Zibilxanaların yanından keçərkən hamımız burnumuzu tutur, üfunət iyini hiss etməmək üçün oradan sürətlə ötürük. Lakin elə insanlar da var ki, gününün 9-10 saatını zibilqablarını eşələməklə keçirir. Çünki çörək pulunu məhz zibillərdən çıxarır. Elə həmsöhbətim Rövşən Hüseynov kimi.
Rövşənin 50 yaşı var, dediyinə görə, 3-4 ildir ki, Sumqayıtda zibilxanalardan yığdığı əşyaların hesabına dolanır. O, hər gün belə məkanlara baş çəkir, pula gedən nə varsa toplayır və onları təhvil verərək çörəkpulu qazanır:
“Sumqayıtda “dejurni” adlanan yerdə yaşayıram. Mən hər gün zibilxanaları gəzirəm. Plasmas, “hell”, şampun qabı, “karniz”, miss, alüminium… nə oldu yığıram. Miss, alüminium yaxşı pula gedir. Amma hər deyəndə onları tapmaq olmur”.
Rövşən deyir ki, əvvəllər sürücülük edib. Hətta iddia edir ki, yanğın söndürmə ilə məşğul olub və bölmə komandiri imiş. Lakin sonradan 8- 9 ay maaş ala bilmədiyi üçün oradan uzaqlaşıb və şəxsi işini qurub. Təəssüf ki, bu işdə də bəxti gətirməyib:
“Rayonlara maşın yağı aparıb satırdım. Bununla bağlı iş qurmuşdum. Lakin sonradan dollar qalxdı, qoyduğum pul batdı, ziyana düşdüm, işim alınmadı. Sonralar da iş tapa bilmədim. Hara getdimsə, dedilər yaşın 36-nı keçib. Yaşım 36-nı keçibsə, deməli, mən ölməliyəm? Mən nə qədər ondan-bundan pul, siqaret istəyim?”
Həmsöhbətimiz bildirir ki, Qarabağ veteranıdır. O, Birinci Qarabağ müharibəsində iştirak edib və iki dəfə yaralanıb:
“1993-cü ildə müharibəyə qatıldım, 1997-ci ildə qayıtdım. Tərtər, Füzuli, Ağdam və Ağdərədə döyüşmüşəm. 80 manat veteran pulu alıram. Bununla gəl arvad-uşaq saxla”.
Rövşən ailəlidir. Deyir ki, 14 yaşında oğlu var. Lakin maddi vəziyyətinə görə, o, ailəsi ilə birlikdə yaşamır. Övladına qayınanası baxır:
“Çoxlu əşya yığa bildiyim gün pulum da çox olur. Yığa bilməyəndə isə pulsuz qalıram. Həmin gün zibilxanadan qida götürüb yeyirəm. Marketlər gətirib bura tökürlər. Biz də onları götürüb yeyirik. Marketlər məhsulları əzib bura tökürlər. Onu bura tökməkdənsə ucuz versinlər, kasıb da alıb dolansın da”.
Həmsöhbətimiz işsizliyə görə sosial müavinət də almır. Gəlir yeri aldığı 80 manat veteran pulu və bu zibilxanalardır:
“Evim yoxdur. Yataqxanada kirayədə qalıram. Zibilxanada işləməklə ev almaq olar? Əvvəllər valideynlərimlə birlikdə qalmışam. Ailəm məndən utanır. Ona görə də birlikdə yaşamırıq. Mən tək qalıram. Mənim kimi bu işlə məşğul olan çoxdur. Sumqayıtın demək olar ki, yarısı zibil yığır. Gündüzlər qadınlar, gecələr isə kişilər zibilxanaları eşələyir. Çünki kişilər gündüzlər zibil yığmağa utanır, gecələr isə heç kim görmür.
Bunun hər dəqiqəsi çətindir də. Camaat zibilxananın yanından keçəndə burnunu tutur. Amma mən içində oturub rahat işləyirəm.
İşimi qurtarandan sonra gedib 3-4 dəfə yuyunub, çiməcəyəm. Daha sonra isə spirtlənəcəyəm. Bu gün gecədən səhər saat 9-a qədər işləyəcəm. Düşünürəm ki, bugünkü gəlirim 6-7 manat olacaq. Ona da 2 qutu siqaret, bir çörək, bir manatlıq da sosiska-yumurta alacağam”.
Sonda Rövşənin əlaqə nömrəsini soruşuram, cavabı isə belə olur:
“Telefonum olsaydı, əməlli-başlı kişi olardım. Heç televizorum da yoxdur. Nə televizor, heç radiom var ki?”
Bu yerdə Mirzə Ələkbər Sabirin bu beyti yada düşür:
Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır.