“İlk növbədə mən bütün Azərbaycan ictimaiyyətini, xalqını “Bilik günü”, ümumxalq bayramımız münasibəti ilə təbrik edirəm. Həqiqətən də “Bilik günü”, yeni dərs ilinin başlandığı gün bizim xalqımız və millətimiz üçün ən önəmli bayram günlərindən biridir. Bu gün demək olar ki, Azərbaycanın hər bir ailəsində qeyd olunur. Ona görə də fürsətdən istifadə edərək mən Azərbaycan təhsil ictimaiyyətini ürəkdən təbrik edirəm. Onlara daha böyük uğurlar arzu edirəm. Arzu edirəm ki, bütün mənfi cəhətlər, bütün nöqsanlar, çatışmazlıqlar ötən illərdə qalsın və gələn ilimiz daha uğurlu olsun”.
Bunu Medianews.az-a açıqlamasında AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov deyib.
O, ilk dəfə məktəbəqədər tərbiyə müəssisələrinə qədəm qoyan balaca fidanları, onların valideynlərini, məktəbə gedən şagirdləri, ali məktəbə qəbul olan, orada təhsil alan, həmçinin dünyanın müxtəlif ölkələrinə nüfuzlu ali məktəblərində təhsil almağa gedən gəncləri, müəllimləri təbrik edib, möhkəm cansağlığı arzulayıb.
Professor daha sonra təhsillə bağlı arzularından və bu sahədə çatışmazlıqlardan danışıb: “Arzularımdan biri budur ki, bütün Azərbaycan xalqı, təhsil ictimaiyyəti gələn illərdə əmin-amanlıqda yaşasınlar. Artıq biz ərazi bütövlüyümüzü bərpa etmişik, rahat yaşaya bilərik. Allah bizə imkan versin ki, bundan sonrakı həyatımız daha uğurlu, xeyirli olsun. Arzu edirəm ki, müəllimlərimizin əməkhaqqı getdikcə daha da artsın. Müəllim nüfuzu ölkəmizdə artsın, yüksəlsin. Bu istiqamətdə çox iş görməliyik. Əlbəttə, daha çox məsuliyyət müəllimlərin öz üzərinə düşür. Müəllimlərə müraciət edirəm, xahiş edirəm diqqətli olun, hər hərəkətinizi ölçüb-biçin, tədris etdiyiniz fənnin yüksək bilicisi kimi özünüzü cəmiyyətdə təsdiq edin. Səbirli və hövsələli olun. Yerişinizlə, duruşunuzla, hərəkətinizlə, geyiminizlə qoy sizdən hamı nümunə götürsün, sizə arxalansın”.
M.Mərdanov vurğulayıb ki, Azərbaycanın təhsil sisteminin ən ciddi problemlərindən biri müəllim və təhsilin nüfuzudur, müəllim nüfuzunun dirçəlməsidir: “Biz çalışmalıyıq müəllimin, məktəbin, təhsilin nüfuzunu qaldıraq. O da ilk növbədə bizim hər birimizdən, Azərbaycan cəmiyyətindən və dövlətindən asılıdır. Ən çox da mənə elə gəlir ki, müəllimin özündən asılıdır. Müəllimin özü düşünməlidir ki, mən nə etməliyəm ki, nüfuzum cəmiyyətdə daha yüksək olsun?! Hər kəsin işi dara düşəndə müəllimin yanına getməlidir, müəllimdən fikir öyrənməlidir. Mən düşünürəm ki, bəlkə də bu ili biz “müəllim nüfuzunun artırılması ili” elan edək. İlimiz uğurlu olsun”.
Əli ƏSGƏR