbilərində həmin mahnının instrumental versiyası səslənir. Hara gedirəmsə və oteldə öyrənəndə ki, mən kiməm deyirlər ki, sizin mahnınız səslənir. Bax, bu ləzzətdən böyük ləzzət yoxdur. Bu mahnı hər zaman yaşardı. Nəğmə abidəyə oxşasa da, bürünc abidə deyil canlıdır”.
Qeyd edək ki, “Sən gəlməz oldun” nəğməsinin musiqisi Ələkbər Tağıyevə sözləri isə Mədinə Gülgünə məxsusdur.